Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsi anılıb
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günüdür
Noyabrın 24-ü Azərbaycanın Milli Qəhrəmanı, şəhid Çingiz Qurbanovun doğum günüdür.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu münasibətlə Qusarda keçirilən anım mərasimində Müdafiə Nazirliyinin əməkdaşları, rayon rəsmiləri, Milli Qəhrəmanın ailə üzvləri, hərbiçilər, ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Şəhidlər xiyabanında Milli Qəhrəmanın məzarını ziyarət ediblər.
Əməkdar incəsənət xadimi, Prezident təqaüdçüsü Abdulla Qurbani çıxışında bildirib ki, ölkəmizdə Vətən uğrunda şəhid olan hər bir hərbi qulluqçunun adı əziz tutulur, onların xatirəsi əbədiləşdirilir, ailəsi isə dövlət səviyyəsində diqqət və qayğı ilə əhatə olunur. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev bu məsələyə xüsusi önəm verir.
Milli Qəhrəmanın qısa, lakin şərəfli ömür yoluna nəzər salan natiq qeyd edib ki, Çingiz Qurbanov 1994-cü il noyabrın 24-də Qusarın Həzrə kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra təhsilini Azərbaycan Texniki Universitetində davam etdirib. 2016-cı ildə həmin universitetin məzunu olan Çingiz Qurbanov iyul ayında həqiqi hərbi xidmətə yollanıb. 2016-cı il dekabrın 29-da Ermənistan silahlı qüvvələrinin kəşfiyyat qrupunun təxribat-pozuculuq fəaliyyətinin qarşısını alarkən baş vermiş döyüşdə şəhid olub. Şəhidin cəsədi 2017-ci il fevralın 5-də qarşı tərəfdən alınıb. Bakıda təntənəli vida mərasimi keçirildikdən sonra Ç.Qurbanov fevralın 6-da doğulduğu Qusar rayonunda dəfn edilib.
2017-ci il fevralın 7-də Prezident İlham Əliyev Azərbaycanın ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və döyüş tapşırığını yerinə yetirərkən göstərdiyi igidliyə görə əsgər Çingiz Qurbanova ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adının verilməsi barədə Sərəncam imzalayıb. Onun adı Qusar şəhərində bir küçəyə və Həzrə kəndində vaxtilə təhsil aldığı tam orta məktəbə verilib. Ç.Qurbanovun adını daşıyan küçədə barelyefi qoyulub.
Abdulla Qurbani bildirib ki, Milli Qəhrəman Çingiz Qurbanovun 25 illiyi münasibətilə Bakıda, Qusarda və Tovuzda silsilə tədbirlər təşkil olunacaq. Bu münasibətlə Bakı Bələdiyyə Teatrında xüsusi tamaşa təqdim olunacaq.
Çingiz Qurbanovun atası Salman Qurbanov qusarlıların işğal altındakı torpaqlarımızı azad etmək üçün Ali Baş Komandanın əmrinə hər an hazır olduqlarını bildirib. Diqqətə çatdırıb ki, Çingiz kimi Vətən oğulları müstəqil dövlətimizin və dövlətçiliyimizin keşiyində hər zaman ayıq-sayıq dayanıblar.
"Burada duran əsgərlərin hər biri Çingizdir. Mən onlara baxanda oğlumu görürəm. İnşallah bu əsgərlər Qarabağda qələbə bayrağını sancacaqlar”, -deyə, Salman Qurbanov söyləyib.
Sonra tədbir iştirakçıları Ç.Qurbanovun adını daşıyan küçədə qoyulan barelyefin önünə tər güllər düzüb, şəhidlərimizin xatirəsini ehtiramla anıblar.