Masallının Əmirtürbə kəndində şəhid Səfərəli Alışovun adı əbədiləşdirilib


Masallı rayonunun Əmirtürbə kəndində "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi” və "Hərbi əməkdaşlıq sahəsindəki xidmətlərə görə” medalı ilə təltif edilmiş şəhid Səfərəli Alışovun 40 mərasimində onun doğulduğu kənddə adına verilmiş küçənin açılışı olub.

Bu münasibətlə keçirilən tədbirdə Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-leytenant Azad Ələkbərov, rayonun hüquq-mühafizə orqanları rəhbərləri, ziyalılar, ağsaqqallar, DSX-nin Sərhəd Qoşunlarının əsgər və zabitləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mərasimdə çıxış edən Masallı Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov və general-leytenant Azad Ələkbərov şəhid Səfərəli Alışovun şərəfli ömür yolundan danışıblar.

Çıxışlarda qeyd olunub ki, Səfərəli Abışov düşmənlə təmas xəttinə yaxın ərazilərdəki mövqelərimizdə ekskavatorçu kimi yolların salınması ilə məşğul olub. Əməyini sevib, hamının hörmətini qazanıb. İşlədiyi müddətdə dəfələrlə düşmən atəşinə tutulub, amma, düşmən hiyləsindən, düşmən gülləsindən qorxmayıb.

Oktyabrın 2-də Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətində, iş başında olan Səfərəli Alışov düşmən tərəfindən vurulub, ağır güllə yarası alıb. Buna əhəmiyyət verməyən Səfərəli işini cəsarətlə davam etdirməyə səy edib. Hadisə yerində dərhal mümkün tibbi yardım göstərilib yaralının təcili təxliyəsi təmin olunsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

İndi onun haqqında hamı danışır. O, təkcə doğulduğu, boy atdığı torpağın, Masallının yox, bütün Azərbaycanın igid oğludur.

Çıxış edənlər Səfərəlinin kəndini "Əmirtürbə postu” adlandırıblar.

Anım mərasimi əsaslı təmirdən sonra istifadəyə verilmiş Əmirtürbə kənd məktəbində davam etdirilib.

Sonra tədbir iştirakçıları şəhidin doğulduğu evə baş çəkib, uyuduğu məzarı ziyarət ediblər.

Şəhidin uyuduğu Əmirtürbə kənd qəbiristanlığında da böyük izdiham yaşanıb. Onun məzarı gül-çiçəyə bürünüb, önünə əklillər düzülüb, ruhuna dualar oxunub, ehsan verilib.

Əmirtürbəli məktəblilər Vətəni, ölkəmizi vəsf edən şeirlər söyləyiblər.

Çıxış edənlər şəhidin ailəsinə dərin hüznlə başsağlığı verərək bildiriblər ki, torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın qisası yerdə qalmayacaq. Tezliklə Azərbaycanın üçrəngli Bayrağı Şuşada, Qarabağda, işğal altında olan digər ərazilərimizdə dalğalanacaq.

Qeyd edək ki, Azərbaycan-Ermənistan dövlət sərhədində təmas xəttində yerləşən Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Qazax” əlahiddə sərhəd diviziyasının sərhəd döyüş mövqelərinə qarşı düşmən tərəfinin təxribatı nəticəsində 1958-ci il təvəllüdlü Səfərəli Alışov bu ilin oktyabr ayının 3-də anadan olduğu Masallı rayonunun Əmirtürbə kəndində torpağa tapşırılıb.

Səfərəli Alışovun torpağa tapşırılmasından 40 gün keçir. Onun xatirəsi ehtiramla yad edilir. O, boy atdığı kəndini, onun əsrarəngiz gözəlliyinin vurğunu idi. Həyatı çox sevirdi. Hamı kimi arzusu vardı. Ən böyük arzusu Qarabağımızı azad olunmasını görmək idi. Onun bu arzusunun gerçəkliyini övladları, nəvələri, görəcək...