Ağdamda şəhid Rəhman Əliyevin xatirəsi anılıb
Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Rəhman Əliyevin xatirəsi anılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Rəhman Əliyevin ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, şəhidin qardaşı Bəhmən Əliyev və döyüş yoldaşları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Əliyev Rəhman Zakir oğlu 1970-ci il yanvarın 15-də Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra 1988-1990-cı illərdə keçmiş sovet ordusunda xidmət edib. Ermənistanın respublikamıza qarşı təcavüzü başlayanda Rəhman Əliyev də silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdam-Əsgəran istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Fərrux yüksəkliyi uğrunda gedən döyüşlərdə yaralansa da, sağalandan sonra yenidən döyüşlərə qatılıb. 1992-ci il noyabrın 1-də Vətən uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
Mərasim iştirakçıları sonra şəhid Rəhman Əliyev haqqında hazırlanmış video-slaydı izləyib, məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.