AzTU-da Aprel döyüşləri şəhidi Əbdülməcid Axundovun doğum günü qeyd olunub
Azərbaycan Texniki Universitetində (AzTU) Aprel döyüşlərində qəhrəmancasına həlak olan Əbdülməcid Axundovun doğum günü qeyd edilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, tədbir iştirakçıları AzTU-nun həyətində şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə gül dəstələri qoyublar.
Mərasimdə Azərbaycan Respublikasının Dövlət himni səsləndirilib və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AzTU-nun rektoru, professor Vilayət Vəliyev tədbirdə iştirak edən şəhid valideynlərinə müraciətlə deyib: "Siz elə bir övlad böyütmüsünüz ki, bütün Vətən onlarla fəxr edir”.
Rektor Azərbaycanın müstəqilliyi uğrunda mübarizədə şəhid olan qəhrəmanlar arasında universitetin 10 Milli Qəhrəmanı olduğunu, bütünlükdə AzTU-nun 50-dək tələbəsinin döyüşlərdə şəhidlik zirvəsinə ucaldığını qeyd edib. AzTU-da vətənpərvərlik hissinin çox yüksək olduğunu vurğulayan Vilayət Vəliyev tələbələri şəhidlərimizin adına layiq olmağa, təhsildə yüksək nailiyyətlər əldə etməyə çağırıb.
AzTU-nun prorektoru, professor İsa Xəlilov çıxışında Vətən uğrunda şəhid olan məzunların xatirəsinin anılması və vətənpərvərliklə bağlı hər il universitetdə silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Əbdülməcid Axundovun anası Ceyran xanım oğlu ilə bağlı xatirələrini bölüşərək deyib: "Oğlumun Vətən uğrunda Şəhid olması nə qədər üzücü olsa da, qürurvericidir”. Şəhid anası anım tədbirinə görə AzTU-nun rəhbərliyinə təşəkkürünü bildirib.
Tədbirdə Gənc Mühəndislər İctimai Birliyinin İdarə Heyətinin sədri Elvin Cəfərli Elektrotexnika və energetika fakültəsinin təhsildə fərqlənən, ictimai-fəal tələbəsi Şəlalə Bağırovaya Əbdülməcid Axundovun xatirəsinə təsis edilən plaket və mükafatı təqdim edib. Şəhidin əziz xatirəsinə hörmət olaraq təsis edilən bu mükafat hər il ənənəvi olaraq Ə.Axundovun doğum günü ərəfəsində, bir vaxtlar onun oxuduğu ixtisasda təhsil alan ən savadlı tələbəyə verilir.
Tədbirdə ssenari müəllifləri - Elşən Zeynallı və Xəqani Həşimovun Əbdülməcid Axundova həsr olunmuş "Mən səninləyəm, ana Vətən” filmi nümayiş olunub. Şəhid valideynləri universitetdə yaradılmış Milli Qəhrəmanlar və Şəhidlər Muzeyini ziyarət ediblər.
Xatırladaq ki, hərb tariximizin şanlı səhifələrindən olan Aprel döyüşlərində qəhrəmancasına həlak olan şəhidlərimizdən dördü Azərbaycan Texniki Universitetinin məzunudur. Şəhidlərdən ikisi - Əbdülməcid Axundov və Elvin Mirzəyev Elektrotexnika və energetika, Müşfiq Orucov Avtomatika və kompüter texnikası, Mahir Quliyev isə Radiotexnika və rabitə fakültəsinin məzunudur.