Aprel şəhidi Əbdülməcid Axundovun xatirəsi anılıb
Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzində aprel şəhidi Əbdülməcid Axundovun anım mərasimi keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, tədbirdə Milli Məclisin deputatları, ictimaiyyətin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Əvvəlcə ümummilli lider Heydər Əliyevin və Vətənimizin müstəqilliyi, ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.
Milli Məclisin deputatı Tahir Mirkişili çıxış edərək Aprel döyüşləri zamanı ordumuzun göstərdiyi qəhrəmanlıq, əldə etdiyi uğurlar, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda həyata keçirilən islahatlar barədə fikirlərini bildirərək şəhid ailələrinin, müharibə veteranlarının daim diqqət mərkəzində olduğunu xüsusi vurğulayıb.
Sonra şəhidin anası Ceyran Axundova çıxış edərək oğlu ilə bağlı xatirələrini bölüşərək şəhid ailələrinə göstərilən sevgi və diqqətə görə hər kəsə təşəkkürünü bildirib.
Anım mərasimində şəhidin şəxsi əşyaları, fotoları, xalça və rəsm əsəri, haqqında yazılan kitab sərgilənib, eləcə də Nigar İsmayılqızının hazırladığı "Ölsəm… Yaşat” sənədli filmi nümayiş olunub.
Tədbir Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin konserti ilə başa çatıb.