İkinci Dünya müharibəsi zamanı Ukraynada döyüşən azərbaycanlılar haqqında kitab yazılır
Azərbaycanın qəhrəman övladlarının, o cümlədən İkinci Dünya müharibəsində şücaət göstərmiş həmvətənlərimizin tanıdılması üçün yeni kitabların yazılmasına ehtiyac var.
AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycanın Ukraynadakı səfiri Azər Xudiyev soydaşımız, Ukraynanın tanınmış yazıçısı Qriqori Hüseynovla görüşündə söyləyib. Onun sözlərinə görə, təkcə Ukrayna cəbhəsində döyüşən çoxsaylı azərbaycanlılar var ki, onları yerli ictimaiyyətə tanıtmaq lazımdır. Səfirliyin belə təşəbbüslərə dəstək verməyə hazır olduğunu vurğulayan A.Xudiyev qeyd edib ki, bu istiqamətdə yeni tədqiqat işləri aparılmalıdır.
Qriqori Hüseynov Gəncədən olan atasının İkinci Dünya müharibəsində Ukrayna uğrunda döyüşdüyünü xatırladıb. Yazıçı atasının və digər azərbaycanlıların qəhrəmanlığı haqqında yeni kitab üzərində işlədiyini bildirib.