Ağdamda şəhid Qəzənfər Hüseynovun xatirəsi anılıb


Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Qəzənfər Hüseynovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Qəzənfər Hüseynovun ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərasim iştirakçıları sonra şəhid Qəzənfər Hüseynov haqqında hazırlanmış videoçarxı izləyiblər.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, Qarabağ müharibəsi veteranı Qədir Ələkbərov, şəhidin bacısı Nəzakət Hüseynova və başqaları çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Hüseynov Qəzənfər Vəliş oğlu 1966-cı il mayın 1-də Ağdam rayonunun Kosalar kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra keçmiş sovet ordusunda xidmət edib. Hərbi xidmətdən qayıtdıqdan sonra Ağdam dəzgahqayırma zavodunda işləyib. Ermənistanın respublikamıza qarşı təcavüzü başlayanda Qəzənfər Hüseynov da da silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxıb. Bir çox döyüşlərdə iştirak edib. 1992-ci il sentyabrın 13-də Çıldıran kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Göytəpə kənd qəbirstanlığında dəfn edilib.

Tədbirdə məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.