Şəhid məzarlarına keşik çəkir çiçəklər...
Sevincli anlarda əziz, doğma insanlara bağışladığımız, eləcə də bizə bağışlanan çiçəklər ən zərif duyğuların, ən xoş arzuların ifadəsidir. Lakin gül-çiçək təkcə şad günlərdə deyil, qəmli, hüznlü vaxtlarda da gərək olur, üzüntülərimizdən, kədərimizdən "danışır”. 1990-cı ilin Qara Yanvarında qırmızı qərənfillərin yaratdığı gül "dəniz”ini xatırlayaq...
O gündən bəri Azərbaycanın müstəqilliyi, torpaqlarımızın azadlığı uğrunda canını qurban verən vətən övladlarını son mənzilədək gül çələngləri müşayiət edir. Çiçəklər onların məzarlarına sanki örtük çəkir.
O vaxtdan "şəhid gülü” adını alan qərənfil öz yerində, heç digər çiçəklərimiz də vətən fədailərinə elə bil "borclu” qalmaq istəmir. Məsələn, Goranboy rayonunun Sarov kəndində dəfn olunmuş Azərbaycanın Milli Qəhrəmanı Ənvər Fərəcovun məzarı yay-qış, sözün əsl mənasında, gül-çiçək içərisindədir.
Ənvər polis mayoru idi. 1990-cı ilin yayında yaşadığı, əhalisinin böyük hörmətini qazandığı Türkmənistanın Bezmein şəhərindən köçüb vətəninin harayına gəlmişdi. Bir müddət Gəncə Dəmir Yolu İdarəsinin mühafizə sistemində çalışdıqdan sonra onu Goranboy Rayon Polis Şöbəsinin Todan bölməsinə pasport-masa rəisi təyin etmişdilər. Bu isə cəbhənin ən qaynar xəttində, gündəlik hadisələrin mərkəzində, birbaşa döyüş meydanında olmaq demək idi. Hər gün ölümlə üz-üzə dayanan Ənvər Fərəcov 1991-ci ilin avqust ayında döyüş meydanında qəhrəmanlıqla həlak oldu.
Ənvər qızılgüllərin vurğunu imiş. Ömür-gün yoldaşı Emma xanım deyir ki, buna görə də məzarının ətrafına qızılgül əkdik. Pöhrələr tez bir zamanda boy atdı, güllər pardaqlanıb ətrafı bürüdü. İndi bura bir çəmənzara dönüb.
Goranboy rayonunun mərkəzində qəhrəmanın büstü də qoyulub. Həyat yoldaşı deyir ki, hər dəfə Bakıdan gedəndə büstün ətrafında qərənfillərin, digər çiçəklərin düzüldüyünü görürük: "Əvvəllər bu məni təəccübləndirirdi, düşündürürdü. Çünki Ənvərin bacı-qardaşı da çox yaxında deyil... Sonra bu çiçəkləri görməyə adət etdim. Onlar təsəllimə çevrildi. Fikirləşirəm ki, insanların buraya aramsız olaraq gətirdiyi çiçəklər Ənvərin solmayan xatirəsidir...”
Tovuz rayonunun sərhədyanı Ağdam kəndinin 22 yaşında şəhid olan sakini, Azərbaycanın Milli Qəhrəmanı Naiq Yusifov isə nərgizləri çox sevərmiş. Baharda Genquzey, Dolmatlı dağlarından, Qaraqayadan, Əyri dərədən evə topa-topa nərgiz yığıb gətirərmiş.
Anası Xədicə xanım çox təsirli bir hadisəni nağıl edir. Deyir, yaz vaxtı idi, balamı ziyarətə getmişdim. Gördüm ki, bir qadın başını heykələ söykəyib göz yaşları axıdır. Soruşdum ki, ay bacı, bağışla, mən səni tanımadım axı... Nə eşitsəm yaxşıdır? "Mən bu igidin anasıyam” - dedi. Yerimdəcə donub qaldım. O isə mənim kim olduğumu biləndə əlavə etdi: "Elə bilirsən o, tək sənin oğlundur? Azərbaycanın bütün şəhidləri mənim balalarımdır. Əlim çatıb, ünüm yetənlərin hamısını çiçəklərlə anıram”.
Başımı aşağı əyəndə gördüm ki, abidənin kənarlarına bizim dağların ətəklərindən dərilmiş qom-qom nərgiz, bənövşə düzülüb.
Bəzən təbiət özü də şəhidlərin xatirəsinə gül çələngi bəxş edir. Deyirlər, Gədəbəydə, Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun son səngərində hər yazağzı bir tənha lalə boy qaldırır. İllər keçir, amma o bağrı odlu lalə öz "ənənə”sindən dönmür...
Məzahir 1992-ci ilin avqust ayında Gədəbəyin Şınıx mahalı adlanan ərazisinin kəndləri üçün düşmənin ciddi təhlükə yaratdığı bir vaxtda şəhid olub. Son nəfəsinədək qəhrəmanlıqla vuruşan Məzahirin komandirlik etdiyi kiçik qoşun dəstəsi Mutu-Dərə kəndinə hücumun qarşısını məharətlə alıb.
Tənha lalə də məhz burada bitir. O bağrı qara lalə bəlkə Məzahirin tez-tez qatara minib bu yerlərin "görüş”ünə gələn anasının, bəlkə əhdinə vəfa qılan ömür-gün yoldaşının, bəlkə üzünü tək bircə dəfə gördüyü qız balasının xəyalıdır?!
Bəlkə bu da təbiətin bir möcüzəsidir? 2017-ci ilin iyun ayında cəbhənin Ağdam rayonu istiqamətində düşmən təxribatının qarşısını alarkən şəhid olmuş Azər Əhmədov laləlikdə şəkil çəkdirməyi çox sevərmiş. Doğulduğu Ağcabədi rayonunun Şahsevən kəndindəki məzarının ətrafını indi lalələr bürüyüb. Yaşlı sakinlərin sözlərinə görə, əvvəl buralar belə olmayıb. Lalələr şəhidimiz torpağa tapşırılandan sonra bitib və həm də yalnız bu qəbiristanlığın daxilində...
Şəhid qəbirlərinin üstünə düzülən güllər, heykəllərinin ətəyinə səpələnən çiçəklər adi gül-çiçək deyil. Bunlar elin sevgisi, xalqın ehtiramının rəmzidir. İncə və kövrək duyğuların, minnətdarlıq dolu hisslərin daimi daşıyıcısıdır bu təzə-tər güllər. Təbiət isə şəhidlərin uyuduğu məkanda bitirdiyi güllərlə sanki demək istəyir: "Sizin xatirəniz əbədidir. Bu torpaq və onun üstündə bitən çiçəklər kimi!..”
Flora SADIQLI,
"Azərbaycan”