Zakir Həsənov: Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Silahlı Qüvvələrində əsaslı islahatlar aparılır
Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir
İyunun 18-də Azərbaycanın Müdafiə naziri, general-polkovnik Zakir Həsənov mətbuat nümayəndələri ilə görüşüb və onları maraqlandıran sualları cavablandırıb.
AZƏRTAC xəbər verir ki, nazir görüşün Azərbaycan Ordusunun ildönümü ərəfəsində keçirildiyini və ənənə halını aldığını deyib.
Zakir Həsənov qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə orduda həyata keçirilən islahatlar uğurla davam edir. 2013-cü ildən başlayaraq isə Azərbaycan Silahlı Qüvvələrində Prezident İlham Əliyevin rəhbərliyi ilə əsaslı islahatlar həyata keçirilir. Ordumuz bütün əsas istiqamətlərdə inkişaf edir və bununla bağlı sübutlar var. Bunu beynəlxalq qurumlar da yüksək qiymətləndirir. Bizim üçün əsas odur ki, xalqımız, Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev buna yüksək qiymət verir. İslahatların əsas istiqamətləri ordunun yeni müasir silah, texnika, avadanlıqla təmin etmək, infrastrukturu yeniləmək, döyüş qabiliyyətini artırmaq, sosial bazanı gücləndirməkdir.
Ötən illər ərzində Azərbaycan Ordusuna müasir silahların alındığını və bununla bağlı ictimaiyyətin daim məlumatlandırıldığını vurğulayan nazir deyib: "2018-ci ildə Silahlı Qüvvələrin 100 illiyi ilə əlaqədar keçirilən möhtəşəm paradda nümayiş olunan silah və texnikanın 90 faizi yeni və müasir idi. Təbii ki, paradda bütün silahlar nümayiş olunmadı.
Ali Baş Komandanın tələbi ilə həyata keçirilən islahatlar nəticəsində bizim hərbi şəhərciklər müasir səviyyədə qurulub. Bu gün Azərbaycan Ordusunun hərbi şəhərciklərinin 85 faizi yenidən qurulub, tikilib. 2018-ci ildə beş yeni böyük, müasir hərbi şəhərcik istifadəyə verilib. Bu il isə 9 hərbi şəhərciyin istifadəyə verilməsi nəzərdə tutulur. Yaxın günlərdə 3 böyük hərbi şəhərciyin açılışı olacaq. Siz görəcəksiniz ki, Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunda nə qədər böyük işlər həyata keçirilib”.
Ordunun döyüş qabiliyyətinin artırılması istiqamətində də genişmiqyaslı işlərin görüldüyünü deyən Z.Həsənov bildirib: "Bilirsiniz ki, döyüş hazırlığının əsas hissəsi şəxsi heyətin, hissə və birləşmələrin səhra bacarığının artırılmasıdır. Biz tez-tez irimiqyaslı təlimlər keçiririk, müasir təlim mərkəzləri qurmuşuq. Təlimlər döyüş vəziyyətinə maksimum yaxın şəraitdə, gecə və gündüz, ilin bütün fəsillərində keçirilir. Biz gündən-günə daha böyük hissə və birləşmələri bu təlimlərə cəlb edirik.
Bir neçə il əvvəl Azərbaycan Ordusu işğal altındakı ərazilərimizdə yerləşən düşmən ordusunun birləşmələrinə böyük zərbə vurdu. 2016-cı ildəki əməliyyatların əsas nəticəsi o oldu ki, Azərbaycan Ordusunun kiçik bir hissəsi 3-4 gün ərzində Ermənistan ordusunu darmadağın etdi. Nəticədə ermənilər məcbur olub atəşkəs üçün müraciət etdilər”.
Müdafiə nazirinin sözlərinə görə, Ordumuzda islahatların əsas istiqamətləri yekunlaşır. Azərbaycan ordusunu yeni silahlarla tam şəkildə təmin edib. 2019-cu ildə əsas istiqamətlərdən biri ordunun idarə olunmasının təkmilləşdirilməsidir. Burada əsas vəzifə bütün hissə və birləşmələrin fasiləsiz, məxfi, operativ şəkildə idarə olunmasıdır. İndi bütün dünyada bu məsələyə çox ciddi fikir verilir. Ən müasir texnika bu işlərə cəlb edilir, müasir komanda-idarəetmə sistemi qurulur. Biz artıq hərbi hissələrimizi onlayn qaydada idarə edirik. Biz tabora qədər onlayn idarəetmə tətbiqinə nail olmuşuq. Ali Baş Komandan bu məsələlərə çox ciddi fikir verir və biz tezliklə bu məsələni də həll edəcəyik. Azərbaycan Ordusu aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə edərək bu məsələnin böyük dərəcədə təmin edib. Kibertəhlükəsizlik və radioelektron mübarizə sahəsi də daim diqqətdə saxlanılır. Aparıcı dövlətlərin təcrübəsindən və texnikalarından istifadə olunaraq bu məsələ də həllini tapıb.
Nazir xüsusi qeyd edib ki, Azərbaycan Ordusunun döyüş qabiliyyətinin, hazırlığının, təcrübəsinin artırılmasında Türkiyə Silahlı Qüvvələrinin rolu böyükdür. Türkiyə Silahlı Qüvvələri dünyanın aparıcı ordularından biridir. Qardaş ölkənin ordusu yüksək döyüş qabiliyyətinə malikdir. Biz Türkiyə ordusunun təcrübəsindən bəhrələnirik və 2013-cü ildən başlayaraq birgə təlimlərə başlamışıq. Hər il bu təlimlərin sayını artırırıq. Əgər 2018-ci ildə planda 7 təlim var idisə, 2019-cu ildə bu təlimlərin sayını 13-ə çatdırmışıq. Təlimlər bütün qoşun növlərini əhatə edir. Hər iki ölkənin mütəxəssisləri birgə təlimlər keçir, qərargahların fəaliyyəti uzlaşır, komandirlər birgə qarşılıqlı əlaqədə müasir döyüşün təşkilini öyrənir. Gələcək fəaliyyətimizdə bunlardan istifadə edəcəyik.
General-polkovnik Zakir Həsənov qeyd edib ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) texnika parkının yenilənməsi istiqamətində də işlər aparılır. HHQ-nin təyyarə və helikopterləri modernləşdirilib, uzaq mənzilə və yüksək dəqiqliyə malik silahlarla təchiz olunub. Azərbaycan Ordusu helikopter parkını da tam yeniləyib. Bizim istifadəmizdə ən müasir Mi-35M, Mi-24, Mi-17 helikopterləri mövcuddur. Bu helikopterlər dünyanın aparıcı dövlətləri tərəfindən təkmilləşdirilib və yeni silahlarla təchiz olunub. Onlar indi uzaq məsafədən hədəfi dəqiqliklə vura bilir.
Ermənistanın Rusiya ilə Su-30SM təyyarələrinin alınmasına dair imzaladığı müqaviləyə münasibət bildirən Zakir Həsənov qeyd edib ki, ekspertlər bu təyyarələri müsbət qiymətləndirmirlər. Bu təyyarələr bizim müharibə teatrımıza uyğun deyil.
Müdafiə naziri qeyd edib ki, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin gücləndirilməsi istiqamətində işlər gedir, danışıqlar aparılır, texniki məsələlər həll olunur. Bu istiqamətdə bir neçə layihə var. Bu yaxınlarda layihələrə başlanması ilə bağlı məlumat veriləcək. Biz Xəzər dənizinin Azərbaycana aid hissəsinə gecə-gündüz, fasiləsiz tam nəzarət edirik. Xəzər dənizində dost ölkələrlə sərhədik və heç bir təhlükə görmürük.
Nazir gəncləri sosial şəbəkələrdə diqqətli olmağa, təxribatlara uymamağa çağıraraq deyib: "Vətən, millət, dövlətçilik məsələlərində bütün şəxsi mövqelər kənarda durmalıdır. Biz hamımız bir olmalıyıq. Bəzən sosial şəbəkələrdə Azərbaycan adı altında əsassız məlumatlar paylaşılır. Ermənilərin məqsədi dövlətçiliyimizə və ordumuza qarşı saxta məlumatlar yaymaqdır. Sosial şəbəkələrdə belə məlumatları yayanların 90 faizi ermənilər, digərləri isə öz şəxsi mövqelərindən çıxış edən cılız insanlardır. Vətən, millət, dövlət məsələsində bütün maraqlar kənara qoyulmalıdır. Biz hamımız bir olmalıyıq”.
Ermənistanın müdafiə naziri David Tonoyanın hərbi qulluqçumuz, əsgər Elşən Xəlilovun vurulmasına şəxsən əmr verməsi ilə bağlı dediyi fikrə münasibət bildirən Zakir Həsənov vurğulayıb: "Deyə bilərəm ki, Ermənistanın müdafiə naziri David Tonoyan yalan danışır. O özünü reklam edir. Son hadisələr zamanı biz ermənilərə layiqli cavab vermişik. Bir müddət sonra onlar öz itkilərini bir-bir üzə çıxaracaqlar. Xalqımız Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusundan qələbələr gözləyir. 2016-cı ildə üç gün ərzində Azərbaycan Ordusunun kiçik bir hissəsi bütün Ermənistan ordusunu darmadağın etdi. Azərbaycan Ordusu bu qələbəni hər dəqiqə nümayiş etdirməyə hazırdır”.
Mayın 30-da səhər saatlarında cəbhənin Ağdam rayonu istiqamətində düşmən tərəfindən açılan snayper atəşindən Azərbaycan Ordusunun hərbi qulluqçusu, mayor Omarov Aqil Akif oğlunun şəhid olmasına münasibət bildirən nazir qeyd edib: "Hər bir şəhidimiz bizim üçün əzizdir. Əsgər, zabit, nazir daxil olmaqla biz hamımız Vətən, millət naminə cəbhədə öz həyatımızı təhlükə qarşısında qoyuruq və bununla qürur duyuruq. Bu günlərdə Azərbaycanın hərbi qulluqçusu, mayor şəhid oldu. Bəziləri deyir ki, mayor orada nə edib?! Şəhid mayor orada mənim əmrimi yerinə yetirirdi. Ərazidə döyüş hazırlığı ilə məşğul olurdu. Ön xətdə olan şəxsi heyətimiz gecə-gündüz döyüş hazırlığı ilə məşğuldur. Onlar taktiki, atəş, ideoloji hazırlıq, istehkam hazırlığı ilə məşğul olurlar. Həmin vaxt tabor komandiri orada döyüş hazırlığı ilə məşğul olub”.
Azərbaycan sərhədçilərinin Ermənistanla dövlət sərhədində vəzifələrinin öhdəsindən bacarıqla gəldiklərini vurğulayan nazir bildirib: "Ötən əsrin 90-cı illərindən Ermənistanla sərhədi Azərbaycan Ordusu mühafizə edirdi. Azərbaycanın Sərhəd Qoşunları inkişaf edir, yeni silahlarla təchiz edilir, döyüş hazırlığı ilə məşğul olur. Ali Baş Komandan Ermənistanla sərhədin kiçik bir hissəsinin mühafizəsinin Sərhəd Qoşunlarına təhvil verilməsi barədə göstəriş verdi ki, gələcəkdə bu sahə sərhədçilərə həvalə olunsun. Bu gün sərhədçilər öz işlərinin öhdəsindən bacarıqla gəlirlər. Gələcəkdə Ermənistanla dövlət sərhədinin digər hissələrinin də mühafizəsinin Sərhəd Qoşunlarına verilməsi barədə Ali Baş Komandanın qərarı olarsa, bu, ordumuzun ehtiyatını daha da artırar. Ermənilər də bunu başa düşürlər”.
Azərbaycan Ordusunun şəxsi heyətinin 80 faizinin peşəkar hərbçilərdən ibarət olduğunu vurğulayan nazir deyib: "Bu gün Orduda döyüş qabiliyyətini müəyyən edən vəzifələrdə peşəkar hərbçilər xidmət edirlər. Tankların, zirehli döyüş maşınlarının, artilleriya vasitələrinin, gəmilərin, hava hücumundan müdafiə texnikalarının heyətləri, sürücülər orduda müqavilə əsasında xidmət edirlər. Artıq onlar öz sahələrində kifayət qədər peşəkardırlar. Müddətli hərbi xidmət keçən əsgərlər isə yalnız atıcı vəzifələrində xidmət edirlər”.
Müdafiə naziri xüsusi vurğulayıb ki, Azərbaycan Ordusu qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir. Keçirilən təlimlər də məhz buna hesablanıb.