Şəmkirdə şəhid Ələmdar Ələkbərovun büstü açılıb


Şəmkir rayonunun Abbaslı kəndində şəhid Ələmdar Ələkbərovun adını daşıyan məktəbin həyətində igid döyüşçünün büstünün açılışı olub.

Mərasimdə Şəmkir Rayon İcra Hakimiyyətinin rəhbərliyi, şəhidin qohumları, yaxınları və kənd sakinləri iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, əvvəlcə mərasim iştirakçıları şəhid Ələmdar Ələkbərovun büstünün önünə gül dəstələri düzərək, hörmət və ehtiramlarını bildiriblər.

Tədbirdə çıxış edənlər Prezident İlham Əliyev tərəfindən şəhid ailələrinə göstərilən hörmət və ehtiramdan danışıblar.

Bildirilib ki, bu gün Azərbaycan xalqı müstəqil və suveren bir dövlətdə yaşayırsa, bu, şəhidlərimizin göstərdikləri qəhrəmanlıqlar sayəsindədir. Ona görə də hər bir azərbaycanlı şəhidlərin adını daim uca tutmalı, onların ailə üzvlərinə, doğmalarına hörmətlə yanaşmalıdır. Bu, hər bir insanın vətəndaşlıq borcu olmalıdır.

Çıxışlarda işğal altında olan torpaqlarımızın Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə azad ediləcəyi və şəhidlərimizin qisasının alınacağı günün elə də uzaqda olmadığı vurğulanıb.

Şəhid ailələrinin üzvləri Vətən uğrunda canlarını qurban vermiş qəhrəman oğullarının xatirəsinə göstərilən diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.