İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Mərkəzində Cümhuriyyətin 101 illiyi münasibətilə təntənəli tədbir keçirildi
Nəzakət Məmmədova: "Cümhuriyyət cəmi 23 ay yaşasa da, xalqımıza azadlığı, hürriyyəti, müstəqil yaşamağı bəxş edə bildi”
101 yaşın mübarək, azadlığın carçısı, müstəqilliyimizin ilk sorağı – Azərbaycan Xalq Cümhuriyyəti! Üçrəngli bayrağının işığından, əzəmətindən güc alıb XX əsrin 90-cı illərində sənin yarımçıq ömrünü bütövləşdirib müstəqil Azərbaycan dövləti qurduq. Bu gün sənin 101 yaşını böyük qürur, fəxr və sevgi hissləri ilə qeyd edirik. Səni qurub yaradan, yoxdan var edən, bayrağını bayraqlar içində mövcud edən şəxsiyyətlərin, o böyük insanların xatirəsini, ruhunu tükənməz ehtiramla, sevgi ilə anırıq.
Mayın 27-də İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Mərkəzində (18 saylı Bakı Peşə Liseyi) Azərbaycan Xalq Cümhuriyyətinin 101 illiyi münasibətilə təntənəli tədbir keçirildi. 28 May - Respublika Gününə həsr edilən tədbirdə liseyin rəhbərliyi, müəllim və tələbə heyəti, o cümlədən də Teleradio Yayım Şurasının üzvü, yazıçı-publisist, tədqiqatçı Bəxtiyar Qaraca, Respublika "Xatirə kitabı” Redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədova, tanınmış jurnalist-yazıçı Zemfira Məhərrəmli, "Ulduz” jurnalının şöbə müdiri, tanınmış şairə Fərqanə Mehdiyeva, telejurnalist, rejissor Kəmalə Mirzəyeva da iştirak edirdilər.
28 May - Respublika Günü münasibətilə keçirilən tədbir Azərbaycanın dövlət himninin ifası ilə başladı. Hər tərəf üçrəngli bayrağımızın işığına bələnmişdi, bayrağımız necə möhtəşəmdir, necə əzəmətlidir!
Gənc nəslin vətənpərvərlik tərbiyəsinin formalaşmasında, dövlətçilik hisslərinin daha da inkişaf etdirilməsində böyük əhəmiyyətə malik olan tədbiri Mərkəzin direktoru Fatma Çandirova açaraq qonaqları və tədbir iştirakçılarını salamladı. F.Çandirova çıxışında Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi qısa, lakin şərəfli yoldan danışdı, bu dövləti quran Məhəmməd Əmin Rəsulzadənin, Fətəli Xan Xoyskinin, Əlimərdan bəy Topçubaşovun və digər görkəmli dövlət xadimlərimizin verdiyi mücadilələrdən söhbət açdı. O bildirdi ki, müstəqil Azərbaycan dövlətinin təməli 1918-ci ildə Cümhuriyyətin yaradılması ilə qoyulub. Bu gün dövlətçilik ənənələrimizin layiqincə davam etdirildiyini vurğulayan F.Çandirovanın sözlərinə görə, hər bir Azərbaycan vətəndaşı dövlətçiliyimizin qədrini bilməli və onu göz bəbəyi kimi qorumalıdır.
Teleradio Yayım Şurasının üzvü, yazıçı-publisist, tədqiqatçı, "İstiqlal düşüncəli Cümhuriyyətə aparan yollar” kitabının müəlliflərindən biri (digər müəllif Akif Aşırlıdır) Bəxtiyar Qaraca çıxışında Azərbaycan istiqlalının qazanılmasında böyük mücadilələr verən, olmazın çətinliklərlə üzləşən Cümhuriyyət qurucularının fəaliyyətindən danışdı. O vurğuladı ki, cəmi 23 ay ömür sürən Xalq Cümhuriyyətinin qurulması böyük çətinliklər hesabına həyata keçirilib. "İstiqlala gələn yollar asan olmayıb, bu olduqca çətin bir yol olub” - deyə bildirən B.Qaraca vurğuladı ki, bu gün istiqlalımızın müəlliflərinin məzarları Azərbaycandan kənardadır. M.Ə.Rəsulzadənin, Ə.Topçubaşovun, F.X.Xoyskinin, N.Yusifbəylinin, C.Hacıbəylinin və digərilərinin Azərbaycanın istiqlalı üçün böyük mücadilələr verdiyini deyən B.Qaracanın sözlərinə görə, onlar Azərbaycanın müstəqilliyini çox çətin şəraitdə elan ediblər. "Biz o şəxsiyyətlərin bir çoxunun məzarlarının harada yerləşdiyini bilirdik. Təkcə Cümhuriyyətin ilk hərbi naziri Xosrov bəy Sultanovun məzarından xəbərsiz idik. O, 1943-cü ildə vəfat edib və Türkiyənin Feriköy qəbiristanlığında uyuyur” - deyə bildirən B.Qaraca qeyd etdi ki, biz öz torpaqlarımızın yağı düşməndən azad edilməsinə nail olmalıyıq.
Respublika "Xatirə kitabı” Redaksiyasının baş redaktoru, tanınmış şairə Nəzakət Məmmədova da çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin keçdiyi şərəfli yoldan danışdı. N.Məmmədova qeyd etdi ki, bu gün böyük qürur yerimiz olan Cümhuriyyət böyük çətinliklər hesabına qurulmuşdu və qısa yaşasa da xalqımıza azadlığı, hürriyyəti daddıra bildi. "Azərbaycan Xalq Cümhuriyyəti olduqca çətin və mürəkkəb bir şəraitdə qurulmuşdu. Cümhuriyyət cəmi 23 ay yaşasa da, xalqımıza azadlığı, hürriyyəti, müstəqil yaşamağı bəxş edə bildi. Rəhbərlik etdiyim Respublika "Xatirə kitabı” Redaksiyası Azərbaycanın müstəqilliyi uğrunda şəhid olan vətən övladlarının xatirəsinin əbədiləşdirilməsi istiqamətində çox böyük işlər görür. Biz dövlətimizin suverenliyi, ərazi bütövlüyü uğrunda şəhid olan insanlarımızı unutmuruq.
Bugünkü tədbirə bizim uşaqlarımız, gənclərimiz gəlib, hamının əlində müstəqilliyimizin əbədi dayağı üçrəngli bayrağımız dalğalanır. Bu bayraq bizə Cümhuriyyəti quran böyük şəxsiyyətlərimizin əmanətidir. Bayrağımız həmişə uca olsun!” - deyə N.Məmmədova bildirdi.
N.Məmmədova çıxışının sonunda "Gözlədilər” adlı şeirini oxudu.
Liseyin tarix müəllimi Kamran Qədirov çıxış edərək Xalq Cümhuriyyəti və onun qurucuları barədə danışdı.
Liseyin 171-ci qrup tələbəsi Elvin Məmmədov çox böyük şövq və sevgi ilə "İstiqlal bəyannaməsi”ni söylədi.
Liseyin digər tələbələri - Gülarə və Könül "İki dövlət, bir millət” mahnısını ifa etdilər.
M.Ə.Rəsulzadənin tarixdə böyük iz qoyan tarixi müraciəti də öz səsində qonaqlara təqdim edildi. Lentin yaddaşından qopan bu səs bizi bir daha qürurlandırdı və müstəqil dövlətimizi göz bəbəyimiz kimi qorumağa səslədi.
Tədbirdə, həmçinin, "Səməni”, "Odlar yurdu” "Yallı” rəqsləri, "Yaşa Azərbaycan”, "Cümhuriyyət nəğməsi” ifa olundu. Liseyin tələbələri Respublika "Xatirə kitabı” Redaksiyasının baş redaktoru, tanınmış şairə N.Məmmədovanın şeirlərindən ibarət kompozisiya təqdim etdilər.
Bununla yanaşı, tədbirdə liseyin idmançı tələbələrinin nümunəvi çıxışları oldu. Onlara medal və hədiyyələr verildi.
Bayraqları bayraq yapan üstündəki qandır,
Torpaq uğrunda ölən varsa, vətəndir!
Bu torpağın uğrunda canından keçib onu vətənə çevirən ulu babalarımızın, bizə üçrəngli bayrağı miras qoyan, dövlət müstəqilliyimizin təməlini yaradan böyük şəxsiyyətləri unutmuruq.
İradə SARIYEVA