Amersfoort qardaşlıq məzarında dəfn olunan azərbaycanlıların xatirəsi anılıb
Avropa Azərbaycanlıları Konqresinin (AAK) və Benelüks Azərbaycanlılar Konqresinin (BAK) təşkilatçılığı ilə Niderlandın Amersfoort şəhərindəki qardaşlıq məzarında dəfn olunan azərbaycanlıların xatirəsi anılıb.
AZƏRTAC xəbər verir ki, Amersfoort qardaşlıq məzarında İkinci Dünya müharibəsində həlak olmuş 22 azərbaycanlı dəfn edilib.
Diaspora üzvlərimiz həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad edib və qəbirləri üzərinə çiçəklər düzüblər. Tədbirdə ölkəmizin Haaqadakı səfirliyinin müvəqqəti işlər vəkili Cəlal Mirzəyev və Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Fuad İsmayılzadə iştirak ediblər.
Qeyd edək ki, mayın 9-da mıllı qəhrəman Medonun qızı Nancy Doomen-Məmmədova ailə üzvləri ilə birlikdə, Oistervijk şəhərinin meri Hans Janssen və AAK-ın prezidenti Sahil Qasımov Bakıda Qələbə günü ilə bağlı keçiriləcək tədbirlərə qoşulacaqlar. Onlar Niderlandın azərbaycanlı milli qəhrəmanı Məmməd Məmmədovun anadan olduğu Zaqatalanın Muğanlı kəndinə səfər edəcək və qəhrəmanın ev muzeyinin açılışında iştirak edəcəklər.