Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var


Azərbaycan xalqı faşizm üzərindəki tarixi Qələbəyə böyük töhfə verib. Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var.

AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 2-də Respublika Veteranlar Təşkilatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Mayıl Şahverdiyevin İkinci Dünya müharibəsi veteranlarının bir qrupu ilə görüşündə səsləndirilib.

Əvvəlcə Böyük Vətən müharibəsində və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, dövlət orqanları veteranlarla daim görüşlər keçirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də veteranlara daim diqqət və qayğı göstərir. Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin xüsusi əhəmiyyəti var.

C.Xəlilov Böyük Vətən müharibəsində azərbaycanlıların qəhrəmanlıqlarından danışıb. Bildirib ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Mayıl Şahverdiyev Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsini qeyd edib. O, bu müharibədə yüz minlərlə azərbaycanlının canından keçdiyini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdığını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini xüsusi vurğulayıb.

Alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edən Mayıl Şahverdiyev onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb.

General-mayor Mayıl Şahverdiyev Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim edib.

Sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələri təqdim olunub.

Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edib, Azərbaycan dövlətinin veteranlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.