“Yurd dediyim bu torpaq” – Xocalı...


F.Köçərli adına Respublika Uşaq Kitabxanasında Xocalı soyqırımına həsr edilmiş "Yurd dediyim bu torpaq” adlı tədbir keçirilib.

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, əvvəlcə qonaqlar Xocalı şəhidləri və vətənin azadlığı uğrunda canlarından keçən digər qəhrəman oğul və qızlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Tədbirdə, Respublika "Xatirə Kitabı” redaksiyasının baş redaktoru, Nəzakət Məmmədova, "Yada düşdü” jurnalının əməkdaşı, şair, publisist Zülfüqar Şahsevənli və "Ulduz” jurnalının şöbə redaktoru Fəqranə Mehdiyeva da iştirak edib.

Kitabxananın direktoru Şəhla Qəmbərova deyib ki, Xocalı soyqırımı XX əsrin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərindən, ən qəddar terror aktlarından biridir. Bildirib ki, 1992-ci ilin 26 fevral tarixində Xocalıda baş vermiş qırğın erməni millətçi-şovinistlərinin və onların havadarlarının Azərbaycan xalqına qarşı apardıqları işğalçılıq, etnik təmizləmə və soyqırımı siyasətinin davamı idi. Bu hadisələrin təfsilatından bəhs edən diplomat deyib ki, 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamenti 26 fevralı Xocalı Soyqırımı Günü kimi elan edib. Xocalı soyqırımının dünya ictimaiyyətinə çatdırılması istiqamətində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə "Xocalıya ədalət!” kampaniyası hazırda 80-dən artıq ölkədə uğurla davam etdirilməkdədir.

Tədbirdə, Nizami rayon 272 nömrəli orta məktəbin şagirdləri tərəfindən şair, publisist Nəzakət Məmmədovanın Xocalı soyqırımına həsr etdiyi "Şəhid zirvəsi” poemasından bədii kompozisiya təqdim olunub.