Erməni girovluğundan xilas olmuş soydaşlarımızın bildiklərinin hamısı sonadək açıqlansa...
Nəzakət Məmmədova: "2017-ci ildə nəşr edilən "Erməni əsirliyində işgəncə və qətl antologiyası”nda erməni əsirliyində olan insanların ürək qanadan əsirlik həyatı əks olunub”
"Deyə bilmərik ki, bu hadisələr ictimailəşməyib”
"... bunu dilə gətirmək həm etik cəhətdən çətindir, həm də mənəvi baxımdan ağrılıdır”
Yaxın tariximizin elə səhifələri var ki, onun hər bir vərəqini ehtiyatla açmalıyıq. Bəzən ehtiyatsızlıq ucbatından o səhifənin əzabkeş qəhrəmanlarının ruhuna, heysiyyatına toxuna bilərik. Bunlar erməni əsirliyində min bir məşəqqətlə üzləşmiş, insanlığa yaraşmayan işgəncələrə məruz qalmış insanlardır.
Dağlıq Qarabağ münaqişəsi nəticəsində ermənilər tərəfindən əsir və girov götürülən vətəndaşlarımız əsirlikdə olduqları müddətdə erməni vandalizminin hər üzünü görüblər. Bu gün də əsirlikdə olan azərbaycanlılara qarşı erməni vəhşiliyi davam edir.
Heç şübhəsiz ki, erməni əsirliyində olan soydaşlarımızın başına gətirilən oyunlar, onların hər addımbaşı məruz qaldıqları işgəncələrdən bütün dünya xəbər tutmalıdır. Qoy dünya görsün ki, onlar əsirlikdə olan azərbaycanlıların başına hansı müsibətləri gətiriblər. Erməni əsirliyindən azad edilərək öz ailələrinin, yaxınlarının yanına qaytarılan soydaşlarımız bu gün erməni vandallarının vurduqları yaraları, yanıqları həm bədənlərində, həm də yaddaşlarında, xatirələrində yaşadırlar. Erməni əsirliyindən azad olunan soydaşlarımızın orada yaşadıqları dəhşətlər barədə verdikləri məlumatlar, açıqladıqları fikirlər nə üçün tam olaraq cəmiyyətə açıqlanmır?
Respublika "Xatirə kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova "Bakı-Xəbər”ə bildirdi ki, əsirlikdən azad edilən soydaşlarımızın başına ermənilər tərəfindən elə müsibətlər gətirilib ki, onların hamısını ictimaiyyətə açıqlamaq mümkün deyil. Onun sözlərinə görə, erməni əsirliyində olan qızlar, gəlinlər orada elə işgəncələr görüblər ki, onların məruz qaldıqları əzabların mental baxımından açıqlanması o insanlara müsbət təsir göstərməz. Ancaq bununla belə, erməni əsirliyindən azad olunan soydaşlarımızın, demək olar ki, hamısının başına gətirilən işgəncələr, onların əsirlikdə çəkdikləri müsibətlər sənədləşdirilib. "Xaincəsinə başımıza gətirilən bu müsibətlər dünya tarixində baş verən müharibələrin qanunlarına sığmayan müsibətlərdir. Müharibənin öz qayda-qanunları var. Hətta ələ keçirilən kəndlərdə, şəhərlərdə dinc sakinlərin çıxması üçün yollar qoyulur. Lakin Qarabağ münaqişəsi zamanı ermənilər nə dinc sakinlərimizə aman verdilər, nə də ərazidə insanlara yardım edən həkimlərə, hadisələri işıqlandıran jurnalistlərə. Hətta 2 saat erməni əsirliyində olan rus jurnalist orada gördüklərini tükürpədici şəkildə təsvir edib. O jurnalist səhvən əsirlərin içinə düşüb.
Erməni əsirliyindən qayıdan insanların üzləşdikləri işgəncələrin ictimailəşdirilməsi məsələsinə gəlincə, deyə bilmərik ki, bu hadisələr ictimailəşməyib. Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının işçi qrupu tərəfindən 2017-ci ildə nəşr edilən "Erməni əsirliyində işgəncə və qətl antologiyası”nda erməni əsirliyində olan insanların ürək qanadan əsirlik həyatı əks olunub. Erməni əsirliyində olan 1440 nəfər insan dindirilib, onlardan 339 nəfərin tam ifadəsi bu kitabda əks olunub. Bilirsiniz ki, Respublika "Xatirə kitabı” redaksiyası Dövlət Komissiyası ilə birgə əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı "Xatirə kitabı”nın xüsusi buraxılışının I cildini hazırlayıb çap etdi. Əsir və girov götürülmüş vətəndaşlarımızın ifadələrinin yer aldığı materiallar üzərində işləyərkən elə faktlarla üzləşdim ki, onu sözlə ifadə etməkdə çətinlik çəkirəm, bunu dilə gətirmək həm etik cəhətdən çətindir, həm də mənəvi baxımdan ağrılıdır. Əsirlikdə olan insanlarımıza, qadınlarımıza qarşı elə işgəncələr həyata keçirilib ki, bəlkə də dünya müharibələri tarixində heç bir insana qarşı belə işgəncələr olmayıb. Ermənilər bizim əsirlərə, qadın və uşaqlara qarşı elə zorakılıq aktları törədib ki, bunlar insanlığa sığışmayan hadisələrdir. Qadınlarımız elə işgəncə aktları ilə üzləşiblər ki, bu gün onları cəmiyyətə, ictimaiyyətə açıqlamaq mental baxımdan çətindir. O insanların ailələri, yaxınları var, onlar istəməz ki, başlarına gətirilən müsibətlərdən danışılsın. Dövlət Komissiyasının sədri İsmayıl müəllim dedi ki, qadınların danışdığı elə faktlar, elə ifadələr var ki, onlarla bağlı qətiyyən o qadınların üzərinə getməyin. Ancaq onların ifadələri, danışdıqları tarix kimi qalır. Onların bir qismi, dediyim kimi, "Erməni əsirliyində işgəncə və qətl antologiyası”nda yer alıb. Bu antologiyanın özü də artıq bir tarixdir. Bu kitabı vərəqləyib 339 nəfərin başına gətirilənləri bir-bir oxuyan insan az qala öz həyatından küssün. Bu insanların erməni əsirliyində yaşadıqları dəhşət müxtəlif vasitələrlə dünya ictimaiyyətinə çatdırılır. Dünənə kimi səsimizi eşitmək istəməyənlər artıq səsimizi duyurlar. İctimaiyyət elə bilməsin ki, əsir və girov düşmüş vətəndaşlarımızın harayını dünyaya yaymırıq, yayırıq” - deyə bildirən N.Məmmədova hesab edir ki, məhdud sayda KİV-lər istisna olmaqla, mətbuat bu məsələnin işıqlandırılmasına elə də cəhd göstərmir. O vurğuladı KİV-lər görülən işləri işıqlandırmalıdır. N.Məmmədovanın bildirdiyinə görə, hətta işçi qrupundan dəfələrlə mətbuata müraciət edilib ki, əsirlikdən azad edilən insanların taleyini işıqlandırmaq istəyənlər üçün şərait yaradılacaq. O qeyd edir ki, media bu istiqamətdə görülən işləri yerli və beynəlxalq ictimaiyyətə çatdırmaqda israrlı olmalıdır.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı "Xatirə kitabı” redaksiyası və "Bakı-Xəbər” qəzetinin birgə layihəsini xatırladan N.Məmmədova qeyd etdi ki, qəzetdə mütəmadi olaraq bu qəbildən olan insanların taleyi ilə bağlı yazılar dərc olunur. "Demək istəyirəm ki, biz bu istiqamətdə iş görürük və başqa KİV-lərin də bu məsələləri işıqlandırması arzuolunandır. "Xatirə kitabı”nın xüsusi buraxılışındakı məlumatları həm də ingilis dilində verdik ki, dünya ictimaiyyəti erməni əsirliyində başına min bir əzab gətirilən soydaşlarımızın acı taleyinin harayını eşitsinlər. Bu nəşrin əhəmiyyəti odur ki, o bu ağrımızı dünyaya çıxarıb bütün xalqların səsini səsimizə qatmağa xidmət edir. Bilirsiniz, bu sahədə təbliğat işinə bir az gecikmişik, amma təsəllimiz odur ki, geciksək də, ortada real nəticələrimiz var. Bu kitab hazırlanana qədər bilmirdik ki, Ermənistanda bizim 3885 əsirimiz, itkinimiz, girovumuz var. Bu fakt da ictimaiyyət üçün yenidir. Bilirsiniz ki, ermənilər 20 il bundan əvvəl yalan statistika yaymışdılar ki, Ermənistanda olan azərbaycanlı əsirlərin sayı 750 nəfərdir. Amma araşdırmalar zamanı tamam fərqli bir rəqəm ortaya çıxdı. Mənə elə gəlir ki, 3885 rəqəmi də düzgün deyil, bizim orada daha çox əsir, girov soydaşımız var. Çünki rəqəmlər tez-tez dəyişir. İşçi qrupunun davamlı səyləri nəticəsində yeni adlar müəyyən edilir. Bizim qarşıda görəcəyimiz çox iş var. Biz "Xatirə kitabı”nın II, III və IV cildlərini çapa hazırlayacağıq. Biz I cildi nəşr etdikdən 1 həftə sonra əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarımızla bağlı bir neçə yeni fakt aşkarlandı.
Dünya görsün ki, bir insan əsirdirsə, o, sağlamlığından, dinc həyatından, Vətənindən, ailəsindən təcrid olunub. Əsirlik insanın məruz qaldığı işgəncələr haqqında hər şeyi deyir. Ermənilər əsir saxladıqları azərbaycanlılara deyirmişlər ki, artıq Azərbaycan deyilən ölkə yoxdur, ölkəniz yer üzündən silinib. Görün insanlara həm də necə psixoloji zərbələr vurublar. Ermənilərin bizim əsir və girovların başına gətirdikləri faşistlərin əsirlərə verdikləri işgəncədən daha ağırdır, daha dəhşətlidir. Daşnak vandalizmi faşizmi geridə qoyub” - deyə N.Məmmədova qeyd etdi.
İradə SARIYEVA