Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsi Biləsuvarda yad edilib


Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun doğum günü Biləsuvar rayonunda qeyd edilib.

AZƏRTAC xəbər verir ki, rayonun Əliabad kəndində, Milli Qəhrəmanın anadan olduğu evdə anım mərasimi keçirilib.

Tədbirdə iştirak edən ombudsman Elmira Süleymanova Mübariz İbrahimovun doğma Vətən uğrunda böyük vətənpərvərlik hissi ilə qəhrəmanlıq göstərərək ölkəmizin tarixinə şərəfli bir səhifə yazdığını vurğulayıb. O deyib ki, bu gün Mübarizin doğulub boya-başa çatdığı ev hər bir Azərbaycan vətəndaşı üçün qəhrəmanlıq ocağı hesab edilir. Onun kimi qeyrətli oğulları olan Vətən mütləq qələbə qazanacaq.

Ombudsman Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın şəhid ailələrinə göstərdikləri diqqət və qayğıdan danışıb, bu yaxınlarda onlarla keçirdikləri görüşü xatırladıb.

Sonra Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı, rayon Ağsaqqallar Şurasının sədri, Gənclər və İdman İdarəsinin rəisi, şəhid ailələrinin üzvləri və müharibə veteranları çıxış edərək Mübariz İbrahimovun qəhrəmanlığından bəhs ediblər.

Milli Qəhrəmanın atası Mübarizin adını hər zaman yüksək tutan Azərbaycanın Prezidentinə, birinci xanıma, bütün xalqımıza təşəkkürünü bildirib.

Sonra insan hüquqları üzrə müvəkkil, Ombudsman Aparatının əməkdaşları və Liderlik Məktəbinin üzvləri Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksində olublar. Təhsil Kompleksinin akt zalında Mübariz İbrahimovun doğum günü ilə bağlı uşaqlar tərəfindən vətənpərvərlik mövzusunda tamaşalar nümayiş olunub. Tədbirlərdə Liderlik Məktəbinin üzvləri çıxış edərək özlərinin yazdıqları, Mübarizin qəhrəmanlıq həyatına və şücaətinə həsr olunmuş şeirləri söyləyiblər.