“Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyi təsis edilib


Dekabrın 8-də Beynəlxalq Mətbuat Mərkəzində "Şəhid övladlarına və kimsəsiz uşaqlara yardım” İctimai Birliyinin təsis edilməsi ilə əlaqədar tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, toplantıda yeni yaradılmış birliyin rəhbəri "Azərbaycan Bayrağı” ordenli Aprel şəhidi, mayor Təbriz Musazadənin həyat yoldaşı Pərişan Musazadə çıxış edib. O, bildirib ki, birliyin yaradılmasında əsas məqsəd şəhid övladları və kimsəsiz uşaqlara qayğı göstərməkdir. Bundan əlavə bu uşaqların təhsili, sağlamlığı, maddi və mənəvi problemlərinin həlli, onların istirahət və əyləncələrinin təşkilinə kömək etmək də yeni qurumun əsas prinsiplərindəndir. P.Musazadə qeyd edib ki, birlik eyni zamanda uşaqların təhsili sahəsində hazırlıqların təşkili işi ilə də məşğul olacaq. Onun verdiyi məlumata görə, könüllü müəllimlər həmin uşaqlara müxtəlif fənlər üzrə təmənnasız hazırlıq kursları keçəcək, təhsillə bağlı qayğılarının həllinə hər cür köməklik göstərəcəklər.

Tədbirdə çıxış edən "Əsgər ailələrinə dəstək” İctimai Birliyinin sədri Mətanət Əsgərqızı, "Qafqaz Media” İctimai Birliyinin sədri Azadə-Taleh Abbaszadə, "Təmiz Dünya” Qadınların İctimai Birliyinin sədri Mehriban Zeynalova, Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə, Qarabağ qazisi Rey Kərimoğlu, Qarabağ Əlilləri və Müharibə Veteranları İctimai Birliyinin sədri Firudin Məmmədov və başqaları yeni yaradılan ictimai birliyin gələcək fəaliyyətində uğurlar arzulayıblar.