Respublika Veteranlar Təşkilatında Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi qeyd edilib
Noyabrın 13-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyi münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, veteranların, ziyalıların, gənclərin iştirak etdikləri tədbirdə əvvəlcə Bakı Slavyan Universitetinin müəllim və tələbələrinin hazırladıqları, Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin həyatını və döyüş yolunu əks etdirən videoçarx nümayiş olunub.
Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov tədbirdə çıxış edərək Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin qəhrəmanlığından, ümumiyyətlə Azərbaycanın İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin qazanılmasında verdiyi töhfələrdən danışıb. Bildirib ki, Prezident İlham Əliyev Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin anadan olmasının 100 illik yubileyinin qeyd edilməsi haqqında müvafiq Sərəncamı ölkə rəhbərliyi tərəfindən onun, ümumilikdə İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş azərbaycanlıların xatirəsinə yüksək dəyərin verilməsinin növbəti təzahürüdür.
Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov çıxış edərək bildirib ki, "Mixaylo” ləqəbi ilə tanınan Mehdi Hüseynzadənin adı Azərbaycanın qəhrəmanlıq tarixinə əbədi həkk olunub. O, nəinki ölkəmizdə, hətta Avropada və dünyada faşizmə qarşı cəsarətlə, dəyanətlə mübarizə aparmış insan kimi tanınır. Mehdi Hüseynzadə qısa, ancaq şərəfli ömrüboyu bütün qəlbi ilə sevdiyi Azərbaycana, Vətəninə və xalqına sadiq qalıb.
Məlumat verilib ki, 1918-ci il dekabrın 22-də Bakının Novxanı kəndində anadan olmuş Mehdi Hüseynzadə 1942-ci il avqustun 9-da cəbhəyə gedib. O, döyüşlərin birində əsir düşsə də, həbs düşərgəsindən qaçaraq partizan dəstəsinə qoşulub. M.Hüseynzadə Yuqoslaviya, Triest, İtaliya partizanlarının sırasında alman faşizminə qarşı fəal mübarizə aparıb, kəşfiyyat-təxribat qrupunun rəhbəri kimi çətin döyüş tapşırıqlarını uğurla yerinə yetirib. O, 1944-cü il noyabrın 2-də tapşırığı yerinə yetirib qayıdarkən Vitovli kəndində qarşılaşdığı düşmənlə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub. Onun nəşi yerli əhali tərəfindən dərin ehtiramla dəfn edilib. Qəhrəmanımız haqqında azərbaycanlı müəlliflərlə yanaşı, keçmiş SSRİ, Avropa ölkələrinin tarixçiləri, jurnalistləri də sanballı əsərlər yazıblar. İgid döyüşçünün qəhrəmanlığı "Uzaq sahillərdə” filmində ətraflı diqqətə çatdırılıb.
Bildirilib ki, Mehdi Hüseynzadənin qəhrəmanlığı sovet ictimaiyyətinə 1956-cı ilin mayında partizan V.Sokolovun xatirələri əsasında qələmə alınan "Partizan igidliyi” məqaləsinin "Krasnaya Zvezda” qəzetində yayımlanmasından sonra məlum olub. Həmin ilin oktyabrında partizan Q.A.Jilyayevin yazdığı "Mehdi Hüseynzadə (Mixaylo) haqqında xatirələr” əsərinin əlyazmasını Azərbaycan SSR Elmlər Akademiyasının Tarix İnstitutuna verdikdən sonra igid qəhrəmanın partizan fəaliyyəti haqqında materialların toplanılmasına başlanılıb. Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin müraciəti ilə leytenant Mehdi Hüseynzadənin İkinci Dünya müharibəsində Yuqoslaviyada və İtaliyada partizan fəaliyyəti və misilsiz qəhrəmanlığına dair gizli axtarış aparılıb. Nəticədə SSRİ Ali Soveti Rəyasət Heyətinin 1957-ci il 11 aprel tarixli qərarı ilə Mehdi Hüseynzadəyə "Sovet İttifaqı Qəhrəmanı” adı verilib.
Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov deyib ki, İkinci Dünya müharibəsində alman faşizminə qarşı döyüşlərdə Azərbaycan oğulları nəyə qadir olduqlarını əzmlə nümayiş etdiriblər. Aralarında Mehdi Hüseynzadə də olmaqla yüzdən çox həmvətənimiz "Sovet İttifaqı Qəhrəmanı” adına, on minlərlə azərbaycanlı isə orden və medallara layiq görülüb. Mehdi Hüseynzadənin, Həzi Aslanovun, İsrafil Məmmədovun və onlarla başqa azərbaycanlının adları İkinci Dünya müharibəsinin tarixinə qızıl hərflərlə yazılıb.
Vurğulanıb ki, Azərbaycan öz qəhrəman oğlu ilə fəxr edir. Onun adının əbədiləşdirilməsi istiqamətində görülmüş işlər bu minnətdarlığın göstəricisidir. Azərbaycanın Mehdi Hüseynzadə kimi qəhrəman oğullara daha böyük ehtiyacı var. Çünki ölkəmizin ərazisinin 20 faizi təcavüzkar Ermənistanın hərbi birləşmələri tərəfindən işğal olunub.
"Bu gün Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə yaradılmış güclü Azərbaycan Ordusu işğal altındakı ərazilərimizi azad etməyə tam qadirdir. Biz veteranlar Azərbaycan torpaqlarının şanlı ordumuz tərəfindən azad ediləcəyinə inanır və bu müqəddəs işdə ordumuzun yanında olduğumuzu bildiririk”, - deyə C.Xəlilov vurğulayıb.
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin məsul əməkdaşı Rasim Mirzəyev, Mehdi Hüseynzadənin həyat və döyüş yolunu tədqiq etmiş, tarix üzrə fəlsəfə doktoru Məmməd Cəfərli və jurnalist Ruqiyə Əliyeva, "Respublika Xatirə Kitabı" redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və başqaları çıxışlarında Mehdi Hüseynzadənin rəhbərlik etdiyi kəşfiyyat-təxribat qrupu ilə həyata keçirdiyi uğurlu əməliyyatlardan söz açıb, onun və İkinci Dünya müharibəsində qəhrəmanlıq göstərmiş digər oğullarımızın şücaətindən danışıblar.
Çıxış edənlər Mehdi Hüseynzadənin şərəfli ömür yolunun bu gün gənclər üçün örnək olduğunu deyib, gəncləri məhz belə qəhrəmanlardan nümunə götürməyə və onların xatirəsini heç vaxt unutmamağa çağırıblar. Natiqlər Azərbaycan əsgərinin hazırda öz sələflərinin yolunu şərəflə davam etdirdiyini və yaxın gələcəkdə üçrəngli bayrağımızın işğal altındakı bütün ərazilərimizdə dalğalandıracağına əminliklərini bildiriblər.