Şəhidin medalı atasına təqdim olundu

Bu il may ayının 20-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Naxçıvan Muxtar Respublikası ərazisində düşmən tərəfin növbəti təxribatının qarşısı alınarkən qəhrəmancasına şəhid olmuş hərbi qulluqçu, əsgər Adil Əli oğlu Tatarov Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "Vətən uğrunda” medalı ilə təltif olunmuşdur.
Şəhidin medalı onun valideynlərinə təqdim edilmişdir. Bu münasibətlə şəhidin doğulub boya-başa çatdığı Ağstafa rayonunda "Bu gün gərək hər anımız Vətən desin” mövzusunda tədbir keçirilmişdir. Səməd Vurğun adına mədəniyyət və istirahət parkında keçirilən tədbirdə rayon sakinləri, o cümlədən şəhidin dostları, qohumları, orta məktəb müəllimləri toplaşmışdılar.
Torpaqlarımızın bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra rayon icra hakimiyyəti başçısının birinci müavini Ramiz Tatarov, Müdafiə Nazirliyinin məsul işçisi Abdulla Qurbani çıxış edərək ölkəmizdə ordu quruculuğu sahəsində qazanılan uğurlardan danışmış, hər bir əsgər və zabitimiz erməni işğalçılarının torpaqlarımızdan qovulması üçün hər zaman hazır olduqlarını qeyd etmişlər.
Şəhidin atası Əli Tatarov oğlunun Prezident İlham Əliyev tərəfindən "Vətən uğrunda” medalı ilə təltif olunmasını yüksək dəyərləndirmişdir.
Sonra Müdafiə Nazirliyinin hərbi orkestrinin müşayiəti ilə şəhid Adil Tatarovun medalı atası Əli Tatarova təqdim olunmuşdur. Tədbir incəsənət ustalarının təqdimatında konsert, ədəbi-bədii kompozisiyalarla davam etdirilmişdir.


"Azərbaycan”