Konfrans iştirakçılarının türk mədəniyyəti ilə tanışlığı
Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin (International Society for Music Education – ISME) 33-cü Dünya Konfransı davam edir. Azərbaycan Mədəniyyət Nazirliyi, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyası və Azərbaycan Milli Konservatoriyası tərəfindən təşkil edilən konfransda 500-dən çox mədəniyyət, incəsənət və elm xadimi iştirak edir. İyulun 16-da konfrans çərçivəsində türk xalqlarının mədəniyyəti ilə tanışlıq olub.
AZƏRTAC xəbər verir ki, Bakı Musiqi Akademiyasının Opera Studiyasının konsert zalında TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış edib. Diqqətə çatdırıb ki, 2008-ci ilin may ayından baş katibi olduğu TÜRKSOY-un bu yaxınlarda 25 illiyi qeyd olunub.
D.Kaseinov türk xalqlarının musiqi ənənələri haqqında yığcam məlumat verib.
Zəngin türk musiqi mədəniyyəti alimlərin diqqətini çoxdan bəri tədqiqat obyekti kimi cəlb edir. Tədqiqatçılar hər bir müasir türk mədəniyyətinin özünəməxsusluğu ilə yanaşı, onların genetik qohumluğu ilə də qarşılaşırlar. Lakin XX əsrdə türkdilli xalqların ənənəvi musiqi sənəti bir-birindən xeyli ayrılmış müxtəlif musiqi mədəniyyətləri təsirini bağışlayıb.
Ərəb-müsəlman mədəniyyəti Türkiyə, Qafqaz və Mərkəzi Asiya türklərinə (türklərə, azərbaycanlılara, türkmənlərə, özbəklərə, habelə daha az dərəcədə qazaxlara və qırğızlara) böyük təsir göstərərək, onların musiqi mədəniyyətində muğamın yaranmasına və yayılmasına səbəb olub.
Rusiyaya birləşmə və Sibir türklərinin bir hissəsinin (altaylar, xakaslar, yakutlar, şorlar, tofalar) xristianlaşdırılması da onların musiqi mədəniyyətinin gələcək inkişafına təsir göstərib. Hazırda müasir türk xalqlarının musiqi mədəniyyəti zəngin və rəngarəng səs materialına malikdir. Müasir türk xalqlarının qədim (İslamdan əvvəl, xristianlıqdan əvvəl və bütpərəstlikdən əvvəl), arxaik qatlarında yalnız bu mədəniyyətlərə xas olan vəhdət elementləri qorunub saxlanmaqda davam edir. Hərçənd sonrakı yüzilliklərdə bu mədəniyyətdə müəyyən dəyişikliklər baş verib.
Tədbirdə tanınmış ifaçıların çıxışlarının yer aldığı videoçarxların nümayişi ilə yanaşı, canlı ifalar da olub. Qırğızıstan, Qazaxıstan, Türkiyə, Yakutiya və Azərbaycandan olan ifaçıların çıxışları maraqla qarşılanıb.
D.Kaseinov hər bir çıxışı şərh edib, musiqi alətlərindən, epos qəhrəmanlarından, dünya sosiomədəni məkanında türk xalqlarının musiqi mədəniyyətinin mövqeyindən və rolundan danışıb.