Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Mədəniyyət Nazirliyində olub
Mədəniyyət naziri Əbülfəs Qarayev Beynəlxalq Musiqi Təhsili Cəmiyyətinin rəhbəri Li Higginsin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəfdaş qurum kimi Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) Baş katibi Düsen Kaseinov da iştirak edib.
Nazir qonaqlara ölkə rəhbərliyinin mədəniyyətə yüksək diqqət və qayğısı nəticəsində Azərbaycan muğamının (2008), aşıq sənətinin (2009), tar və onun ifaçılıq sənətinin (2012) UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilməsini diqqətə çatdırıb.
Əbülfəs Qarayev Azərbaycan musiqi sənətinin dünya musiqi arenasına inteqrasiyasının təmin olunması məqsədilə bir çox beynəlxalq mədəni tədbirlərə ev sahibliyi edən ölkəmizdə hər il Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı, habelə Qara Qarayev adına Beynəlxalq Müasir Musiqi Festivalı, Bakı Beynəlxalq Caz Festivalı, Qəbələ Beynəlxalq Musiqi Festivalı və digər əhəmiyyətli tədbirlərin keçirilməsi haqqında məlumat verib, onların beynəlxalq miqyasda təbliğində fəallığın vacibliyini diqqətə çatdırıb.
TÜRKSOY-un Baş katibi Düsen Kaseinov və Li Higgins səmimi qəbula görə nazirə təşəkkür ediblər.