"XATİRƏ KİTABI" – YADDAŞIMIZIN KİTAB ABİDƏSİ

 

Bəşər övladı yaranandan müharibələr onu həmişə qara kabus kimi izləyib. Azərbaycan xalqı təkcə XX əsrdə neçə-neçə qırğınlardan, qanlı savaşlardan keçib, böyük itkilər verib. İkinci Dünya müharibəsindən 300 min nəfərdən çox vətəndaşımız geri qayıtmayıb. Azərbaycanın taleyinə 20 Yanvar faciəsi və Xocalı soyqrımı düşüb. Qarabağ müharibəsində on minlərlə insan itirmişik.

Erməni faşizmi zaman-zaman Azərbaycan torpağında görünməmiş vəhşiliklər törədib. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun ekspedsiyasının Quba rayonunda aşkara çıxardığı kütləvi məzarlıqlar, qocaların, qadınların, uşaqların diri-diri torpağa gömülməsi faktları Azərbaycan tarixinin tükürpədici səhifələridir.

Zaman axıb gedir... İllər illəri, nəsillər nəsilləri əvəz edir… Dünya təzələnir… Bəşər tarixinin ən qanlı savaşlarından biri olan İkinci Dünya müharibəsindən altmış ildən çox vaxt keçir…

Yaddaşlarda yaşayır müharibə illəri, müharibə faciələri!.. Hələ də ümidini üzməyib yollara baxa-baxa yar-yoldaşını, doğmalarını, yaxınlarını gözləyən, gözü yollarda qalan nə qədər insan var! Onlar hələ də möcüzəyə inanır və bu inamla da yaşayır. Vətən uğrunda canından keçən, şəhidliyə qovuşan, qanlı cəbhələrdə itkin düşən insanların yalnız bircə şeyə ehtiyacı var – yada salınmaq, xatırlanmaq… Onların ruhu yalnız xatirələrə güvənir, xatırlanmaqdan, anılmaqdan rahatlıq, dinclik tapır…

Respublika Xatirə Kitabı Redaksiyasının kollektivi məhz belə savab və xeyirxah bir işlə məşğuldur. Gördüyümüz işin məqsəd və məramını ikicə kəlmə ilə belə ifadə etmək olar: bu kitabın nəşri ilə şəhid kimi dünyadan getmiş nə qədər insanın ruhu şad olur, doğmalarını, əzizlərini itirmiş insanlar isə "Xatirə Kitabı"ndan təsəlli tapırlar. Bu möhtəşəm nəşrin mənası, dəyəri də elə bundadır. Odur ki, "Xatirə Kitabı"nı hazırlayıb ərsəyə gətirənlər öz nəcib, xeyirxah işlərinin nə qədər şərəfli olduğunu bilir, onun məsuliyyətini dərindən dərk edir və gördükləri bu xeyirxah işdən xüsusi fərəh duyurlar. Müharibə tufanı sayı-hesabı bilinməyən Azərbaycan övladlarını Terek, Don, Volqa, Dnepr sahillərindən uzaq-uzaq diyarlara – Polşa, Macarıstan, Fransa, Avstriya, İtaliya və Yuqoslaviyaya, eləcə də dünyanın başqa-başqa ölkələrinə aparıb çıxarmışdır. Bu məmləkətlərin Qardaş qəbiristanlıqlarında saysız-hesabsız vətən övladları uyuyur. Ünvanı olanlar da, olmayanlar da, yeri bilinənlər də, bilinməyənlər də var. Torpaq uğrunda, Vətən yolunda canından keçən insanların xatirəsini yaşatmaq, əbədiləşdirmək, adını, şöhrətini nəsildən-nəsilə çatdırmaq müqəddəs işdir.

Onların adını gələcək illərə, əsrlərə aparan təkcə qranit abidələr, tunc heykəllər, mərmər salnamələr deyil, həm də sətirləri, səhifələri şəhid qanı ilə yazılmış kitablardır.

Bəşər övladı həmişə öz keçmişinə, yaddaşına qırılmaz tellərlə bağlı olub. Bu indi də belədir, həmişə də belə olacaq. Yaddaşı olmayan xalqın heç vədə gələcəyi ola bilməz. Yaddaş dünənlə bu gün, başqa sözlə desək, gedənlə gələn arasında körpüdür – mənəvi körpü! Müdrik bir deyim var: "Unutsaq – unudularıq".

Dünyanın ən qabaqcıl, sivil ölkələrində xatirə kitabları yaratmaq həmişə diqqət mərkəzində olub. Neçə-neçə qanlı müharibələr görmüş Almaniyada "Xatirə kitabı"nın 800-ə yaxın cildi çapdan çıxıb.

Almanlar müharibənin keçmiş SSRİ-nin müxtəlif guşələrinə səpələdiyi, o cümlədən Azərbaycana gətirib çıxardığı əsgər və zabitlərinin adlarını da bu kitabın cildlərinə daxil ediblər. Müstəqil Dövlətlər Birliyində "Xatirə Kitabı"nın 1400 cilddə buraxılması nəzərdə tutulmuşdur. Bu monumental nəşrin 20 cildi Azərbaycanın payına düşür.

Nazirlər Kabinetinin 21 avqust 1991-ci il tarixli 277 saylı qərarı ilə Azərbaycan Sovet Ensiklopediyasının nəzdində fəaliyyət göstərən şöbə müstəqil quruma çevrilmişdir. Lakin nəzərə çarpacaq elə bir iş görülməmişdir.

1994-cü ildə Nazirlər Kabineti yenidən qərar vermişdir. Lakin bu dəfə də işlər lazımi məcraya düşməmişdir. Belə ki, ölkədə baş verən ictimai-siyasi hadisələrin gərginliyi və iqtisadi çətinliklər ucbatından Redaksiyanın fəaliyyəti üçün vəsait ayrılması məsələsi öz həllini tapa bilməmişdir. Ümummilli liderimiz Heydər Əliyevin tapşırığı ilə Nazirlər Kabineti 1 may 1997-ci il tarixdə "Azərbaycan Respublikası Xatirə Kitabının bərpa edilməsi haqqında" xüsusi qərar qəbul etmişdir.

Sonra isə Azərbaycan Prezidenti Heydər Əliyevin imzaladığı 23 dekabr 1997-ci il tarixli "Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Qanun qüvvəyə minmişdir. Beləliklə, Xatirə Kitabı Redaksiyası ayrıca bəndlə dövlət büdcəsinə daxil edilmiş və bununla da Redaksiyanın fəaliyyətində dönüş yaranmışdır.

Ona görə minnətdarlıq əlaməti olaraq hər cild o böyük insanın portreti və "Heydər Əliyev – "Xatirə Kitabı"nın yaradıcısıdır" sözləri ilə açılır. "Xatirə Kitabı"nı yaddaşımızın kitab abidəsi adlandırmaq olar. Onun yaradılmasında əsas məqsəd – İkinci Dünya müharibəsində, məhəlli münaqişələrdə, Əfqanıstan, Polşa, Çexoslovakiya hadisələrində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ döyüşlərində, Milli müstəqilliyimiz yolunda, torpaqlarımızın azad olunması uğrunda gedən döyüşlərdə həlak olmuş və itkin düşmüş soydaşlarımız haqqında iyirmi cildlik ensiklopediya hazırlamaqdır.

"Xatirə Kitabı" öz həcmi, səciyyəsi ilə seçilən unikal bir nəşrdir. Hər bir cilddə Vətən yolunda canından keçmiş soydaşlarımız haqqında yığcam bioqrafik məlumat verilir: döyüşçünün soyadı, adı, atasının adı, hansı hərbi komissarlıqdan orduya çağırıldığı tarix, hərbi rütbəsi, vəzifəsi, vuruşduğu, həlak olduğu, itkin düşdüyü yer və dəfn edildiyi məkan.

Həcmi 80-100 çap vərəqi olan və 2000 nüsxə ilə buraxılan "Xatirə Kitabı"nın hər cildində təxminən 15-16 min nəfər soydaşımız haqqında məlumat verilir. Burada "Azərbaycanın Sovet İttifaqı Qəhrəmanları", "İkinci Dünya müharibəsində həlak olmuş, itkin düşmüş və aldığı yaralardan vəfat etmiş Azərbaycan oğulları", "Əfqanıstan qurbanları", "Xocalı!.. Xocalı!..", "20 Yanvar şəhidləri", "Azərbaycanın Milli Qəhrəmanları", "Bu Vətən, bu torpaq unutmaz sizi" başlıqları altında şəkil-dəftərçələr yer alır.

"Vətən uğrunda həlak olanların xatirəsinin əbədiləşdirilməsi haqqında" Qanun qüvvəyə minəndən sonra, 1998-2001-ci illərdə kitabın 3 cildi (soyadları A, B, V, Q hərfləri ilə başlayan) kiril əlifbası ilə çapdan çıxmışdır. Əlifbanın dəyişilməsi ilə bağlı olaraq kitab yenidən latın qriafikası ilə çap olunmağa başlamış və bu vaxtacan 14 cild nəşr edilmişdir.

İnternetdə redaksiyanın saytı açılıb (www.xatirekitabi.az). Bundan sonra dünyanın hər tərəfində "Xatirə Kitabı"ndan istifadə edə biləcəklər. Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsəələr üzrə köməkçisii, tarix elmləri doktoru, professor Əli Həsənovun sədrliyi ilə fəaliyyət göstərən nüfuzlu Redaksiya Heyətinə akademiklər, görkəmli elm, mədəniyyət xadimləri və güc nazirliklərinin rəhbərləri daxildir. Onların kollektivimizə diqqətini xüsusi qeyd etmək istəyirəm.

Erməni faşizmi ilə üz-üzə dayandığımız, torpaqlarımızın 20 faizinin işğala məruz qaldığı, bir milyondan çox qaçqın və köçkünlərimizin dəryalardan dərin dərd-ələmi ilə baş-başa qaldığımız belə bir vaxtda müharibə ağrılarını daha dərindən hiss edir, onun acılarını hər gün, hər saat yaşayırıq.

Vətən uğrunda canından keçən soydaşlarımızın xatirəsini yaşatmaq bizim üçün müqəddəsdən də müqəddəs bir işdir. Onların ruhu qarşısında baş əyirik. Kollektivimizin böyük zəhməti bahasına başa gələn "Xatirə Kitabı" şəhid və itkinlərimiz barədə ensiklopediya, insanlarda yüksək vətənpərvərlik hissləri tərbiyə edən, bizi öz keçmişimizə, yaddaşımıza bağlayan çox qiymətli və əvəzsiz bir nəşrdir.