"44 gün-Tarixi zəfər" ensklopedik toplu Cəlilabadda Şəhid ailələrinə təqdim olundu


23 may 2024-cü il tarixində Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Cəlilabad rayon İcra Hakimiyyəti ilə birgə " 44 gün - Tarixi zəfər" adlı ensklopedik toplunun təqdimatını keçirdi.
Yenixeber.org: Təqdimat mərasimində rayon İcra Hakimiyyəti nümayəndələri ilə yanaşı şəhid ailələri də iştirak edirdi. İlk çıxış edən İcra Hakimiyyətinin şöbə müdiri Füzuli Cəfərov gələn qonaqları və şəhid ailələrini salamlayaraq öz təşəkkürünü bildirdi. O qeyd etdi ki, Cəlilabad rayonu Vətən müharibəsində fəal iştirak edən rayonlardan olub. Məhz bu səbəbdəndir ki, respublikada ən çox şəhid verən rayonlardandır. 27 sentyabr 2020- ci ildə başlayan Vətən müharibəsi zamanı Cəlilabad rayonu 97, daha sonrakı dövrlərdə isə 16 şəhid vermişdir. Qazandığımız möhtəşəm qələbəyə görə biz Müzəffər Ordumuza və şəhidlərimizə, qazilərimizə borcluyuq. Sonra o, dövlətimizin şəhid ailələrinə diqqət və qayğısından söz açaraq onlara hər cür qayğı göstərildiyini dedi. Yüksək tərtibatla hazırlanmış bu kitab da məhz bunun bariz nümunəsidir. Sonra söz Xatirə Kitab Redaksiyasının əməkdaşı Vüqar Əsgərova verildi. O, Xatirə Kitabının yaranma tarixindən və üzərinə düşən missiyadan danışdı.
Müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında da əhatəli materiallar toplayaraq ayrı-ayrı kitablar dərc edir.
Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. 2017-ci ildə Respublika Xatirə Kitabı Redaksiyası Dövlət Təhlükəsizlik Xidməti nəzdində fəaliyyət göstərən Əsir, itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu ilə birgə Azərbaycanın ərazi bütövlüyünə təcavüz edən Ermənistanın Dağlıq Qarabağ və ətraf rayonlara hücumu, torpaqlarımızın işğalı zamanı əsir və girov götürülmüş, həmçinin naməlum şəraitdə itkin düşmüş hərbçi və mülki şəxslərin sonrakı taleləri araşdırılıb və dörd cilddən ( iki dildə) ibarət kitab hazırlanıb.
Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş qəhrəman övladlarımızın adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq 1 və 2-ci cildləri işıq üzü görüb, 3-ü cild üzərində son redaktə işləri aparılır.
Xatirə Kitabı Redaksiyasında həmçinin, " Bakı Xəbər" qəzetinin birgə layihəsi əsasında " Şəhidlər ölməz, Vətən bölünməz!" silsiləsindən Qarabağ müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə kitab nəşr edilib, həmin kitabların təqdimatı keçirilib. Bu işlər redaksiyanın baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə uğurla davam etdirilir.
Sonra söz şəhid ailələrinə verildi. Şəhid Hüseynli Əkbərin atası Azər bəy çıxışında redaksiyanın rəhbərliyinə və kollektivinə belə bir möhtəşəm kitabın nəşrinə görə öz təşəkkürünü bildirdi. Sonda şəhid ailələrinə Xatirə Kitabı Redaksiyasının nəşr etdiyi " 44 gün - Tarixi zəfər" kitabı təqdim olundu. Redaksiyanın əməkdaşları hər dəfə bölgələrə səfər edəndə Şəhidlər xiyabanını və ya döyüşlərdə qəhrəmanlıq göstərmiş şəhidlərin ailələri ziyarət olunur. Bu dəfə də redaksiyanın əməkdaşları öz adət-ənənəsinə sadiq qalaraq Azərbaycanın Milli Qəhrəmanı Vüqar Mürsəlovun Göytapə şəhərində qoyulmuş büstünü ziyarət etdilər.