Xatirə Kitabı Redaksiyası şəhidlərə həsr olunmuş 4 film təqdim etdi


Dekabrın 20-də Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası Nizami Kino Mərkəzinin böyük zalında "Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında çəkilmiş növbəti 4 filmin təqdimatını keçirdi. Millət vəkillərinin, tanınmış ictimai siyasi xadimlərin, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin, şəhid ailələrinin təmsilçilərinin iştirakı ilə keçirilən yığıncaqda təqdim edilən filmlər Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir.

Tədbirin aparıcısı sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bildirdi ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Redaksiya barədə məlumat verən aparıcı vurğuladı ki, bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Qeyd edildi ki, bu kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür. Respublika Xatirə Kitabının iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika Xatirə Ki¬tabını yaddaşımızın abidəsi adlandırırıq. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır!».

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss etmiş, bu istiqamətdə araşdırma işləri aparmış və bu ənənəni hazırda da davam etdirməkdədir.

Qeyd edildi ki, Respublika "Xatirə Kitabı”nın iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, respublika "Xatirə Kitabı”nı yaddaşımızın abidəsi adlandırırlar. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, heç kim unudulmur, heç nə yaddan çıxmır!.

Aparıcı qeyd etdi ki, xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika "Xatirə Kitabı” redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss edir, bu istiqamətdə araşdırma işləri aparır və bu ənənəni hazırda da davam etdirməkdədir.

Z. Eldarqızı bildirdi ki, Respublika Xatirə Kitabı redaksiyası "Bakı-Xəbər” qəzeti ilə birgə la¬yi¬hə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab dərc edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür. O, vurğuladı ki, gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində bu kimi filmlər böyük əhəmiyyət kəsb edir.

Tədbirdə millət vəkili Aydın Hüseynov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, filmlərin ssenari müəllifi və rejissoru Vüsal Nuru, Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və başqaları çıxış etdilər. Sonra Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirən filmlər nümayiş olundu.

Qeyd edək ki, filmin layihə müəllifi və direktoru Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur. Tədbirdən geniş reportajı növbəti sayımızda təqdim edəcəyik.

İradə SARIYEVA