“Xatirə Kitabı” redaksiyası şəhidlərə həsr olunmuş 4 filmi təqdim edib


Dekabrın 20-də Nizami Kino Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika "Xatirə Kitabı” redaksiyasının "Vətən daşı... və ya 44 günün dastanı” layihəsi əsasında çəkilmiş növbəti 4 film nümayiş olunub. Bu filmlər Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Mətləb Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirir.

AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatlarının, dövlət qurumlarının, ictimai təşkilatların nümayəndələrinin və şəhid ailələrinin üzvlərinin iştirakı ilə keçirilən tədbirdə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirin aparıcısı, sənətşünaslıq üzrə fəlsəfə doktoru, aktrisa Zülfiyyə Eldarqızı bildirib ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə yaradılmış və onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika "Xatirə Kitabı” redaksiyası müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik tarixi salnamədir. Bu kitab hazırda da tarixi bir hadisə kimi səciyyələnir və insanın tarixləşən həyatını özündə ehtiva edir.

Qeyd edilib ki, bu kitabda əsasən, İkinci Dünya müharibəsində, Əfqanıstan döyüşlərində, 20 Yanvar faciəsində, Xocalı soyqırımında, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir, cəmiyyət üçün faydalı iş görülür.

Z. Eldarqızı bildirib ki, Respublika "Xatirə Kitabı” redaksiyası "Bakı-Xəbər” qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bir neçə kitab çap edib və bu kimi kitabların hazırlanması istiqamətində növbəti işlər görülür.

Tədbirdə Milli Məclisin deputatı Aydın Hüseynov, Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Qadınlar və hərbi qulluqçuların ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, filmlərin ssenari müəllifi və rejissoru Vüsal Nuru, "Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova və başqaları çıxış edilər.

Diqqətə çatdırılıb ki, ötən dövr ərzində Respublika "Xatirə Kitabı”nın iyirmiyə yaxın cildi çap olunub. Hər cild ötən tarixdən səs-soraq verir, sanki insanla danışır. Əbəs yerə deyil ki, Respublika "Xatirə Kitabı”nı yaddaşımızın abidəsi adlandırırlar. Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, heç kim unudulmur, heç nə yaddan çıxmır!.

Xalqımıza böyük Zəfər bəxş edən oğullarımızın adlarının əbədiləşdirilməsi Respublika "Xatirə Kitabı” redaksiyasının ümdə işidir və redaksiya bu prosesi daim öz üzərində bir məsuliyyət kimi hiss edir, bu istiqamətdə araşdırma işləri aparır və bu ənənəni hazırda da davam etdirməkdədir.

Natiqlər Respublika "Xatirə Kitabı” redaksiyasının "Vətən daşı... və ya 44 günün dastanı” layihəsini yüksək qiymətləndiriblər. Vurğulanıb ki, belə layihələr əsasında çəkilən bu filmlər gənc nəslin vətənpərvərlik ruhunda böyüməsi istiqamətində böyük əhəmiyyət kəsb edir.

Sonra Vətən müharibəsində şəhid olmuş Murad Əsədov, Dəyanət Əliyev, Toğrul Abbasov və Məhəbbət Quliyevin şərəfli həyat və döyüş yolunu özündə əks etdirən filmlər nümayiş olunub.

Qeyd edək ki, təqdim olunun bu filmlərin layihə müəllifi və direktoru "Xatirə Kitabı” redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, ssenari müəllifi və rejissoru Vüsal Nurudur.