Şəmkirdə "Şəhid qardaşlar" kitabının təqdimatı keçirildi...


Vətənimizin ərazi bütövlüyü uğrunda şəhid olan hər bir Vətən övladı xalqımız üçün əzizdir. Şəhidlərin xatirələrini əbədiləşdirməklə onlara olan borcumuzu yerinə yetirmiş oluruq. Son illər ardıcıl olaraq şəhidlərin xatirəsinin əbədiləşdirilməsi istiqamətində işlər görülür, kitablar yazılır.

Respublikamızda bu müqəddəs işin başında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası dayanır. Yarandığı gündən indiyə qədər bu redaksiya şəhidlərin xatirəsinin əbədiləşdirilməsi missiyasını uğurla daşıyır.

İyunun 21-də Şəmkir Gənclər Evi sosial xidmət müəssisəsinin binasında Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının "Bakı-Xəbər” qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdiyi "Şəhid qardaşlar” kitabının təqdimatı keçirildi. Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhid olmuş qardaşlar – Cavid və Çingiz Məmmədovların həyat, döyüş yolu və qəhrəmanlığından bəhs edir.

Kitabın müəllifi tanınmış şair-publisist Rəfail Tağızadədir. R.Tağızadə Cavid Məmmədov və Çingiz Məmmədovun gəncliyə örnək davranışlarını, mənəvi keyfiyyətlərini, hamıya nümunə ola biləcək həyat tərzini kitabın əsas süjet xətti seçib, gənclərə vətənpərvərlik hissləri aşılamağa çalışıb. Layihənin rəhbəri Respublika Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədovadır.

Məlumat üçün bildirək ki, müasir Azərbaycan dövlətinin qurucusu və memarı, ümummilli lider Heydər Əliyevin qayğısı və təşəbbüsü ilə yaradılmış, onun xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı insan resurslarını əbədiləşdirən tarixi sənəd, tarixlə cəmiyyət arasındakı həqiqətləri, müharibə ağrılarını özündə geniş əks etdirən ensiklopedik salnamədir. Bu kitabda İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar dərc edilir.

Respublika Xatirə Kitabının indiyədək iyirmiyə yaxın cildi çap olunub. Redaksiya, əlavə olaraq, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız haqda 4 cildlik kitab hazırlayıb, onlardan 3-ü çap olunub, 4-cü cild çapa hazırdır. Eyni zamanda, redaksiya 44 günlük Vətən müharibəsində şəhid olmuş şəxlərin adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə bir neçə cildlik kitab üzərində çalışır. Kitabın artıq I cildi işıq üzü görüb, II cild çapdadır. Digər cildlər üzərində ciddi iş aparılır. Bu çoxcildlik ensiklopedik nəşrlər ictimai müstəvidə xüsusi rol oynayır.

Redaksiyanın hazırladığı «Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi» kitabı da tarixlə cəmiyyət arasındakı faktiki prosesləri özündə ehtiva edir, burada faşizm üzərində qələbənin 75 illiyi geniş təbliğ olunub, 1941-1945-ci illərdə alman faşizminə qarşı döyüşən Azərbaycan vətəndaşlarının qəhrəmanlıq və şücaəti xüsusi rakursda xarakterizə edilib, Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüş azərbaycanlılar, müharibədə örnək hünər göstərmiş cəsur qadınlarımız barədə tutarlı və maraqlı fikirlər yer alıb.

Təqdimat mərasimi dövlət himni ilə açıldı və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Kitabın müəllifi, tanınmış şair-publisist Rəfail Tağızadə tədbiri açaraq sözü Respublika Xatirə Kitabının baş redaktoru Nəzakət Məmmədovaya verdi. Respublika Xatirə Kitabı redaksiyasının indiyə qədər həyata keçirdiyi işlərdən, çap etdiyi kitablardan, nəşrlərdən bəhs edən N.Məmmədova qeyd etdi ki, redaksiyanın missiyası şəhidlərimizin xatirəsini əbədiləşdirməkdir. O dedi ki, Respublika Xatirə Kitabı redaksiyasının "Bakı-Xəbər” qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdiyi "Şəhid qardaşlar” kitabı növbəti layihələrdən biridir, redaksiya indiyə qədər bu silsilədən 10-a yaxın kitab çap edib, "Şəhid qardaşlar" kitabı isə bu layihənin, hələ ki, son kitabıdır. N.Məmmədova onu da bildirdi ki, redaksiya bu istiqamətində işləri davam etdirir.

Tədbirdə Şəmkir rayon İcra hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Aynur Abdullayeva, kitabın müəllifi Rəfail Tağızadə, şəhid Cavid və Çingizin anası Faya xanım, Şəmkir rayon Rüstəm Əliyev adına Yeniabad kənd məktəbinin biologiya müəlliməsi Türkan Cəfərova, Elza Hüseynova, sənətşünaslıq üzrə fəlsəfə doktoru, bədii qiraətçi Zülfiyyə Eldarqızı, Azərbaycan dili və ədəbiyyatı müəllimi Gülafət Həsənova, şəhid Çingizin döyüş yoldaşı Teymur Həbibov çıxış etdilər.

Tədbirin sonunda şəhid Ömər Rəhimlinin həyatı, keçdiyi döyüş yolundan bəhs edən "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından "Vətən daşı..." sənədli filminin təqdimatı oldu. Filmlərin layihə rəhbəri Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rejissoru və ssenari müəllifi Vüsal Nurudur.

"Şəhid qardaşlar" kitabının təqdimat mərasimindən hazırladığımız geniş reportajı növbəti sayımızda təqdim edəcəyik.

İradə SARIYEVA
Şəmkir