Şəhid qardaşlara həsr olunan kitab ictimaiyyətə təqdim edilib



Şəmkir Gənclər Evi Sosial Xidmət müəssisəsinin binasında Respublika Xatirə Kitabı redaksiyasının "Bakı Xəbər” qəzeti ilə birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən 44 günlük Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi məqsədilə çap etdirdiyi "Şəhid qardaşlar” kitabının təqdimat mərasimi keçirilib.

Kitab Azərbaycanın ərazi bütövlüyü uğrunda şücaət göstərərək şəhid olmuş qardaşlar Cavid Məmmədov və Çingiz Məmmədovun həyat, döyüş yolu və qəhrəmanlıqlarından bəhs edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təqdimat mərasimində əvvəlcə Dövlət Himni səsləndirilib, torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi yad olunub.

Çıxış edən Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, redaksiyanın təşəbbüsü ilə nəşr olunan nəfis tərtibatlı, rəngli, unudulmaz xatirələrlə süslənmiş bu kitabları tanınmış publisistlər qələmə alırlar. "Şəhidlər ölməz, Vətən bölünməz!” silsiləsindən çap olunan bu kitablar isə hər bir məktəblinin, hər bir Azərbaycan gəncinin stolüstü kitabı olacaq.

Kitabın müəllifi Rəfail Tağızadə təqdim olunan nəşrdə Cavid və Çingiz Məmmədov qardaşlarının şanlı və şərəfli döyüş yolundan, həmçinin onların ailə üzvlərinin, dostlarının, döyüş yoldaşlarının xatirələrindən bəhs edildiyini deyib. Kitabda şəhidlərə həsr olunan şeirlər də mövcuddur.

Digər çıxış edənlər - şəhidlərin ailə üzvləri, qohumları, dostları, döyüş yoldaşları, müəllimləri onlarla bağlı xatirələrini bölüşüblər.

Sonda şəhidlərin əziz xatirəsinə həsr olunan sənədli film nümayiş etdirilib.