Milli Qəhrəman Albert Aqarunovun xatirəsi anılıb



Ötən əsrdə Azərbaycan xalqına qarşı iki dəfə kütləvi soyqırımı və dəfələrlə etnik təmizləmə həyata keçirən erməni faşizminə qarşı Birinci Qarabağ müharibəsində azərbaycanlılarla yanaşı, əsrlər boyu birgə dostluq və qardaşlıq şəraitində yaşayan digər xalqların da nümayəndələri qəhrəmanlıqla döyüşüblər. O igid oğullardan biri də 30 ildən artıqdır ki, adı dillərdə əzbər olan yahudi xalqının hünərvər oğlu Azərbaycanın Milli Qəhrəmanı, tankçı, Şuşa uğrunda gedən döyüşlərdə canından keçib şəhidlik zirvəsinə ucalan Albert Aqarunovdur.

Azərbaycan xalqı hər zaman Milli Qəhrəman Albert Aqarunovun xatirəsini əziz tutur, adını əbədiləşdirir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsində qəhrəman oğulların başladığı haqq işi tarixi ədalətin bərpası ilə nəticələndi. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda haqq savaşına qalxan Albert kimi oğulların həyata keçirə bilmədikləri arzularını onların qəhrəman davamçıları 44 günlük Vətən müharibəsində döyüş meydanında gerçəkləşdirdilər. Birinci Qarabağ müharibəsində şanlı döyüş yolu keçən veteran tankçılar 44 günlük Vətən müharibəsində də Ali Baş Komandanın rəhbərliyi altında səfərbər olunaraq, döyüş meydanından düşmənin vurulmuş zirehli texnikalarını çıxardaraq, qısa müddətdə bərpa edib, üstünə Azərbaycanın Milli Qəhrəmanları Albert Aqarunov, Polad Həşimov, Mübariz İbrahimovun adlarını yazıb yenidən döyüşə göndərirdilər.

AZƏRTAC xəbər verir ki, aprelin 25-də Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Nərimanov Rayon İcra Hakimiyyəti, Dağ Yahudiləri Dini İcması və Veteran Tankçılar İctimai Birliyinin birgə təşkilatçılığı ilə Milli Qəhrəman A.Aqarunovun anadan olmasının 54-cü ildönümünə həsr olunmuş xatirə tədbiri keçirilib.

Əvvəlcə şəhidin ruhuna dualar oxunub.

Sonra Memorial-abidəsi önündə xatirə tədbiri davam edib.

Tədbir təşkilatçılarının və ictimaiyyət nümayəndələrinin, qəhrəmanın ailə üzvlərinin, döyüş yoldaşlarının, veteran tankçıların və başqa qonaqların iştirak etdiyi anım mərasimində şəhidin keçdiyi şərəfli döyüş yolu barədə danışılıb. Bildirilib ki, 1991-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılan yəhudi əsilli 23 yaşlı A.Aqarunov ömrünün ən gözəl çağında silaha sarılaraq, doğma Vətəni Azərbaycanın, Qarabağın, Şuşanın müdafiəsinə qalxıb. Qarabağ, Şuşa uğrunda gedən döyüşlərdə qeyri-adi qəhrəmanlığı ilə ad-san qazanıb. Hələ sağlığında vətənpərvərliyi, cəsurluğu, qorxmazlığı ilə bütün Azərbaycanda şöhrət tapan Alberti döyüşçü dostları böyük hörmət və ehtiramla "Şuşanın əfsanəsi” adlandırıblar.

A.Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. O, Suraxanı rayonu 154 nömrəli orta məktəbdə səkkizinci sinfi başa vuraraq təhsilini texniki-peşə məktəbində davam etdirib. Albert burada sürücü-mexanik ixtisasına yiyələndikdən sonra Gürcüstan Respublikasının Axalkalaki rayonunda yerləşən Sovet ordu hissələrindən birində starşina rütbəsində tank komandiri kimi hərbi xidmət keçir. Ordudan tərxis olunan Albert Suraxanı Maşınqayırma zavodunda işləyir. Albert Qarabağ müharibəsinin başladığı ilk vaxtlardan qaynar nöqtədə - Şuşada 533 saylı tanka komandir təyin edilir. Şuşa, Xankəndi, Daşaltı, Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edir. Erməni yaraqlılarını dəfələrlə pərən-pərən salır, düşmənin onlarla canlı qüvvəsini və çoxlu sayda hərbi texnikasını məhv edir. 1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda gedən ağır döyüşlər zamanı doğulub böyüdüyü və canından artıq sevdiyi doğma Vətəni Azərbaycan torpaqları uğrunda qəhrəmancasına şəhid olur. A.Aqarunov Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə göstərdiyi qəhrəmanlıqlara görə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb, Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

Ölkəmizdə multikulturalizmin, tolerantlığın qorunması, gənclərimizdə hərbi vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycanımızın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda şəhid olan qəhrəmanlarımızın döyüş yolunun təbliği məqsədilə belə tədbirlərin keçirilməsi artıq ənənəyə çevrilib.