Xoşbəxt taleli rəhbər

2020-ci ilin payızı başqa bir payız idi...
Həmin ilin payızını bizim üçün qeyri-adi edən nə yarpaqların rəngi, nə onun bol məhsulu, nə də havası idi...

İki il əvvəlki payız bizim üçün Zəfər müjdəsi, Qələbə xəbəri ilə qeyri-adi idi.

Axı xalqımız bu xəbərin yolunu illərlə gözləmişdi. 44 gün ərzində Zəfərlə, Şuşaya bayraq sancılması ilə başa çatan Vətən müharibəsində qazanılan qələbə 28 illik həsrətin uğurlu sonluğu oldu.

Bu qələbəni, möhtəşəm Zəfəri bizə qazandıran Milli Ordu sıralarında döyüşlərdə misilsiz qəhrəmanlıq göstərərək canını fəda edən, özünü Vətən torpağının azadlığı yolunda qurban verən şəhidlər, xalqımızın qəhrəman oğulları, igid əsgər və zabitləri idi.

Bu qələbəni bizə qazandıran hər gün ölüm-dirim savaşının getdiyi cəbhədən şad xəbər yolu gözləyən, ön cəbhədə döyüşən atasının, oğlunun, doğmasının fədakarlığına bel bağlayan, ən sonuncu tikəsini bu yolda bölüşməyə hazır olan xalqımızın möhtəşəm birliyi, həmrəyliyi idi.

Nəhayət, bu Qələbəni bizə qazandıran ən başlıca səbəblərdən biri illərdən bəri bu yolda mübarizə aparan, xalqımızın haqq səsini yüksək tribunlardan dünya ictimaiyyətinə çatdıran, möhtəşəm Zəfərin qazanılmasında çox böyük pay sahibi olan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev idi.

"Həmin günlərdə xalqımızın gücü möhtəşəm idi. Yüksək döyüş əzmi, "vətənpərvərlik ruhu, işğal altında olan torpaqları azad etmək istəyi bir-birinə qarışmışdı. Bir də həmin günlərdə bütün bunları birləşdirən, vahid bir gücə çevirən Ali Baş Komandan var idi. Həmin günlərdə Prezident İlham Əliyev həm cəbhə xəttində gedən müharibəyə rəhbərlik edir, həm ölkəmizdə həyat ritminin bir an da olsun dayanmaması üçün çalışır, həm də xarici kütləvi-informasiya vasitələrində xalqımızın apardığı haqq savaşının ədalət işi olduğu barədə müsahibələr verirdi. Ulu Öndərin layiqli siyasi varisi həmin günlərdə yüksək əzmkarlıq, qətiyyət, iradə, liderlik keyfiyyəti nümayiş etdirdi”, - deyə Vətən müharibəsi qazisi Zakir İmanov AZƏRTAC-ın müxbiri ilə söhbətində bildirib.

O, söhbətinə davam edərək deyib: "Ali Baş Komandanın qətiyyətindən, xalqın bizə olan böyük inamından güc alırdıq. Əsgərin arxasında bacarıqlı sərkərdə, layiqli rəhbər, dəyanətli xalq olanda o yenilməz olur. Ölkə başçısının yorulmadam bir neçə cəbhədə mübarizə aparması, düşmənin yalan təbliğatını məhv edən bəyanatları, Qələbə xəbərlərini milyonlarla azərbaycanlıya böyük coşqu ilə çatdırması döyüş əzmimizi artırırdı. Nəticədə xalq-ordu-iqtidar birliyinin gücünü xarakterizə edən "Dəmir yumruq” əməliyyatı torpaqlarımızın işğalının 44 günə sonlanması ilə nəticələndi”.

O, Vətən müharibəsi günlərində gənclərin göstərdiyi şücaətdən bəhs edərkən deyib: "Bu, aparılan uğurlu gənclər siyasətinin bariz nümunəsi idi. Prezident, Ali Baş Komandan İlham Əliyevin dediyi kimi, müharibədə əsas missiyanı məhz onun dövründə yetişən gənclər yerinə yetirdilər. Müharibə zamanı düşmənin peşəkar zabitləri 18-20 yaşlı gənclərin cəsarəti, qorxmazlığı, döyüşkənliyi qarşısında tab gətirə bilmədilər. Bu, gənclərin düzgün və vətənpərvərlik ruhunda tərbiyə edilməsi sayəsində mümkün olmuşdu. Gənclər ali məqsəd uğrunda hər şeyə hazır idilər və bunu öz canları və qanları bahasına sübut etdilər”.

Hesab edirəm ki, bu gün ad günü olan xalqımızın Lideri, Heydər Əliyev məktəbinin layiqli davamçısı İlham Əliyev həm də xoşbəxt taleli rəhbərdir. Ona həm Qarabağ məsələsini həll etmək, həm də ata vəsiyyətini yerinə yetirmək nəsib olub. Bu xoşbəxtliyə görə mən də öz səsimi milyonların səsinə qoşaraq ən ülvi arzularımı onun ünvanına çatdırıram”, - deyə Z.İmanov qeyd edib.