Ömürlər haqqında əbədilik nəğməsi - Rəşid Faxralı yazır

Rəşid FAXRALI

İkinci Qarabağ müharibəsinin ilk gülləsi də tarixdi, sonuncu gülləsi də. Ömür bu tarixlərə sədaqətdi - müharibə də döyüşdü, ruhən döyüşənlərin sırasında olmaqdı, müharibədən sonra döyüşlərdən dönənlərə - qazilərə, döyüşlərdə şəhid olanlara sevgiylə ötüşən aylardı, döyüşləri, döyüşənləri bu aylarda yaşatma səadətidi...

Döyüşənlər Vətənin qurtuluşu üçün döyüşürdülər. Azərbaycançılığın erməniliklə döyüşü olan bu döyüşlərdə xalqın qələbə ruhu döyüşlərin ilk gülləsindən sonuncu gülləsinə kimi ruhən döyüş bayrağı oldu.

İkinci Qarabağ müharibəsində, mahiyyəti etibarilə Vətən müharibəsində Azərbaycan Ordusu düşmənin işğal müddətində yaratdığı, möhkəmləndirdiyi, təkmilləşdirdiyi müdafiə sədlərini dağıdırdı, döyüşə-döyüşə qələbələr qazanırdı, qələbələr qazana-qazana döyüşürdü.

Azərbaycan Ordusu şəhidlikdən keçibən döyüşürdü.

Respublika Xatirə kitabının hazırladığı "Vətən daşı" sənədli filmlərə (5 film) baxırsan, düşünürsən, bir daha əmin olursan ki, hər şəhid hər birimizin əzizidi - şəhid ömrü ömürlərdə yaşayır. Filmlərin ssenari müəllifi (və rejissoru) yazıçı Vüsal Nuru filmlərdə şəhidliyin fəlsəfəsinin dərki üçün maraqlı (və gərəkli!) detallara istinad edib. Təhkiyyələr səmimidir. Səmimi təhkiyyələrin hər biri (filmin müəllifi olmaq etibarilə deyilənlərdən şəhidlik fəlsəfəsinin mahiyyətiylə uzlaşanları seçmək səlahiyyəti də filmin ədəbi, mənəvi-psixoloji, bəlkə də bəşəri uğurunu təmin edib.

Filmlərə seçilən ad tanış (və doğma!) addır; filmlərə baxırsan, baxdıqca böyük Məmməd Arazı, Məmməd Arazın canım misralarını xatırlayırsan:


Vətən daşı olmayandan
Olmaz ölkə vətəndaşı!


Və bu misralara qədərsiz sevgi yaşadan Vüsal Nuruya, filmlərin layihə rəhbəri və direktoru şair Nəzakət Məmmədliyə "Sürünüz yerisin, axar sularınız qurumasın, çiçəkləriniz ləçək tökməsin!" - deyirsən.



Hər döyüş tarix oldu. İllər keçsə də, o döyüşlər unudulmur, unudulmayacaq; qəhrəmanlıqlar, qəhrəmanlar həm tarixdə yaşayacaq, həm də yaddaşlarda. Ömər Rəhimli də döyüşüb, qəhrəmanlıqla döyüşüb, qəhrəmanlıqla şəhid olub. Tarix müəllimi Könül Cəfərova Ömərin qürurlu şagird olmasından danışır, bu qürurun heysiyyət çalarından söz açır. Kəlmələr bir ömürə düşən işıq misallıdı - dinləyənin könlünə sərilir. "Torpaqlarımızın işğalı Ömərin qəlbini qana döndərmişdi..." - kəlmələrin mahiyyətini bu fikirlə ifadə etsəm, kimsə məni qınamaz; Ömər yeniyetməliyindən Vətənin nə olduğunu gözəl dərk edib. Zənnimcə, bu amil sənədli filmin ideyası üçün gərəkli remarkadır - bu dərk həm də şəhidliyin dərkinə vasitədir.

Ömər Rəhimli yaralı olsa da, yaralanmış komandirini ölümdən xilas etmək istəyir. Bu istək azərbaycançılığın istəyiydi, hərbi anda sədaqətin istəyiydi, Qələbəyə inamın istəyiydi. Ömər şəhid oldu, istəyi - qazi. Onun istəyi işğaldan azad edilmiş ərazilərimizdə bayraqlaşdı. "Vətən daşı" sənədli filmləri bu bayraqlaşmanın əsəridi...

Hərbi tapşırığı yerinə yetirəndə dumanlıqda meşədə azıblar. Bu, gerçəkliyə istinad edilmiş ideyalı fikir düşündürücüdür. Duman - ermənilikdir, Ömərlər erməniliklə döyüşüb, azərbaycançılıq əsgəri kimi döyüşüb. Bu sənədli filmlərin mahiyyəti deyir ki, yüz illər ərzində Azərbaycanı bürüyən, Azərbaycanın dağına-daşına, torpağına can atan ermənliyi Azərbaycan əsgərinin qətiyyəti, cəsarəti, Vətənə sevgisi, şəhidliyi ömür bilməsi dağıtdı; ötən əsrin əvvəllərində Sarıqamış, Çanaqqala döyüşlərini xatırlayıram (şübhəsiz, bu fikir, bu ideya filmin ssenari müəllifinin də düşüncələrinin ağ işığı olub). Bu səbəbdən filmlərin xalqın filmləri olduğuna inanırsan; gördüklərin inandırır, eşitdiklərin inandırır...

Sənədli filmlərdə yuxu amili var. Bu, gerçəkliyin dərkinə yönəldən gerçəklik istinadıdır sanki; yuxu yozulur, hər yozum yuxunun mahiyyəti ilə səsləşmir; analarda oğullarıyla əlaqəli yuxulara münasibətdə Yusif peyğəmbərin qüdrətinin zərrəsi var, - deyərdim. Bu sənədli filmlərin ikisində yuxu şəhidliyin fəlsəfəsinin dərkinə yönəldilmiş ruhi-mənəvi amilin təsirindədir, müəllif bu amildən də ədəbi material kimi istifadə edib.

"Vətən daşı" sənədli filmləri ayrılıqda da, birlikdə də görənə (gördüklərini düşüncələrinə köçürənlər) bir gerçəklik də yaşadır: ömür Vətən üçün yaşanılmış illərdi, aylardı; "Vətən daşı" sənədli filmləri ömür haqqında əbədilik nəğməsidi. Filmlər Azərbaycan əsgərinin döyüş yoludur, müharibə tariximizdir, müharibə tariximiz - Zəfər tarixi. Müəlliflər "Vətən daşı"nı Zəfər tariximiz kimi təqdim edə biliblər; bu tarixdə qazilik də var, şəhidlik də. "Vətən daşı" sənədli filmlərinin mahiyyəti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhidlərə ünvanladığı bir kəlamla mənən səsləşir: "Biz bu qələbəyə görə onlara borcluyuq..."

"Vətən daşı" sənədli filmləri Azərbaycan əsgərinin - İkinci Qarabağ müharibəsində (mahiyyəti etibarilə Vətən müharibəsində) şəhid olan döyüşçülərimizin xarakteri haqqında sənət əsəridir, tarixin özünün tarixləşdirdiyi hadisələr haqqında qürur - elegiyadır (elegiya-qürurdur). Sənədli filmlərin poetikası da könüləyatımlıdır. Deyilənlərin səmimiliyi, deyilənlərin bir-biriylə məntiqi uyğunluğu, hər kəlmənin ruhmisal işığı əsərlərin fəlsəfi qayəsini səxavətlə açır. Ssenari müəllifi kimin nəsə deməsini əvvəlcədən müəyyənləşdirir, nə deyiləcəyini bilmir. Bilir ki, işıqlı ömürlər haqqında işıqlı fikirlər deyiləcək. O gözəl gümanlar gərəkli (və gerçək!) fikirlərlə tamamlanır - sənədli film yaşarı əsər kimi düşüncələrə hopur.

"Vətən daşı" sənədli filmlərində şəhidlər dürüst, səmimi, qətiyyətli epitetləri ilə tanıdılır. Əslində, sənədli filmlərdə şəhidlərimiz bu ortaq ifadələrlə obrazlaşdırılır.

Vüsal Şükürov həqiqi hərbi xidmətdə Aprel döyüşlərinin iştirakçısı olub. O da rəşadətlə döyüşüb. İkinci Qarabağ müharibəsi başlayanda o da döyüşlərə getmək istəyib - gedib. Döyüşüb. Alxanlıda ağır döyüşlərin iştirakçısı olub. Cəbrayılda da döyüşüb, Şuşada da. Son döyüşü Şuşada olub Vüsalın; Vüsal Şuşanın işğaldan qurtuluşunu görüb. Bir ürək tutumunca o da sevinib. Son nəfəsi də Şuşaya qismət olacaqmış...

Ssenari müəllifi bu məqamın bir sevgi elegiyası kimi təqdiminə nail olub. Bu sevgi Vətənə sevgidi. "Vətən daşı" sənədli filmləri həm də Vətən haqqında dünyəvi duyğular əsəridir. Gümüş üzüklər haqqında səslənən fikirlər də sənədli filmin milli mentalitetdən rişələndiyinin təsdiqi kimi dinlənilir (və belə də yaşadılacaq!).

"Vətən daşı" sənədli filmləri istər ayrılıqda, istərsə də vəhdətdə ideyalı, sənətkarlıqla hazırlanmış əsərlərdir. Baxırsan və filmlər sənə deyir ki, "Vətən daşı" şəhidlik - əbədilik qafiyəsinin poetikasıdır. Bu poetikada elegiya çalarları yoxdu, qürur var. Filmlərin aşıladığı gərəkli (və tarixi!) ideyaya görə qəhrəmanlığın qüruru qələbənin qürurudur. Bu məqamı "Vətən daşı"nın uğurlarını şərtləndirən amillərdən biri bilirəm. "Vətən daşı" sənədli filmləri ruhun ruhlarla kəlmələşməsidi sanki. Bu filmlər həm də deyir ki, şəhidlərimiz qəhrəman olmaq üçün döyüşməyiblər, qəhrəmanlıqla döyüşüblər...

"Vətən daşı" ömürlər haqqında əbədilik nəğməsidi. Bu nəğmə sənədli filmlərin yaradıcılarının İkinci Qarabağ müharibəsində qazanılan Zəfərə ehtiramlarıdı, Azərbaycançılığa ehtiramdı, Vətən daşı olmağa çağırışın ehtiramıdı...

"Vətən daşı" sənədli filmləri şəhidliyə ehtiramdır. Respublika Xatirə kitabının hazırladığı bu sənədli filmlər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəhidliyə ehtiramına ehtiramdır və Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin bu layihənin davamlı olmasını təmin edəcəyinə də inanırıq...