"44 gün - Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin növbəti təqdimatı Xaçmazda oldu...


Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyası 15 noyabr tarixində Heydər Əliyev adına Xaçmaz rayon Mədəniyyət Mərkəzində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün "44 gün – Tarixi zəfər” adlı üçcildliyin ("A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimini keçirib.

Mərasimdə Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan şəhid ailələri iştirak edirdi. Tədbir boyu şəhid ailələrinin səmimi qarşılanması müşahidə edildi, onlara "44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildi təqdim olundu.

Məlumat üçün bildirək ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumatlar verilib (digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür).

Bu vaxta qədər Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli Qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr edilib. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.

Xatirə kitablarının nəşri həm də ona dəlalət edir ki, «Heç kim unudulmur, heç nə yaddan çıxmır».

Xaçmaz, Quba, Qusar, Şabran və Siyəzən rayonlarından olan şəhid ailələrinin iştirakı ilə keçirilən tədbiri giriş sözü ilə şair-publisist Rəfael Tağızadə açaraq, Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən Vətən oğullarının qəhrəmanlığından danışdı. Sonra sözü Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmədovaya verdi. N.Məmmədova çıxışında bildirdi ki, şəhidlərimizin xatirəsini əbədiləşdirmək Xatirə Kitabı redaksiyasının missiyasıdır və kollektiv bu işin öhdəsindən uğurla gəlir...

Tədbirdən hazırlanan geniş reportajı növbəti sayımızda təqdim edəcəyik.

İradə SARIYEVA
Xaçmaz