Ağcabədidə “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin təqdimat mərasimi keçirilib



Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyası Ağcabədi şəhər Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün "44 gün – Tarixi zəfər” adlı üçcildliyin ("A-Ə” hərfləri üzrə) birinci cildinin təqdimat mərasimini keçirib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Ağcabədi, Ağdam və Laçın rayonlarından olan şəhid ailələrinin də iştirak etdiyi tədbirdə əvvəlcə respublikamızın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirib ki, kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib (digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür).

Bu vaxta qədər Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr olunub. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika Xatirə Kitabı Redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.

Respublika Xatirə Kitabı Redaksiyası, həmçinin "Vətən daşı... və ya 44 günün dastanı” adlı layihə əsasında 8 sənədli film çəkib. Bu filmlərin 4-ü geniş ictimaiyyətə təqdim olunub.

"Heç kim unudulmur, heç nə yaddan çıxmır!” devizi ilə ərsəyə gələn Xatirə kitabı xalqımızın qəhrəman övladlarının şücaətini, döyüş və hünər yollarını əks etdirən yeganə məlumat bazasıdır. Bu kitabın bugünkü və gələcək nəslin daş yaddaşına çevrilməsi özü tarixi bir hadisədir.

Ağcabədi Regional Mədəniyyət İdarəsinin rəis müavini Elçin Cəfərov "44 gün – Tarixi zəfər” adlı üçcildli kitabın ("A-Ə” hərfləri üzrə) birinci cildi ilə bağlı fikirlərini bildirib. Kitabın nəşrə hazırlanmasında əməyi keçən bütün əməkdaşlara təşəkkürünü ifadə edib.

Tədbirdə şəhid ailələrinə "44 gün – Tarixi zəfər” adlı üçcildliyin ("A-Ə” hərfləri üzrə) birinci cildi təqdim olunub. Ağcabədi rayonundan olan şəhid Ömər Rəhimli, Əmrah Abışov və Vüsal Şükürovun həyatı, keçdiyi döyüş yolundan bəhs edən "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından "Vətən daşı... və ya 44 günün dastanı” sənədli filmləri nümayiş etdirilib.