“44 gün – tarixi Zəfər” çoxcildliyinin növbəti təqdimatı



Bakı Ekspo Mərkəzində Mədəniyyət Nazirliyinin Respublika Xatirə Kitabı Redaksiyası tərəfindən çap edilən "44 gün – tarixi Zəfər” adlı üçcildliyin I cildinin ("A-Ə” hərfləri üzrə) təqdimatı keçirilib.

AZƏRTACxəbər verir ki, VIII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində gerçəkləşən tədbirdə çıxış edən Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova Azərbaycan xalqının mübariz və sarsılmaz olduğunu söyləyib.

Vətən müharibəsində Qələbəmizdən danışan N.Məmmədova bildirib ki, torpaqlarımızın düşmən işğalından azad edilməsi artıq zərurətə və mənəvi ehtiyaca çevrilmişdi. Vətən müharibəsi qəhrəman oğulların sayəsində 44 günə bunu gerçəkləşdirdi. Vətən uğrunda şəhid və qazi olan oğullarımızın qəhrəmanlıqları xalqımızın yaddaşına ədəbi yazılıb.

Kitab haqqında məlumat verən baş redaktor ilk təqdimat mərasiminin Bakıda, ikincisinin Gəncə, üçüncüsünün isə Masallıda keçirildiyini söyləyib: "44 gün – tarixi Zəfər” kitabının I cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində, Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib.

Daha sonra Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Aparatının əməkdaşı Azadə Novruzova, "Mədəniyyət/Culture” jurnalının baş redaktoru Zöhrə Əliyeva və digərləri çıxış edərək kitab haqqında fikirlərini bölüşüblər.

Qeyd olunub ki, xalqımız torpaqlarımızın azadlığı uğrunda şəhidlik zirvəsinə ucalan Vətən övladlarını heç vaxt unutmayacaq. Bildirilib ki, Respublika Xatirə Kitabı Redaksiyası "Bakı-xəbər” qəzeti ilə birgə layihə əsasında "Şəhidlər ölməz, Vətən bölünməz!” seriyasından bədii-publisistik kitabların nəşrini həyata keçirir.

Tədbir çərçivəsində bu seriyadan nəşr edilmiş "El harayına can deyən şəhid Elcan” kitabının da təqdimatı olub.

Kitabın müəllifi Elvin Arifoğlu vurğulayıb ki, əsər Vətən müharibəsində şəhid olmuş Elcan Muradovun həyat yoluna həsr olunub. 19 yaşlı Elcanın gəncliyə örnək davranışları, mənəvi keyfiyyətləri real hadisələr əsasında bədii formada təqdim olunur.

"Azəri” poliqrafiya müəssisəsində çap olunan kitabın redaktoru Kəmalə Mirzəyevadır.