Masallı rayonunda “44 gün – Tarixi zəfər” adlı üçcildliyin birinci cildinin təqdimat olacaq


Sentyabrın 21-də Mədəniyyət Nazirliyinin Respublika "Xatirə kitabı” redaksiyası Masallı rayon Nizami Gəncəvi adına Mədəniyyət Mərkəzində Vətən müharibəsində həlak olanların adlarının və xatirələrinin əbədiləşdirilməsi üçün "44 gün – Tarixi zəfər” adlı üçcildliyin ("A-Ə” hərfləri üzrə) birinci cildinin növbəti təqdimat mərasimini keçirəcək.

Mərasimə Cəlilabad, Yardımlı və Masallı rayonlarından olan şəhid ailələri dəvət olunub.

Kitabın birinci cildində min nəfərə yaxın döyüşçü – Aprel döyüşlərində və Tovuz hadisələrində, həmçinin Vətən müharibəsində həlak olmuş şəxslər barədə ensiklopedik məlumat verilib (digərlərinin də adlarının əbədiləşdirilməsi istiqamətində növbəti cildlər üzərində işlər görülür).

Bu vaxta qədər Respublika "Xatirə kitabı” redaksiyasında İkinci Dünya müharibəsi, Əfqanıstan döyüşləri, 20 Yanvar faciəsi, Xocalı soyqırımı, Qarabağ müharibəsi zamanı torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə həlak olmuş, itkin düşmüş, əsir götürülmüş vətəndaşlarımız, Milli qəhrəmanlarımız haqqında əhatəli materiallar əldə edilərək bir sıra kitablar nəşr edilib. Bütünlükdə bu şəxslərin adlarının əbədiləşdirilməsi Respublika "Xatirə kitabı” redaksiyasının ümdə işidir və redaksiya hazırda da bu istiqamətdə araşdırma işlərini davam etdirməkdədir.