Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalovun xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub


Füzuli rayonu Horadiz şəhərində Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalov adına 3 N-li tam orta məktəbdə şəhidin adının əbədiləşdirilməsi məqsədi ilə inşa edilən abidə kompleksinin açılış mərasimi olub.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılış mərasimində Füzuli Rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin rəisi, Füzuli rayon Təhsil Sektorunun rəhbəri, şəhid ailələri, qazilər, rayon ictimaiyyətinin, N saylı hərbi hissənin nümayəndələri, məktəbin kollektivi, ağsaqqallar iştirak ediblər.

Əvvəlcə, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. "Şəhid abidə kompleksi”nin qarşısına tər gül dəstələri düzülüb və şəhidlərin xatirəsi anılıb.

Çıxış edən icra başçısı Alı Alıyev Ali Baş Komandan İlham Əliyevin 44 günlük Vətən müharibəsində yürütdüyü qətiyyətli siyasətdən, şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan söz açıb, işğal altında olan torpaqlarımızın şəhidlərimizin, qazilərimizin canı-qanı bahasına azad edildiyini xüsusilə vurğulayıb. Bildirilib ki, belə qəhrəmanlar sırasında Vətən Müharibəsi Qəhrəmanı Fəqan Zalov da yer alır. Onun Vətənə olan sevgisindən və döyüş yolundan danışanlar qeyd ediblər ki, Fəqan əslən Füzuli rayon Aşağı Güzlək kəndindən olan və Sabirabad rayonu Qalağayın kəndində məskunlaşan Zalovlar ailəsində 1997-ci il aprelin 1-də dünyaya göz açıb. Hələ kiçik yaşlarından ata-baba yurdunun həsrəti ilə böyüyən Fəqan gələcəkdə hərbçi olmaq arzusu ilə yaşayıb. 2015-ci ildə həqiqi-hərbi xidmətə ruh yüksəkliyi ilə yollanıb, 2016-cı il Aprel döyüşlərinin iştirakçısı olub.

Fəqan döyüşlər zamanı yaralansa da, müalicəsi bitdikdən sonra yenidən xidmətə qayıdıb. O, müddətli xidmətini bitirdikdən doqquz ay sonra yenidən ordu sıralarına qayıdıb. Xüsusi kurs təlimindən keçən Fəqan Hərbi Dəniz Qüvvələrində xidmətini davam etdirib. Xəzəryanı dövlətlərin birgə təşəbbüsü ilə keçirilən beynəlxalq dəniz kuboku yarışlarında iştirak edib. Onun xidmət etdiyi döyüş gəmisi dəniz kuboku yarışlarında dəfələrlə qalib gəlib. Fəqan "N” saylı hərbi hissənin nəzdində olan Xüsusi Təyinatlı Kəşfiyyat kursunu birincilik dərəcəsi ilə bitirdiyinə görə "kiçik miçman” rütbəsinə yüksəlib. Hərbi hissədə Su Altı Hücum (SAH) Xüsusi Təyinatlı Qüvvələrində xidmətini davam etdirərək kəşfiyyatçı kimi "Dağçılıq”, "Paraşüt”, "Antiterror”, "Amfibiya” kurslarını bitirib. Xidməti dövründə "Azərbaycan Ordusunun 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunub.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı ilk döyüşə atılanlar sırasında o da yer alıb. Cəbrayıl rayonundan başlayan əks-hücum əməliyyatlarında düşmənin illər boyu qurduğu və möhkəmləndirdiyi mühəndis-istehkam və müdafiə zolaqlarının yarılmasında, strateji yüksəkliklərin ələ keçirilməsində fərqlənib. Fəqanın da yer aldığı Xüsusi Təyinatlı Qüvvələr tərəfindən dörd gün ərzində Cəbrayıl şəhəri istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Cəbrayıl şəhəri və rayonun 14 yaşayış kəndi işğaldan azad edilib. Oktyabrın 11-də Cəbrayıl rayonunun Soltanlı kəndi istiqamətində qəlpə yarası alan Fəqan hospitalda müalicə alıb, yenidən döyüş meydanına qayıdıb. Xocavənd istiqamətindəki yüksəkliklərin, eləcə də Qubadlının azad edilməsi uğrunda döyüşlərdə də fərqlənib. Onun son döyüşü Xocavənd istiqamətində olub. Noyabrın 9-da Xocavənddə "Qızılqaya” adlı ərazidə qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Döyüşlərdə göstərdiyi şücaətə görə Fəqan Zalov ölümündən sonra Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb. Həmçinin "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Qubadlının azad olunmasına görə” medalları ilə təltif olunub.