Abşeron rayonunda şəhid Əli Əliyevin doğum günü qeyd edilib


Xalqımızın Zəfər qazandığı 44 günlük Vətən müharibəsində igidliklə döyüşərək şəhidlik zirvəsində ucalan, "Vətən uğrunda”, "Şuşanın azad olunmasına görə”, "Cəbrayılın azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "İgidliyə görə” medallarına layiq görülən Əliyev Əli Ələsgər oğlunun 25-ci doğum günü qeyd edilib.

Anım tədbirində Abşeron Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə başçının müavini Gülnar Rəhimova, şəhid ailələri və Qobu qəsəbə ictimaiyyəti iştirak edib.

AZƏRTAC xəbər verir ki, mərasim iştirakçıları şəhid Əli Əliyevin Qobu qəsəbəsindəki məzarını ziyarət edib, ruhuna dualar oxuyublar.

Şəhidimizin keçdiyi döyüş yolundan danışılıb, onun göstərdiyi xidmətlərdən və şücaətlərdən bəhs edilib.

Sonra şəhidin əvvəllər yaşadığı evə gedən Gülnar Rəhimova Əli Əliyevin ailə üzvləri ilə görüşüb, onların qayğıları və problemləri ilə maraqlanıb.

Şəhid Əli Əliyevin yaxınları ölkəmizdə şəhid ailələrinə dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini söyləyib, buna görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyeva təşəkkürünü bildiriblər.