Lənkəranda şəhid Mikayıl Nəzərovun xatirəsinə inşa edilən abidə-kompleksin açılış mərasimi keçirilib


Lənkəranın Parakənd tam orta məktəbinin həyətində Birinci Qarabağ müharibəsi şəhidi Mikayıl Nəzərovun xatirəsinə inşa edilən abidə-kompleksin açılış mərasimi keçirilib. Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, icra aparatının rəhbər işçiləri, şəhidin ailə üzvləri, qazilər və kənd ictimaiyyəti iştirak ediblər.

AZƏRTACxəbər verir ki, mərasimdə çıxış edən icra başçısı M.Nəzərovun keçdiyi döyüş yolu və göstərdiyi qəhrəmanlıqlar barədə danışıb. Xatirə kompleksinin açılışının şəhidimizin 60 illiyinə təsadüf etdiyini vurğulayan Taleh Qaraşov bildirib ki, şəhidlərin xatirəsinin əbədiləşdirilməsi ilə bağlı görülən işlər və irəli sürülən təşəbbüslər gənc nəslin vətənpərvər ruhda tərbiyə almasında misilsiz əhəmiyyətə malikdir. "Heç təsadüfi deyil ki, bu gün Parakənd tam orta məktəbi məhz məzunu olduğu şəhid Mikayıl Nəzərovun adını daşıyır”, - deyən icra başçısı qeyd edib ki, məktəbdə təhsil alan şagirdlər şəhidimizin həyat və döyüş yolunu öyrənərək onun kimi milli ruhda böyüyəcəklər. 44 günlük Vətən müharibəsində qazandığımız Zəfər barədə danışan T.Qaraşov bildirib ki, haqq mübarizəmizdə canını fəda edən, düşmənlə üz-üzə qorxmadan dayanan və daim irəli getmək əzmində olanların çoxu məhz gənc nəslin nümayəndələri olublar. Lənkəranlı gənclərin Vətən müharibəsində xüsusi qəhrəmanlıqlar göstərdiyini vurğulayan icra başçısı onların şücaətinin gələcək nəsillərin yetişməsində nümunə olaraq qalacağını qeyd edib.

Şəhidin ailə üzvləri adından çıxış edən qızı Ramilə Nəzərova ölkəmizdə şəhid ailələrinə, qazilərə və müharibə iştirakçılarına göstərilən qayğı və diqqətdən razılığını ifadə edib. Ailə üzvləri adından dövlətimizin başçısı İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlığını bildirib.

Daha sonra Parakənd tam orta məktəbinin şagirdlərinin ifasında şəhidlərimizə həsr olunan şeirlər səsləndirilib, musiqi ifa olunub.