Tarix Muzeyində şəhid Elvin İslamovun şəxsi əşyaları qorunur



AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyinin Vətən müharibəsi fondunda şəhid Elvin İslamovun şəxsi əşyaları qorunur.

Bu barədə AZƏRTAC-a muzeydən məlumat verilib.

Bu gün – fevralın 18-də şəhid Elvin İslamovun doğum günündən 27 il ötür. O, 1995-ci ildə Bakı şəhərində anadan olub. Orta təhsilini Bakı şəhəri 158 nömrəli orta məktəbdə alan E.İslamov həmin məktəbi bitirdikdən sonra 2013–2014-cü illərdə hərbi xidmətdə olub. O, 2020-ci il sentyabrın 21-də hərbi təlimlərə qatılıb.

Vətən müharibəsində iştirak edən gizir Elvin İslamov torpaqlarımızın işğaldan azad olunması uğrunda düşmənə qarşı döyüşlərdə igidlik və fədakarlıq nümunəsi göstərib. O, Füzulinin azad olunması uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Elvin İslamov "Vətən uğrunda”, "Cəbrayılın azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.