Milli Qəhrəmana həsr olunan kitab Bakı Ekspo Mərkəzində ictimaiyyətə təqdim edildi

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində oktyabrın 6-dan 10-dək keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində oktyabrın 8-də Respublika Xatirə Kitabı Redaksiyasının (RXK) nəşr etdiyi "İgid ömrü” kitabının təqdimat mərasimi keçirildi. "İgir ömrü” Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun vətənpərvərlik dolu qısa və mənalı həyatından, döyüş yolundan və misilsiz qəhrəmanlığından, şücaətindən bəhs edir. Heç şübhəsiz ki, Vətənimizin ərazi bütövlüyü yolunda şəhid olan hər bir Vətən övladının ruhu xalqımız üçün əzizdir, bu torpağın üstünə tökülən şəhid qanı müqəddəsdir. Bu kitabda da öz əksini tapan gözəl bir türk kəlamı var: "Torpaq su ilə qarışanda palçıq, qan ilə qarışanda Vətən olur”.

"İgid ömrü”nün müəllifi, tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablı Milli Qəhrəman haqqında yazdığı kitabın necə ərsəyə gəldiyindən danışdı. "Doğru deyirlər ki, təsadüflər olmur, bütün təsadüflər əlahəzrət zərurətin bətnindən doğulur. Xatirə Kitabı redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın əslən Xocalıdan olan Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstəmovun bacısı Fiqurə Rüstəmova ilə təsadüfən görüşməsi bu kitabın ərsəyə gəlməsində bir vəsilə oldu. Biz Füzuli Rüstəmov haqqında araşdırma apararkən məlum oldu ki, o bütün Milli Qəhrəmanlardan fərqli bir insandır. Füzuli Rüstəmov heç bir mübağiləyə, heç bir şişirtməyə ehtiyacı olmayan Milli Qəhrəmandı. Füzuli Rüstəmov bəlkə də yeganə Milli Qəhrəmandır ki, Xocalı camaatı ellikcə ayağa qalxıb ona Milli Qəhrəman adının verilməsini tələb ediblər. Füzulinin həyatda yeganə bir bacısı qalıb...”

F.Rüstəmovun qəlbən Xocalıya, Azərbaycana bağlı olduğunu xüsusi vurğulayan N.Zöhrablı qeyd etdi ki, kitabın yazılması gecikdiyi üçün çapı da gecikib, amma bu gecikmə kitaba ziyan vurmayıb, əksinə onun yeni səhifələrinin yaranmasına səbəb olub. Nəticədə Zəfərlə başa çatan 44 günlük müharibənin qələbə sorağı da F.Rüstəmov haqqında yazdığı kitabın səhifələrində canlandırılıb: "Füzulinin ən böyük arzusu olan Qarabağın azadlığı bu kitabın yazılması məqamına düşdü və biz də bunu həvəslə kitabımıza saldıq. Bu bizim üçün böyük xoşbəxlikdi, bu məqamı kitabın redaktoru, şair-publisist Əli Rza Xələfli də xüsusi qeyd edib. Füzulinin arzularının doğulması bu kitabda öz əksini tapdı”.

N.Zöhrablı qeyd etdi ki, Milli Qəhrəmanların, ümumən bütün şəhidlərimizin həyatı, döyüş yolu araşdırılmalı və kitablaşdırılmalıdır, çünki onların döyüş yolu Azərbaycanın qəhrəmanlıq salnaməsidir. Azərbaycan xalqının yaddaş etalonunda bu mövzuda yazılan kitabların xüsusi yeri olduğunu deyən N.Zöhrablı bildirdi ki, bunlar zamanla dərsliklərdə, filimlərdə və s. də öz əksini daha parlaq şəkildə tapmalıdır.

Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova bildirdi ki, Xatirə Kitabı redaksiyası 22 ildir şəhidlərimizə ədəbi abidə qoymaq işi ilə məşğuldur. N. Məmmədova çıxışında qeyd etdi ki, Milli Qəhrəman Füzuli Rüstəmova həsr edilən "İgid ömrü” sənədli povesti rəhbərlik etdiyi redaksiya ilə "Bakı-Xəbər” qəzetinin birgə layihəsi əsasında "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından çap olunan növbəti kitabdır: "Bu seriyadan nəşrə hazırladığımız və bu gün sizə təqdim etdiyimiz növbəti kitabımız Azərbaycanın Milli Qəhrəmanı Füzuli Rüstımovun həyat və döyüş yoluna həsr olunub. Füzuli Xocalıdan öz ailəsini də, qonşularını da çıxarmışdı, amma bununla kifayətlənməyib daha çox insanı xilas etmək üçün yenə geri qayıdırdı. Deyirdi ki, hələ kənddə qalanlar var, arvad-uşaq, qız-gəlin orada qalıb, mən onları da xilas etməliyəm, onlar ermənilərin əlinə düşməməlidir. İnanın ki, qəhrəman Füzuli bilə-bilə özünü ölümün pəncəsinə atdı, o insanları xilas edərkən şəhid olacağını bilirdi. Amma yolundan dönmədi, son nəfəsinə qədər insanları xilas etdi...

Sonra təqdimat mərasimindəı Milli Qəhrəmanın bacısı Fiqurə Rüstəmova çıxış edərək Füzulinin həyat və döyüş yolları haqqında təfsilatı ilə məlumat verdi. Onun özünü Xocalı və xocalılar yolunda bir şam kimi əritdiyinin detallarını tədbir iştirakçılarının diqqətinə çatdırdı və kitabın çapında, eləcə də tədbirdə iştirak edənlərə öz dərin minnətdarlığını ifadə etdi.

Təqdimat mərasiminə təşrif buyurmuş xeyli sayda sərgi iştirakçıları və qonaqlar Xatirə kitabının guşəsinə yaxınlaşaraq "İgid ömrü” kitabının sərgiləndirilən nüsxələri ilə tanış oldular.