Azərbaycanın Milli Qəhrəmanı İlqar Mirzəyevin anım mərasimi keçirilib



Ötən ilin iyulunda Ermənistan-Azərbaycan dövlət sərhədinin Tovuz rayonu istiqamətində gedən döyüşlər zamanı düşmən hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olan Azərbaycanın Milli Qəhrəmanı polkovnik İlqar Mirzəyevin doğum günü münasibətilə mayın 8-də Müdafiə Nazirliyinin bir qrup hərbi qulluqçusu igidimizin məzarını ziyarət edib, üzərinə gül dəstələri düzüb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, anım mərasimində Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə İlqar Mirzəyevin şərəfli həyat yolundan, onun vətənpərvərliyindən, göstərdiyi şücaət və qəhrəmanlıqdan danışılıb.

Çıxışlarda İlqar Mirzəyev kimi vətənpərvər oğullarımızın xalqımızın yaddaşında əbədi yaşayacağı, onun kimi igidlərimizin qəhrəmanlığının gənc nəslə örnək olduğu vurğulanıb.