Qazaxıstan “Ehtiyatda Olan Hərbi Qulluqçular İttifaqı”nın prezidenti Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədrinə məktub göndərib
Qazaxıstan Respublikasının "Ehtiyatda Olan Hərbi Qulluqçular İttifaqı”nın prezidenti Aytkali İsenqulov Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Tofiq Ağahüseynova məktub göndərib.
AZƏRTAC xəbər verir ki, məktubda deyilir:
"Hörmətli Tofiq Yaqub oğlu!
Əziz qardaşlar, Gəncə şəhərinin erməni işğalçılar tərəfindən atəşə tutulması və dinc sakinlərin həlak olması barədə xəbərlərə görə dərin təəssüf hissi keçirdiyimi və dərdinizə şərik olduğumu bildirirəm. Müharibə aparılması ilə bağlı bütün beynəlxalq qaydaların pozulması olan bu vandalizm aktı, xüsusən atəşkəs rejimi elan ediləndən sonra, bütün Qazaxıstan xalqını hiddətləndirib.
Dinc vətəndaşların, xüsusən qocaların, qadınların və uşaqların həlak olması beynəlxalq humanitar hüquq normaları və prinsiplərinin açıq-aşkar pozulmasıdır və bütün dünya əhalisini hiddətləndirir. Belə qeyri-insani hərəkətləri yalnız Hitler faşistləri kimi qəddar provokatorlar, köməksiz insanlara qarşı silah tətbiq etməyə qabil olan vəhşilər edə bilər. Bunlar müharibə cinayətkarlarıdır, bu əməllərə görə Ermənistanın siyasi rəhbərliyi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.
Mən ölkəmizin sadə insanları arasındayam və onların əhvalını, niyyətlərini bilirəm. Onlar bu vandalizm aktını yekdilliklə pisləyiblər və sülhsevər Azərbaycan xalqını, onun müzəffər ordusunu öz əzəli torpaqları olan Dağlıq Qarabağın azad edilməsi uğrunda mübarizədə bütünlüklə dəstəkləyirlər.
Biz həmişə yadda saxlayırıq ki, bizi din və dil ortaqlığı, qarşılıqlı hörmət münasibətləri birləşdirir. Üçüncü ölkələr Ermənistan tərəfində bu münaqişəyə müdaxilə edəcəyi halda Orta Asiyada bizim vətəndaşlarımızın çoxu könüllü surətdə azərbaycanlı qardaşlarımızla çiyin-çiyinə dayanacaqlar.
Biz inanırıq ki, bu müharibə müzəffər Azərbaycan ordusunun qələbəsi ilə başa çatacaq və Dağlıq Qarabağ torpaqları öz həqiqi sahibinə - Azərbaycana qaytarılacaq”.