"Fəxr edirəm ki, zabitlər anası, zabitlər qayınanasıyam" - Müsahibə
NƏZAKƏT MƏMMƏDLİ: "MƏNCƏ, ƏN YAXŞI ANA ÖZ ÖVLADLARINA VƏTƏNİ CANDAN ÇOX SEVMƏYİ AŞILAYANDIR"
"Yada düşdü" jurnalının təsisçisi və baş redaktoru, şair, publisist Nəzakət Məmmədlinin üç övladı hazırda ön cəbhədə vətənin keşiyindədir. Nəzakət xanım bir ana kimi övladları üçün nə qədər nigaran olsa da, bir azərbaycanlı xanım kimi qürurludur. Nəzakət xanımın bu duyğular fırtınasına daha yaxından şahid olmaq üçün, hazırkı vəziyyətini də nəzərə almaqla, yığcam söhbət elədik.
- Nəzakət xanım, bu gün üç övladınız cəbhədədir. Onları bir qədər tanıdardınız bizə...
- Mənim üç övladım var. Qızım hərbi həkimdir, oğlanlarım isə biri polkovnik-leytenant, digəri mayordur. Polkovnik-leytenant olan oğlum lap ön cəbhədədir. Bildiyiniz kimi, Qarabağ uğrunda rəşadətli ordumuz döyüş əməliyyatlarını uğurla icra edir. Bütün xalqımız kimi, mən də buna çox sevinirəm. Amma o sevincin içərisində təbii ki, çox böyük ana narahatlığı var. Elə müharibə başlayan gün güclü sarsıntı yaşadım. Çox qorxurdum. Birdən-birə beynimdə sanki bütün arzularım, düşüncələrim alt-üst olmuşdu. Amma inanın, o narahatlığı oğlumun zəngi aradan qaldırdı. O dedi ki, şükür, Allah bu günü bizə qismət elədi, biz artıq öz torpaqlarımız uğrunda müharibə edirik və o yerlərimizi lap yaxın günlərdə işğaldan azad edəcəyik. Doğrusu, bunu əvvəl bir təsəlli kimi qəbul elədim Sonradan gördüm ki, həqiqətən də cəmi 2 gün ərzində bizə böyük qələbələr yaşadırlar. Allah hər kəsin balasını qorusun, hər kəs sağ-salamat qayıtsın, mənim üç balam da onların içində. Qızım hərbi həkimdir. İnanın, gecəsi-gündüz yoxdur.
- Bir ana kimi nələr düşünür, nə hiss edirsiniz?
- Dostoyevskinin bir fikri var ki, övlad dünyanın ən böyük səadətidir. Bəli, mən də bu fikirlə razıyam. Bu dəqiqə bir ana kimi böyütdüyüm o üç övladın arzularının təşnəsində yanıram ki, tezliklə balalarım sağ-salamat, zəfərlə qayıtsınlar. Onların seçdikləri peşə çətin və şərəflidir. Böyük oğlum ilk dəfə 14 yaşında hərbçi olmaq istədiyini deyəndə evdə hamımız narazı olmuşduq. Çünki çox yaxşı oxuyurdu. Ona görə istəyirdik təhsilini davam etdirsin. O isə inadkarlıqla dedi ki, bu dəqiqə vətənə savadlı, peşəkar zabitlər lazımdır. Mən onda inadından dönməyən oğlumun qarşısında elə aciz göründüm ki... İndi də ondan nə qədər narahat olsam da, o qədər qürurluyam. Bir şeirim var: "Mən zabit anasıyam". Fəxr edirəm ki, zabitlər anası, zabitlər qayınanasıyam. Gəlinlərim də rütbə daşıyırlar. Bununla fəxr edirəm.
- Övladlarınızda bu yüksək vətənpərvərlik hissləri necə formalaşıb?
- Məncə, bu, övlada ananın südüylə keçir. Başqa cür mümkün deyil. Bu hisslər evdən, o uşağın doğulduğu ocaqdan qaynaqlanır. Mən də hər zaman bütöv Azərbaycan arzusunda olmuşam. Babam Ərdəbildən gəlib. Mən balaca olanda evimizdə bir radio vardı. Həmişə görürdüm ki, rəhmətlik atam günorta saatlarında o radioda Arazın o tayını tutub musiqiyə qulaq asır. Onun həmin vaxt gözündən axan yaşlar indi də gözümün qabağındadır. Öz-özümdən soruşurdum ki, atamı ağladan nədir? Amma ondan soruşmurdum. Sonralar bu suala özüm cavab tapdım ki, vətən həsrəti, nisgili imiş. Bu nisgil ona öz atasından miras qalmışdı. Bu vətən sevgisi mənə babamdan, atamdan qalan sevgi idi ki, mən onu övladlarıma aşılaya bildim. Atamın arzusu idi ki, öz atasının gedə bilmədiyi Ərdəbilə getsin. Onların arzusunu mən həyata keçirmişdim. Yollar açılanda ilk səfər etdiyim yer Ərdəbil olmuşdu. Budur vətənpərvərlik. Əgər bir insan vətən üçün canını verə bilmirsə, ondan heç nə gözləməyə dəyməz.
- Övladları ön cəbhədə olan analara nə demək istərdiniz?
- Ən yaxşı ana o anadır ki, övladlarına vətəni candan çox sevməyi aşılaya bilsin. Hardasa oxumuşdum ki, türk anası övladını cəbhəyə yola salanda ona belə bir xeyir-dua verir: "Əgər kürəyindən yaralanıb şəhid olsan, südüm sənə halal olmasın!" Bunu ilk eşidəndə adam qəribə hisslər keçirir ki, bir ana da belə xeyir-dua verərmi? Amma sonra dərinə vardıqda görürsən ki, ana öz doğub-böyütdüyü övladıyla fəxr etməlidir. Otuz ildən çoxdur ki, bu qan-qadanın içindəyik. Baş redaktoru olduğum "Xatirə" kitabında qəhrəman oğullarımızın ad-soyadlarını gördükcə, onlardan bəzilərinin anaları, bacıları ilə qarşılaşanda qürur duyuram. Bəli, onların hamısının dərdi birdir, amma ən böyük təsəlliləri də övladlarının məhz şəhidlik zirvəsinə ucalmasıdır. Bu, hər kəsə qismət olmayan bir zirvədir. Övladları ön cəbhədə olan analara üzümü tutub deyirəm ki, möhkəm olaq. Bizim balalarımız haqq yolunda, ədalət yolunda, torpaqlarımız uğrunda döyüşürlər. Bu dəqiqə onlara bizim dualarımız qədər heç nə lazım deyil. Ancaq dua edək ki, onlar sağ-salamat torpaqlarımızı alıb, üzüağ yanımıza qayıtsınlar, qurbanlarını kəsək. Mən hər balam üçün ayrıca qurban demişəm. Təki, Qarabağımız geri alınsın.
- Xalqımızın bugünkü əzmini necə qiymətləndirirsiniz?
- "Bağışlama bizi, Vətən" adlı şeirimin sonunda deyilir:
İrəvanda gur səsimiz döyünə,
Qarabağda bayrağımız öyünə,
Ayaqyalın gedim o toy-düyünə,
Öpsün vətən torpağını gözlərim,
Dəysin vətən torpağına dizlərim.
Bu şeiri 15 il əvvəl yazmışdım. Onda bizim qisasımız alınmamışdı. Bu gün isə artıq bayraqlarımız doğma yurdlarımıza, şəhid qanı axıdılan yerlərə sancılır.
Bir neçə il öncə Türkiyənin Əskişəhər şəhərində olarkən oteldə işləyən Gülər adlı cavan qızla tanış olmuşdum. Adı diqqətimi çəkdi, soruşdum ki, sizdə də bu ad var? Dedi, Özbəkistandan gəlmisiz? Dedim, yox, Azərbaycandan. Dedi, mən də azərbaycanlıyam. Soruşdum, harasından? Dedi, indi o torpaqlar yoxdur. Mən Xocalı qətliamında xoş təsadüf nəticəsində sağ qalanlardan biriyəm. Ailəm orda nəsli kəsilən ailələrdəndir. Məni ordakı türk qonşularımız öz uşaqlarına qatıb möcüzə şəklində ordan çıxarıblar və gəlib Türkiyəyə yerləşmişik. Gülər ordan 2 yaşında gəlib. Onun 14 yaşı olanda ölüm yatağında olan nənəsi həqiqəti ona danışır və deyir ki, sənin adın doğrudan da, Gülərdir, sən azərbaycanlısan, ailən Xocalıda qırılıb. Gülər deyirdi ki, mən Azərbaycana, Xocalıya internetdə baxıram. Mən ona dedim ki, gəl, səni aparım. Dedi, yox, mən Azərbaycana o vaxt gedəcəyəm ki, Xocalı, Qarabağ azad olunsun. Mən öz yuvama gedib, orda özümə ev quracağam. Mən ona söz verdim ki, o torpaqlar azad olunacaq. Amma inanın ki, öz içimdə ümidim az idi. İndi isə mən çox sevincliyəm. Bilirəm ki, tezliklə Gülərin vətəni də işğaldan azad olacaq və mən onu tapıb oraya dəvət edəcəyəm. Buna tək mən yox, artıq hamı inanır. Xalqımız hazırda bir yumruq kimi birləşib. Hamımızın tək amalı Qarabağdır. Əminik ki, Qarabağ azad olunacaq və biz oralara qayıdacağıq. Rəşadətli ordumuz bizi o torpaqlara qovuşduracaq!
Şahanə MÜŞFİQ