Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixində şanlı hadisələrdən biridir
Sentyabrın 15-i Qafqaz İslam Ordusunun Bakını erməni-bolşevik işğalından azad etməsinin 102-ci ildönümüdür. Heç şübhə yoxdur ki, 102 il əvvəl Azərbaycanın və Türkiyənin birgə ordusu tərəfindən Bakının erməni-bolşevik dəstələri tərəfindən azad edilməsi təkcə Azərbaycanın deyil, türk dünyasının tarixində mühüm hadisədir. Çünki məhz bu hadisədən sonra Azərbaycan Xalq Cümhuriyyətinin paytaxtı Gəncədən Bakıya köçürüldü, Cümhuriyyətin öz fəaliyyətini və mübarizəsini davam etdirməsi üçün əlverişli şərait yarandı. Bakının azad edilməsi ilə Cümhuriyyətin formalaşması yolundakı ən böyük maneə aradan qaldırıldı.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.
Bakının işğaldan azad edilməsinin Azərbaycan tarixinin ən şanlı hadisələrindən biri olduğunu bildirən polkovnik deyib: "Sevindirici haldır ki, bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin 102-ci ildönümünün qeyd olunduğu bir dövrdə Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyub. İki dövlət arasında bütün sahələrdə, eləcə də hərbi müstəvidə çox böyük inkişaf müşahidə edilir. Bu da həm Azərbaycanın, həm də qardaş Türkiyənin maraqlarına uyğundur. Son illər Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərinin sayının artması, iki dövlətin hərbi-siyasi xadimlərinin qarşılıqlı səfərləri, bu səfərlər zamanı əməkdaşlığın bütün sahələrinin inkişafı ilə bağlı əldə edilən razılaşmalar Azərbaycan-Türkiyə qardaşlığının gələcəkdə yeni zirvələrdə qərarlaşacağını göstərir”.
C.Xəlilov deyib ki, iki il əvvəl Azərbaycan paytaxtında Bakının işğaldan azad edilməsinin 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Azərbaycan və Türkiyə əsgərlərinin iştirakı, həmin coşqu və sevgi, bu tarixi hadisə həmişə yaddaşlarda qalacaq. Cümhuriyyətin qurulmasının 100-cü ildönümü münasibətilə Bakıda keçirilmiş hərbi paradda türk ordu birliklərinin iştirakı, bu yaxınlarda Türkiyə və Azərbaycan Silahlı Qüvvələrinin ölkəmizdə birgə hərbi təlimlərinin keçirilməsi təkcə tarixi xatırlatmadı, eyni zamanda, əməkdaşlığın böyük perspektivinin olduğunu göstərdi.
"Biz 102 il əvvəl Bakının və eləcə də Azərbaycanın digər torpaqlarının işğaldan azad edilməsi uğrunda şəhid olan türk və Azərbaycan hərbçilərinə Allahdan rəhmət diləyir, onları dərin hörmət və ehtiram hissi ilə anırıq. O zamanlar Bakı uğrundakı döyüşlərdə tökülən qanlar bir daha sübut edir ki, Azərbaycan-Türkiyə qardaşlığı əzəli və əbədidir. Biz 102 il öncə olduğu kimi, bundan sonra da düşmənlərimizə qarşı birgə mübarizə aparacaq, tarixin bütün sınaqlarından birgə çıxacağıq”, - deyə polkovnik C.Xəlilov vurğulayıb.