Nəzakət Məmmədova: "Qələbə - 75" yaddaşımızın gerçək abidəsi sayıla bilər"
9 May Faşizm üzərində böyük qələbənin ildönümü hər il Böyük Vətən Müharibəsində minlərlə oğul və qızlarını qurban vermiş, bir xalq olaraq böyük şücaətlər göstərmiş Azərbaycanda da dərin hörmət və sevgi ilə qeyd edilir.
Bu il qələbənin 75-ci ilində bu tarixi əbədiləşdirmək və gələcək nəsillərə böyük bir miras qoymaq adına önəmli addım atıldı. Ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyasının böyük qürur hissi ilə hazırladığı "Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi" adlı xüsusi buraxılışı bu qələbəyə və müharibədə şücaət göstərmiş Azərbaycan övladlarının ölməz ruhuna dəyərli töhfədir.
Xüsusi buraxılış faşizm üzərində qələbənin 75 illiyinə həsr edilib və 2020-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə çap olunub. Burada Azərbaycanın Böyük Vətən Müharibəsində iştirak etmiş qəhrəman oğulları haqda ətraflı məlumatlar verilib, Sovet İttifaqı qəhrəmanlarının müharibə əzmi, döyüş yolu, arxa cəbhədə çalışanların ağır əməyi, mübariz Azərbaycan qadınlarının döyüş əzmi geniş işıqlandırılıb, müharibə veteranlarına dövlət qayğısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi və bununla bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi barədə də məlumatlar əksini tapıb.
Kitabın müəllifi Respublika Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədova ilə bu buraxılış haqqında geniş söhbət etdik, araşdırma, çap və ondan sonrakı proseslərlə bağlı suallarımızı ünvanladıq:
- Nəzakət xanım, "Qələbə - 75" kitabını hazırlayarkən əsasən hansı mənbələrdən istifadə etdiniz?
- Hər bir ad özündə müəyyən bir dövrün tarixini yaşadır. Məhz bu mənada, Azərbaycan həqiqətləri öz gerçəklərini müvafiq adlarla ehtiva edib. Elə biz də Böyük Vətən Müharibəsində qələbənin şanlı yubileyinə həsr etdiyimiz kitaba ad seçərkən bu nüansları diqqətdə saxladıq və böyük şövqlə kitabımızı "Qələbə - 75" adlandırdıq. Azərbaycan xalqının mübarizə əzmini özündə xarakterizə edən bu kitabın hazırlanmasında redaksiyamız xüsusi fəallıq göstərdi və biz bir sıra mənbələrdən, məsələn, bir sıra arxiv materiallarından, Qritçenkonun və Cəlil Xəlilovun birlikdə hazırladıqları müharibə mövzulu kitablardan, Qələbənin əvvəlki yubileylərinə həsr olunmuş jurnal və foto-albomlardan, qəzet yazılarından istifadə etdik. Bu mənada "Qələbə - 75" kitabı yaddaşımızın gerçək abidəsi sayıla bilər. Kitab müharibələrin yaratdığı dəhşətlərə aşkar dəlillər gətirir, Vətənin azadlığı və bütövlüyü uğrunda canlarından keçmiş qeyrətli oğul və qızlarımız haqqında dəyərli materiallar verir, ictimaiyyətlə əlaqədə geniş imkanlara yol açır. Biz bu kitabda faşizm üzərində qələbənin 75 illik yubileyinə geniş yer ayırmış, ciddi iş görmüşük. Qarşımızda isə mühüm vəzifələr durur: "Qələbə - 75" kitabını gələcək nəsillərə ötürək, kitabın gələcək uğurunu, ölkəmizdə və xarici ölkələrdə gələcək taleyini müəyyənləşdirmək istiqamətində atılacaq addımlara prioritet yanaşaq. Bu münasibətlə görəcəyimiz hər hansı bir iş, atacağımız hər hansı bir addım müstəqil ölkəmizin dövlətçilik ənənələrinə söykənəcək. "Qələbə - 75" təkcə ədəbi-publisistik nəşr deyil, həm də bir məlumat bazasıdır, gələcək tədqiqatlara zəruri ehtiyac yaradan əhəmiyyətli mənbədir.
Bilirik ki, hər hansı bir hadisə bir tarix kimi səciyyələnir. Bu hadisənin əbədiləşdirilməsi və beynəlxalq ictimaiyyətə çatdırılması mütləq mənada vacibdir və bunun üçün müəyyən çap üsulları tələb olunur, ölkəmizin insan resurslarını tarixləşdirmək üçün mühüm tarixi sənəd funksiyası yerinə yetirəcək proseslərə ehiyac duyulur. Məhz bu səbəbdən faktlara istinad edən nəşrlərin hazırlanması Ümummilli lider Heydər Əliyevin də böyük və təqdirəlayiq təşəbbüsü hesab olunurdu. Düşünürük ki, faktlar və mənbələr əsasında hazırladığımız "Qələbə - 75" kitabı da bir Azərbaycan həqiqətidir və Qələbənin 75 illiyinə layiqli töhfədir.
- Döyüşçülərimiz haqqında bu vaxta kimi bilinməyən, ya da çox diqqət yetirilməyən hansı faktları aşkarladınız ki, bunları oxucuların bilməsinin vacib olduğunu düşünürsünüz?
- "Qələbə - 75" kitabında əsasən, insan resursları - insan varlığı və hadisələrin tədqiq prosesi öz əksini tapıb, İkinci Dünya müharibəsində həlak olmuş azərbaycanlılar, Sovet İttifaqı Qəhrəmanları, əfsanəvi qadın döyüşçülərimiz, Bakı nefti, arxa cəbhə barədə müfəssəl fikirlər yer alıb. Cəmiyyətimiz üçün faydalı bir iş hesab etdiyimiz bu kitabda qəhrəman döyüşçülərimizlə bağlı indiyədək ictimaiyyətə bəlli olmayan, diqqətdən kənarda qalan bir sıra zəruri və əhəmiyyətli faktlar da aşkarladıq. Məsələn, azərbaycanlı Sovet İttifaqı Qəhrəmanlarının döyüş əzmkarlığını, hünər və rəşadətini, Sovet İttifaqı Qəhrəmanı adı ala bilməyən cəsur oğullarımızın, kişilərdən heç də geri qalmayan, onlarla birlikdə səngərlərdə alman faşistlərinə qan udduran qadın döyüşçülərimizin, Vətən sevgisi, Bakı neftinin Qələbədə oynadığı rolun miqyası, arxa cəbhənin yorulmazlıq salnaməsini özündə əks etdirən effektiv-zəruri hallar, gözdən-diqqətdən yayınan hadisə və qəhrəmanlıqlar kitabımızın digər kitablardan fərqli cəhətləridir və bunların hər kəsə məlum olmasını vacib sayırıq.
- Kitabın xaricdə də tanıdılması yolunda hansı addımları atmağı düşünürsünüz?
- Qeyd edək ki, "Qələbə - 75" kitabı Azərbaycan Mədəniyyət Nazirliyinin xüsusi təşəbbüsü ilə iki dildə (Azərbaycan və rus dillərində) çap olunub və təbii ki, kitabın ölkə xaricinə çıxarılması üçün mümkün zəruri addımlar atılacaq. Hazırkı pandemiya - karantin resursları bu istiqamətdə gecikmələr yaratsa da, bizim üçün dövlətimizin tələbləri də əsas məsələdir. İnanırıq ki, cənab prezidentin vaxtında apardığı qabaqlayıcı tədbirlər sayəsində ölkəmizdə koronavirus aradan qalxacaq və dövlətlərarası gediş-gəliş yenidən açılacaq, həmin an "Qələbə - 75" kitabı da xaricə çıxarılacaq və kənarda da təbliğ olunacaq.
Əslində, adıçəkilən kitabın xarici məkanlara çıxarılması çox zəruridir; çünki xarici ölkə oxucusunun Azərbaycanın qəhrəman oğullarının döyüş fədakarlığı barədə məlumatı azdır və bu kitab o boşluğu doldurmaq israrındadır. Əminik ki, bu istiqamətdə bütün mümkün variantlardan istifadə olunacaq və kitabımız xarici ölkələrə çatdırılacaq.
Şahanə MÜŞFİQ