Respublika Xatirə Kitabı Redaksiyasından qələbənin 75 illiyinə töhfə


Bəllidir ki, faşist Almaniyasının SSRİ-yə qarşı elan olunmamış sürətli müharibə siyasəti xalqımıza da azadlıq uğrunda mübarizə aparmaq, totalitar dövlətlərin ciddi müdaxilələrindən alnıaçıq çıxmaq şücaəti nəsib edib. Elə ümummilli lider Heydər Əliyevin xeyir-duası ilə fəaliyyətə başlamış Respublika Xatirə Kitabı Redaksiyasının böyük qürur hissi ilə hazırladığı "Qələbə - 75: Azərbaycan xalqının mübarizə əzmi” adlı xüsusi buraxılışı da məhz bu prioritetlərə toxunur.

Respublika Xatirə Kitabı Redaksiyasından AZƏRTAC-a bildirilib ki, xüsusi buraxılış faşizm üzərində qələbənin 75 illiyinə həsr edilib və 2020-ci ildə Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə çap olunub. Burada Böyük Vətən müharibəsi - dastanlaşmış, tarixləşmiş mübarizə tariximiz, İkinci Dünya müharibələri zamanı yaşananlar, xalq-dövlət birliyi, cəmiyyətləri acı girdaba tuş edən ideoloji proseslər barədə maraqlı fikirlərə toxunulub, dünyada birlik şüarının simvolik səciyyə kimi xarakterizə etdiyi, müharibənin xalqlarda milli-mənəvi birliyə çağırış olduğu, Azərbaycan xalqı da daxil olmaqla, digər sovet xalqlarının öz vətənlərində baş verən ictimai-siyasi prosesləri diqqətlə izləməsi və çətin anlarda vahid ideya uğrunda mübarizə aparmaları ciddi ictimai resurs kimi vurğulanıb.

Xüsusi buraxılışda, həmçinin Azərbaycanın Böyük Vətən müharibəsində iştirak etmiş qəhrəman oğulları haqda ətraflı məlumatlar verilib, Sovet İttifaqı qəhrəmanlarının müharibə əzmi, döyüş yolu, arxa cəbhədə çalışanların ağır əməyi, mübariz Azərbaycan qadınlarının döyüş əzmi geniş işıqlandırılıb, müharibə veteranlarına dövlət qayğısı, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının maddi-texniki bazasının gücləndirilməsi və bununla bağlı nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi barədə də məlumatlar əksini tapıb.

Ümumiyyətlə, Respublika Xatirə Kitabı cəmiyyət üçün faydalı iş görür, çoxcildlik ensiklopediya-nəşrlərində və əlamətdar günlər üçün hazırladığı xüsusi buraxılışlarında yaxın-uzaq tariximizdən səs-soraq verir.

Kitabın müəllifi Respublika Xatirə Kitabı Redaksiyasının rəhbəri Nəzakət Məmmədovadır.

9 May - Qələbə Günü ərəfəsində çap olunmuş xüsusi buraxılış müharibədə şücaət göstərmiş Azərbaycan övladlarının ölməz ruhuna dəyərli töhfədir.