Qarabağ müharibəsində həlak olmuş Quba-Qusar batalyonunun əsgərlərinin xatirəsi anılıb


Dekabrın 27-də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş Quba-Qusar batalyonunun əsgərlərinin xatirəsi yad edilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, 1993-cü il dekabrın 27-də şiddətli döyüşdə batalyonun 7 qəhrəman əsgəri şəhid olub. Ümumilikdə Qarabağ müharibəsində Quba-Qusar batalyonu 50-yə yaxın şəhid verib, 7 nəfər itkin düşüb, 114 nəfər yaralanıb.

Anım mərasiminin əvvəlində Qarabağ müharibəsinin veteranları, əlillər və şəhid ailələrinin üzvləri, eləcə də rayon rəsmiləri Qubadakı Şəhidlər xiyabanına gələrək torpaqlarımızın azadlığı uğrunda canından keçmiş Vətən oğullarının məzarlarını ziyarət ediblər. Veteranlar həlak olan silahdaşlarının məzarları önünə gül dəstələri düzüblər.

Rayon mədəniyyət evində davam etdirilən toplantıda bildirilib ki, Quba-Qusar batalyonu ulu öndər Heydər Əliyevin 1993-cü il noyabrın 7-də xalqa müraciətindən sonra yaradılıb. Quba-Qusar batalyonunun tərkibinə qısa müddətdə 500-ə yaxın Vətən oğlu daxil olub. Ermənistanın hərbi qüvvələrinə qarşı amansız döyüşlərə atılan batalyonun üzvləri cəbhə bölgəsində qəhrəmanlıqları ilə ad çıxarıblar.

Tədbirdə çıxış edən veteran döyüşçülər Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə hər an silaha sarılaraq işğal altında olan torpaqlarımızı düşmən tapdağından azad etməyə hazır olduqlarını bildiriblər.