Xatirə Kitabı Redaksiyası daha bir şəhid haqqında kitab hazırladı – Xəqani Əkbərov...


Sentyabrın 27-də Əl Oyunları Sarayı Konfrans zalında Qarabağ savaşında itkin düşmüş və hələ də əzizləri tərəfindən yolu gözlənilən Xəqani Eyvaz oğlu Əkbərovun döyüş və keçdiyi həyat yolundan bəhs edən "Gözlər yoldan yığılarmı” kitabının təqdimat mərasimi keçirildi. Respublika Xatirə Kitabı Redaksiyası və "Bakı-Xəbər” qəzetinin birgə layihəsi olan "Şəhidlər ölməz, Vətən bölünməz” silsiləsindən nəşr edilən "Gözlər yoldan yığılarmı” sənədli povestinin müəllifi tanınmış jurnalist-publisist Nəzirməmməd Zöhrablıdır.

Qeyd edək ki, layihənin rəhbəri Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova, rəyçisi "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, redaktoru isə şair-publisist Zülfüqar Şahsevənlidir.

Əflatun Amaşov: "Hələ bu vaxta qədər onun doğmaları yolunu gözləyirlər”

"Gözlər yoldan yığılarmı” kitabının təqdimatına həsr edilən tədbirin aparıcısı, millət vəkili, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov giriş çıxışında bildirdi ki, Vətənin ərazi bütövlüyünün qorunması uğrunda fədakarlıq göstərən və qanlı döyüşlərdə itkin düşən Xəqani Eyvaz oğlu Əkbərov bir qəhrəmandır. O vurğuladı ki, Mədəniyyət Nazirliyi nəzdində fəaliyyət göstərən Respublika Xatirə Kitabı Redaksiyası indiyə kimi 17 cild kitab nəşr edib. "Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovanın rəhbərliyi ilə işıq üzü görən, təqdimatına toplaşdığımız bu kitab isə "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından olan sayca üçüncü kitabdır. Təqdimatına toplaşdığımız bu kitab Azərbaycanın qəhrəman oğlu, cəsur kəşfiyyatçı, Qarabağ müharibəsində itkin düşən şəhid Xəqani Əkbərovun ömür və döyüş yolundan bəhs edir. Əgər Xəqani yaşasaydı, onun 50 yaşı olacaqdı. O, 25 il bundan əvvəl itkin düşüb, şəhid olub. Hələ bu vaxta qədər onun doğmaları yolunu gözləyirlər. Kitabın müəllifi, tanınmış jurnalist Nəzirməmməd Zöhrablı bu kitabı hazırlayarkən kifayət qədər iş aparıb, qəhrəmanın döyüş yoldaşları ilə əlaqə yaradıb, onlarla görüşüb, onun necə döyüşdüyünü, hansı vəziyyətdə itkin düşdüyünü qeyd edib. O bu kitabı döyüş dostlarının, ailəsinin xatirələri əsasında ərsəyə gətirib. Kitabın birinci hissəsi xatirələr bölməsidir. Burada əsasən Xəqaninin döyüş yoldaşlarının xatirələri əsasında onun döyüş şücaətlərini əks etdirib. Kitabın ikinci hissəsində qeyd edilir ki, 25 ildir ana öz övladının yolunu gözləyir, ana inanır ki, övladı sağdır və nə vaxtsa qayıdacaq. Bu publisistik bədii əsər o məziyyətlərinə görə daha çox diqqəti cəlb edir ki, ana öz oğlunu Vətən uğrunda döyüşə göndərir və övladı Vətən uğrunda döyüşüb, itkin düşüb, onun taleyindən xəbər yoxdur, qəbri hardadır...

Xəqani İsmayıllı rayonunun Gəraybəyli kəndində doğulub, Dövlət Neft Kimya İnstitutuna daxil olub və təhsilini yarımçıq qoyaraq könüllü olaraq döyüşə gedib. O bəlkə də müharibəyə getməyib elə bizim aramızda da ola bilərdi, amma o, Vətənin dar günündə döyüşə gedib. Qəhrəmanlar ölmür”.

Ə.Amaşov qeyd etdi ki, bu vaxta qədər "Gözlə, gələcəyəm”, "Bir xatirə dəftərinə bənzəyir ömür” kitabları işıq üzü görüb.

Aydın Quliyev: "Əgər biz bu kitabın çapa hazırlanması ilə şəhidimizin qohumlarının, ailəsinin, yaxınlarının, azacıq da olsa, qəlbinə daxil ola bilmişiksə, onlara, azacıq da olsa, təsəlli verə bilmişiksə, özümüzü xoşbəxt hiss edirik”

Sonra Ə.Amaşov sözü nəşrin rəyçisi, "Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyevə verdi. A.Quliyev çıxışında vurğuladı ki, Respublika Xatirə Kitabı Redaksiyası ilə "Bakı-Xəbər” qəzetinin birgə layihəsi olan "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından nəşr edilən kitablar dövlət və ictimai maraqlarla səsləşən, çox əhəmiyyətli, çox dəyərlidir. "Bu layihə çox böyük dövlətçilik dəyəri, ictimai əhəmiyyəti olan bir layihədir. Respublika Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi layihələr çox rəngarəngdir, müxtəlifdir. Bilirsiniz ki, indiyə qədər Xatirə Kitabının 16 cildi və xüsusi buraxılışı işıq üzü görüb. Bu redaksiyada Böyük Vətən Müharibəsində itkin düşmüş soydaşlarımız haqqında kitablar hazırlanır. Eləcə də redaksiya erməni təcavüzü nəticəsində itkin düşən vətəndaşlarımızla bağlı ayrıca xüsusi buraxılış nəşr etdirib. Bildiyim qədər, onun növbəti cildləri də çapa hazırlanır. Respublika Xatirə Kitabı Redaksiyasının həyata keçirdiyi bu layihələrin içində ən dəyərli layihələrdən biri də şəhidlərimiz haqqında belə sənədli-bədii povestlərin yazılmasıdır. Şadam ki, şəhidlərimiz haqqında yazılan hər üç kitabın materiallarının ilkin təqdimatını ictimaiyyətə biz - "Bakı-Xəbər” qəzeti edib. Mən Nəzakət xanıma və redaksiyanın bütün kollektivinə təşəkkürümü bildirirəm ki, bu vacib missiyanın həyata keçirilməsində əhəmiyyətli rollardan birini oynamaq bizə - "Bakı-Xəbər” qəzetinin kollektivinə qismət olub. Biz o yazıların cəmiyyətə ilkin təqdimatını həyata keçirən mətbuat orqanına çevrilmişik. Bu nöqteyi-nəzərdən də bizim adımız tarixə düşür. Şəhidlər ölməzdir və şəhidlər haqqında yazılan yazılar da, əsərlər də ölməzdir. Bu kitabın yazılmasının, təbii ki, arxasında böyük zəhmət dayanır. Bu işdə müəllifin, eləcə də onun çapa hazırlanmasında əməyi olan insanların çox böyük zəhməti var. Əgər biz bu kitabın çapa hazırlanması ilə şəhidimizin qohumlarının, ailəsinin, yaxınlarının, azacıq da olsa, qəlbinə daxil ola bilmişiksə, onlara, azacıq da olsa, təsəlli verə bilmişiksə, özümüzü xoşbəxt hiss edirik”.

Şəhidin yaxınlarına, qohumlarına tədbirdə iştirak etdiklərinə görə təşəkkür edən A.Quliyev qeyd etdi ki, əslində, bütün Azərbaycan vətəndaşlarının şəhidin ailəsinə borcu var. X.Əkbərovun bu gün öz xatirələri ilə aramızda olduğunu vurğulayan A.Quliyev bildirdi ki, şəhid bizim üçün bir and yerinə çevrilib.

Flora Xəlilzadə: "Bu kitab bir təsəllidir”

Tədbirdə çıxış edən Əməkdar jurnalist Flora Xəlilzadə də X.Əkbərovun ömür və döyüş yoluna həsr edilən nəşrlə bağlı fikirlərini bölüşdü: "Ailəsində, nəslində kifayət qədər şəhid olan, onlar arasında Milli Qəhrəman adına layiq görülən bir nəslin nümayəndəsi kimi demək istəyirəm ki, belə kitablar yazmaq heç də asan deyil. Yox ki, faktları toplamaq, o izə düşmək çətindir, bunu yazarkən insanın içi ovulur, ürəyi üzülür. Bilirsiniz, bu kitab bir təsəllidir. Rahatlıq tapıram ki, biz bu təsəlliləri meydana gətiririk, tarixə qovuşdururuq, gələcək üçün bir arxiv, bir mənbə qoyuruq... Bizim hamımızın son dayanacağımız var, ancaq bizim şəhidlər ona görə xoşbəxtdirlər ki, onlar bizdən fərqləndilər, seçildilər və elə bir zirvəyə yüksəldilər ki, orada əbədiyaşarlıq qazandılar. Bir arzum var, qələbə soraqlı kitablar yazasınız ki, torpaqlar alındı. Bax, bu şəhidin ruhu narahatlıqdan qurtardı... Biz yazırıq. Biz bir anaya, bir valideynə, bir nəslə təsəlli qoyuruq, amma nə o gözlər yoldan yığışır, nə göz yaşları kəsilir, nə də o ürək ağrıları əksilir. Gün o gün olsun ki, biz şəhidlərin ruhu qarşısında xəcalət çəkməyək”.

Qərənfil Quliyeva: "Biz şəhidlərimiz, qəhrəmanlarımız haqqında çox yazmalıyıq və onları tanıtmalıyıq, yaşatmalıyıq”

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dosenti Qərənfil Quliyeva da çıxışında şəhidlər haqqında yazmağın həddindən artıq çətin və iztirablı olduğunu bildirdi. "Mən 3 il 8 ay cəbhə müxbiri işləmişəm. Cəbhədə baş verənləri, şəhidləri, anaların göz yaşlarını çox görmüşəm. Ona görə də belə kitabların ərsəyə gəlməsi həddindən artıq çətindir. Amma çətin olmasına baxmayaraq, bu, şəhidlərimizin ruhu qarşısında bizim borcumuzdur. Hər bir qələm əhlinin borcudur ki, onların ruhunu bu kitablarla, yazılarla şad etsin. Heç olmasa gənc nəsli onlar kimi vətənpərvər, millətsevər, öz Vətəninə, yurduna bağlı olaraq yetişdirək. Bu baxımdan, müəllifə də minnətdarlığımı bildirirəm. Müəllif mənə daha çox yaxındır. Mən onun imzasını bu kitabın üzərində görəndə çox sevindim. Mən həmişə deyirəm ki, biz şəhidlərimiz, qəhrəmanlarımız haqqında çox yazmalıyıq və onları tanıtmalıyıq, yaşatmalıyıq. Arzu edirəm ki, elə zaman gəlsin, biz qələbə soraqlı kitablar yazaq”.

Qasım Həsənov: "Məlum oldu ki, Xəqani və Fərhad itkin düşüblər...”

Sonra isə Ə.Amaşov sözü X.Əkbərovun komandiri olmuş Qasım Həsənova verdi. Q.Həsənov əsgərinin qorxmazlığından, cəsurluğundan danışarkən bildirdi ki, Xəqani Vətəni canından çox sevirdi. Q.Həsənovun sözlərinə görə, onlara göstəriş gəlir ki, arxaya çəkilmək lazımdır, 18 əsgərdən 16-sı komandirlə birgə geri çəkilsə də, Xəqani döyüş yoldaşı Fərhadla geri çəkilməyib: "Xəqani və Fərhad arxaya çəkilmək istəmədilər. Deyirdilər ki, döyüşdə öndə olmalıyıq. Yəni 16 nəfər məni eşidib geri çəkilsə də, Xəqani və Fərhad geri çəkilmədilər. Biz geri çəkildik, ara sakitləşəndən sonra məlum oldu ki, Xəqani və Fərhad itkin düşüblər. Nə qədər axtarsaq da, onları tapa bilmədik. Qarşıda rusların "çyornaya koşka” deyilən alayı dayanmışdı”.

Tanınmış jurnalist, cəbhə və şəhidlik mövzusunda kifayət qədər yazan, kitablar nəşr etdirən Zemfira Məhərrəmli də tədbirdə çıxışında X.Əkbərovun şəhidlik yolunu yüksək dəyərləndirdi: "Qələm əhli hər mövzudan yazır, amma ağrılı mövzulardan yazmaq həqiqətən də çox çətindir. Başqa sözlə, Vətən dərdindən yazmaq həmişə lazımdır. Vətən dərdindən yazmasaq, dərdlərimizi çatdırmasaq, olmaz. X.Əkbərov çox xoşbəxt bir insandır ki, şəhidlik zirvəsinə yüksəlib. Deyirlər ki, qəhrəmanlıq, igidlik ölümə bir atılım deməkdir. Əslində elədir. Şəhidlər öz həyatlarını heç vaxt düşünmədilər, onlar Vətəni düşündülər, qarış-qarış itirilən, sinəmizdən ağır daş kimi asılan Vətən dərdini düşündülər. Ona görə də onlar şəhid oldular”.

X.Əkbərovun dayısı, el ağsaqqalı Rəsul Cəfərov şəhid bacısı oğlundan danışarkən qəhərini gizlədə bilmədi. O bildirdi ki, Xəqani döyüşə könüllü gedib və müharibədə şücaətlə döyüşüb, itkin düşüb. Hələ də Xəqaninin yolunu gözlədiklərini deyən R.Cəfərovun sözlərinə görə, X.Əkbərov itkin düşdükdən sonra o, Xəqaninin qardaşı Knyaz Əkbərovla birgə bir neçə ay onun döyüşdüyü əraziləri qarış-qarış gəzib, eyni zamanda, müxtəlif təşkilatlara sorğu verməklə bacısı oğlundan bir soraq almaq istəyib, lakin heç bir informasiya əldə edə bilməyib.

R.Cəfərov "Gözlər yoldan yığılarmı” kitabının ərsəyə gəlməsində əməyi olan Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədovaya, eləcə də kitabın müəllifinə, kitabın ərsəyə gəlməsində əməyi olan hər kəsə minnətdarlığını bildirdi.

Zülfüqar Şahsevənli: "Şəhidlər haqqında yazılan kitablar gələcək nəsillər üçün yadigardır”
Kitabın redaktoru, tanınmış şair-publisist Zülfüqar Şahsevənli isə çıxışında bildirdi ki, təqdim edilən bu kitab olduqca dəyərlidir. Respublika Xatirə Kitabı Redaksiyasının layihəsi əsasında nəşr edilən "Gözlər yoldan yığılarmı” kitabının "Şəhidlər ölməz, Vətən bölünməz” seriyasından üçüncü kitab olduğunu deyən Z.Şahsevənli bildirdi ki, hər üç kitabın boyu, biçimi eynidir. "Respublikada şəhidlər haqqında sistemli şəkildə kitabları Xatirə Kitabı Redaksiyası çap etdirir. Bu kitablar səriştəli, imzası respublikada tanınan həmkarlarımız tərəfindən yazılır. Şəhidlər haqqında yazılan kitablar gələcək nəsillər üçün yadigardır. Nəşr olunan hər üç kitabın qəhrəmanlarının hər biri nişanlıdır. Nişanlı olaraq ömürləri yarımçıq qırılıb. Bu kitab onların ailəsinə bir təsəllidir” - deyə Z.Şahsevənli qeyd etdi.

Nəzirməmməd Zöhrablı: "Xəqani məndən ötrü bu Vətəndə bizim həmişə ehtiyacımız olan birləşdirici simvoldur”

Kitabın müəllifi Nəzirməmməd Zöhrablı isə çıxışında bildirdi ki, əvvəlcə mövzu ilə tanış olub, sonra isə axtarışlara başlayıb. "Xəqani məndən ötrü nədir? Xəqani məndən ötrü bu Vətəndə bizim həmişə ehtiyacımız olan birləşdirici simvoldur. Xəqani məndən ötrü o mənada qiymətli adamdır ki, Vətən üçün canından keçib. Xəqaniyə deyiblər ki, nişanlı oğlansan, qal toyunu edək. Mən bütün axtarışlarımdan sonra belə başa düşdüm ki, Xəqani fikirləşib ki, mən gedib Vətəni qorumasam, heç İsmayıllı da qalmayacaq, onda nişanlımın üzünə necə baxacağam... Xəqani birləşdirici faktordur. Ona görə də Xəqani qəhrəmandır. Qəhrəmanlıq elə-belədə bilinmir, qəhrəmanlıq qəlbdə yaşayır-yaşayır və məqamı çatanda üzə çıxır. Belə kitabların yazılması, gələcək nəsillərə çatdırılması vacibdir” - deyə müəllif vurğuladı.

Şəhidin qardaşı Knyaz Əkbərov da çıxış edərək qeyd etdi ki, qardaşının döyüş yolu həqiqətən də gənc nəsil üçün böyük örnəkdir. Qardaşı itkin düşdükdən sonra onu axtardıqlarını, lakin bu 25 ildə ondan heç bir soraq ala bilmədiklərini dedi. O, həmçinin, təklif etdi ki, "Gözlər yoldan yığılarmı” kitabının təqdimat mərasimlərindən biri X.Əkbərovun doğulduğu Gəraybəyli kəndində keçirilsin. K.Əkbərov, eyni zamanda, kitabın ərsəyə gəlməsində əməyi olanlara öz təşəkkürünü bildirdi.

Nəzakət Məmmədova: "İtkin düşmüş övladın yolunu gözləmək ağır işdir”

Sonda Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru Nəzakət Məmmədova çıxış edərək kitabın ərsəyə gəlməsindən danışdı. "Bayaq Rəsul müəllim dedi ki, gözlər yoldan yığılmır. Mən başa düşürəm. Amma inanın ki, o son ümidin bitdiyi günə qurban deyənlər də, o günün sevincini yaşayanlar da olub. Yəni xəbər gəlib ki, o harada dəfn olunub, məzarı haradadır. Mən onun şahidi olmuşam. Redaksiyamıza gəlib bizə təşəkkür ediblər ki, siz öz yazınızla bizim gözümüzü yoldan yığdınız, biz artıq qurbanımızı kəsdik, gedib qəbrini ziyarət etdik. İtkin düşmüş övladın yolunu gözləmək ağır işdir. Mən Telli ananı şəxsən tanımırdım, amma mən onun belinin bükülməsini gördükdə inanın ki, uzun müddət o səhnəni unutmadım, hər an o səhnəni yaşadım. Allah bütün şəhidlərimizə qəni-qəni rəhmət eləsin. İnanın ki, 20 ildir mən öz sevincimi itirmişəm, demək olar, bir başqa insana çevrilmişəm.

Mən bura gələn hər bir insana, Əflatun müəllim, sizə təşəkkür edirəm. Sizə minnətdaram ki, yanımızdasınız. İşinizin çox olmasına baxmayaraq, bu işə dəyər verirsiniz. Üçüncü kitabımızdır ki, siz burada aparıcı olursunuz. Artıq barəsində kitab yazılacaq növbəti şəhidimiz də məlumdur. Saatlı şəhidi haqqında yazılacaq. Mən "Şəhidlər ölməz, Vətən bölünməz” layihəsi çərçivəsində yazılacaq kitabların materiallarının nəşr edilməsi üçün bir neçə qəzetə müraciət etmişdim. Onlar arasında Aydın müəllimdən ürəklisi tapılmadı.

Şəhidimizin hələ bundan sonrakı taleyi, yolu müəyyən olunmasa da, onunla bağlı belə bir kitab ərsəyə gətirildi. Bilirsiniz, qəhrəmanlar doğulmurlar, qəhrəmanlıq üçün bir an lazım olur, bu qəhrəmanlığı da X.Əkbərov kimi oğullar göstərib” - deyə N.Məmmədova bildirdi.

İradə SARIYEVA