Cəbrayıl rayonu uğrunda şəhid olmuş Nurəddin Fətullayevin xatirəsi anılıb

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin təşkilatçılığı ilə Cəbrayıl rayonu uğrunda qəhrəmanlıqla şəhid olmuş igid döyüşçü Nurəddin Fətullayevin avqustun 22-də Muzey Mərkəzində xatirəsi anılıb.

AZƏRTAC xəbər verir ki, şəhid Nurəddin Fətullayevin ailə üzvləri və döyüş yoldaşları, Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin işçiləri, rayonun tanınmış ziyalıları, şair və yazıçıları və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

Cəbrayıl Rayon Tarix-Diyarşünaslıq Muzeyinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Tariyel Abbaslı tədbirdə ötən əsrin 80-ci illərin axırları - 90-cı illərinin əvvəllərində erməni quldurlarının əsassız ərazi iddiası ilə nəticəsində baş verən qanlı müharibənin ağır fəsadları, torpaqlarımızın işğalı, eləcə də igid Vətən övladlarının doğma yurdumuz uğrunda göstərdikləri qəhrəmanlıq nümunələri haqqında məlumat verib. Qeyd edilib ki, Cəbrayıl rayonu Qarabağ torpaqlarının müdafiəsi uğrunda döyüşlərdə 378 şəhid verib. Həmin döyüşlərdə yüzlərlə hərbçi və dinc sakin yaralanıb, Vətənin altı igid övladı Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Şişqaya, Sur uğrunda döyüşlər, Daşbaşı əməliyyatı Vətən torpağı müdafiəçilərinin qəhrəmanlıq dastanı kimi həmişə xatırlanır...

Tanınmış şair və publisist, "Kredo” qəzetinin baş redaktoru Əli Rza Xələfli şəhid Nurəddin Fətullayevin mənalı həyat və döyüş yolundan danışarkən məlumat verib ki, igid Vətən müdafiəçisi cəmi 20 il yaşasa da, öz qısa ömrü ilə əbədiyaşarlıq qazanıb. Gəncədə peşə məktəbində oxuyarkən təhsilini yarımçıq qoyaraq silaha sarılıb. Bir il yarımdan artıq qanlı döyüşlərdə iştirak edən Nurəddin yaralansa da, sağalaraq yenidən cəbhəyə qayıdıb. Cəbrayılın müxtəlif cəbhə kəndlərində döyüşlərdə iştirak edən Nurəddin Fətullayev 1993-cü il avqustun 15-də şəhidlik zirvəsinə yüksəlib.

Ehtiyatda olan zabitlər Rafiq Bayramov, Səxavət Mirzəyev, şəhidin komandiri Təfəkkül Həsənov və başqaları Cəbrayıl uğrunda gedən qanlı döyüşləri xatırlayıb, doğma yurdlarına tezliklə qayıdacaqlarına əminliklərini ifadə ediblər.

Tədbirdə məktəblilər Vətənə, şəhidlərə həsr olunmuş şeirlər söyləyiblər, həmçinin videoçarx nümayiş edilib.