Ağdamda şəhid Alik Süleymanovun xatirəsi anılıb


Ağdam rayonunun Mahrızlı kəndindəki Rahib Məmmədov adına Döyüş Şöhrəti Muzeyində respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş Alik Süleymanovun xatirəsi anılıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Alik Süleymanovun ailə üzvlərinin, döyüş yoldaşlarının, mədəniyyət işçilərinin və məktəblilərin iştirak etdiyi tədbirdə əvvəlcə Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə Döyüş Şöhrəti Muzeyinin direktoru Sahib Məmmədov, Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Ülvi Qədirov, şəhidin qardaşı Natiq Süleymanov, döyüş yoldaşları Oruc Cabbarov və Saleh Cabbarov çıxış edərək, onun mənalı həyat və qəhrəmanlıqla dolu döyüş yolundan danışıblar. Məlumat verilib ki, Süleymanov Alik Soltan oğlu 1967-ci il martın 6-da Ağdam rayonunun Mahrızlı kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra Ağdam 70 nömrəli peşə məktəbində təhsil alıb. 1985-1987-ci illərdə keçmiş sovet ordusunda xidmət edib. Ermənistanın respublikamıza qarşı hərbi təcavüzü başlayanda Alik Süleymanov da silaha sarılaraq Vətənimizin müdafiəsinə qalxıb. Ağdamda yaradılan "Qarabağ şahinləri" batalyonunun tərkibində bir çox döyüşlərdə iştirak edib. 1992-ci il avqustun 20-də Xramord kəndi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. Mahrızlı kənd qəbiristanlığında dəfn edilib.

Mərasim iştirakçıları sonra şəhid Alik Süleymanov haqqında hazırlanmış videoslaydı izləyib, şəhidin Döyüş Şöhrəti Muzeyində saxlanılan foto və əşyalarına baxıblar. Məktəblilər kompozisiya göstərib, şəhidlərə həsr edilən şeirlər söyləyiblər.