Dərd şairin güc aldığı dayaq nöqtəsidi


Dərd şairin güc aldığı dayaq nöqtəsidiNəzakət Məmmədova: "Atamın göz yaşlarında xalqımızın faciəsini gördüm...”

Müsahibimiz Respublika Xatirə Kitabı Redaksiyasının baş redaktoru, "Yada düşdü” jurnalının baş redaktoru və təsisçisi şair Nəzakət Məmmədovadır.

– Nəzakət xanım, Respublika Xatirə Kitabının necə araya-ərsəyə gəlməsi haqqında fikirlərinizi bizimlə bölüşməyinizi xahiş edirik.
– "Xatirə” sözü müqəddəs bir hiss, müqəddəs bir duyğudu. Qəlbinin ən dərinliklərində qoruyub-saxladığın, budağından üzülüb düşmüş saralmış yarpaqdı. İllər keçsə də o yarpağın işığı içimizdədi, bizi göynədir, kövrəldir, için-için ağladır. Döyüşlərdə köksündən vurulan, torpağa düşən əsgər də o saralmış yarpaq timsalıdı.
Repressiya illərində, İkinci Dünya müharibəsində, müstəqillik illərimizin bəxtinə, qismətinə yazılan Qarabağ müharibəsində nə qədər doğmalarımız, əzizlərimiz həlak olub, izsiz-soraqsız itkin düşüb. Döyüşdə həlak olan, itkin və ya əsir düşən hər bir insan bir evin, bir ailənin sönən çırağıdı, bir ananın, atanın belinin sınmasıdı, bir gəlinin dul, bir uşağın yetim qalmasıdı. Siz indi düşünün, bir insanın ölümü və ya itkisi nə qədər faciələr yaradır.
Respublika Xatirə Kitabı vətənpərvərlik mövzusunda yazılmış ensiklopedik abidədir, yaddaş ağrısı, yaddaş məhkəməsidir. İttiham olunan, məhkəməyə çəkilən qanlı müharibələri törədən, insan qanına susayan quduzlaşmış insan cəlladlarıdı.
Respublika Xatirə Kitabında 1941-1945-ci illərdən başlayaraq bütün müharibələr, münaqişələr, müstəqilliyimiz, Qarabağ uğrunda gedən döyüşlərdə həlak olmuş bütün şəhidlərimizin adları əbədiləşib. Əlifba sırası ilə tərtib olunan Xatirə Kitabının 16 cildi artıq işıq üzü görüb.
Son iki ildə Dövlət Təhlükəsizlik Xidməti və Dövlət Komissiyası ilə birlikdə əsir və itkin düşmüş insanlarımız haqqında kitab hazırlayırıq. Əməkdaşlarımızın bu kitabı hazırladıqları zaman keçirdikləri sarsıntıları, ürək ağrılarını göz önünə gətirin. Əsirlikdə olan, işgəncələrə, cinsi istismara, insanlıq adına sığmayan vəhşiliklərə məruz qalan bizim vətəndaşlarımızdı. Zülmə, istismara, məşəqqətlərə dözən bu insanların bir çox elə bilir ki, artıq Azərbaycan adlı bir ölkə yoxdur. Bu təbliğatı, bu vəhşiliyi törədən erməni faşizmidir. Kitabın birinci cildi artıq işıq üzü görüb. İkinci cildi isə oktyabr ayında çap ediləcək. Dörd cilddə nəşri nəzərdə tutulan bu kitab, əslində? yaxın gələcəkdə erməni faşizminin üzünə oxunacaq ittiham aktıdır. Bu, qanlı, faciəli tariximizdi. Onu yazıb üzə çıxarmaq günün ən aktual, ən vacib məsələlərindən biridir.
Respublika Xatirə Kitabı Redaksiyasının ən maraqlı, geniş auditoriya qazanmış layihələrindən biri də "Şəhidlər ölməz, Vətən bölünməz” layihəsidir. Burda Qarabağ uğrunda, yurdumuzun bölünməzliyi uğrunda şəhid olmuş, itkin düşmüş cəsur oğullarımız tərənnüm olunur. Tanınmış publisistlərin qələmə aldığı bu kitabların materialları əvvəlcə hissə-hissə "Bakı-Xəbər” qəzetində çap edilir.
Hazırda bu silsilədən olan üçüncü kitabımız nəşrə hazırlanır.
Keçmiş SSRİ dövründə İkinci Dünya müharibəsində həlak olan, itkin düşənlərə dair ensiklopediya hazırlanırdı. Bizim respublikamız üçün nəzərdə tutulmuş 20 cilddən cəmi 3 cild çap olunmuşdu. Və biz belə qərara gəldik ki, növbəti cildlərdə Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş, itkin düşmüş həmvətənlərimizin adları da bura əlavə olunsun. Daha sonra bu siyahıya Əfqanıstan müharibəsində, Çernobıl faciəsində həlak olanların, itkin düşənlərin adları da daxil edildi.

– Sizin milli ruha, milli köklərə bağlı poeziyanızın mayasında vətəndaşlıq yanğısı, milli duyğular, hərbə nifrət motivləri güclüdür. Sevgi hissi daha geniş anlamda başa düşülür. Bütün bunlar hardan qaynaqlanır?
– Gözümü açandan evimizdə radio görmüşəm. Və o radio dalğalarında Arazın o tayında Ərdəbilini, Təbrizini axtaran atamın göz yaşını görmüşəm. Və sonralar kişilər ağlamaz deyənləri dönə-dönə qınamışam. Doğmalarından ayrı düşən, ürəyinə çalın-çarpaz dağ çəkilən insan ağlamaya bilərmi? Mən Vətən hissinin, vətən anlayışının nə qədər böyük, ağrılı, göynərtili olduğunu atamın o yaşlı gözlərində görmüşəm. O iliyə işləyən musiqilərə hönkür-hönkür ağlayan atamın dərdini soruşmağa belə cəsarətim çatmayıb.
Böyüdükcə bu göz yaşlarının dədələrimdən miras qaldığını anladım. Yurd həsrəti ilə dünyasını dəyişən atama elə yazığım gəldi ki, indi məni için-için ağladan bu gecikmiş göz yaşlarıdı. Keşkə sağlığında onun bağlı kitab kimi içini pörşələyən vətən dərdini vərəq-vərəq çevirəydim. Mən bu ağrını yazdığım "Ərdəbilim” şeirində vermişəm. Yazılarımdakı vətən sevgisi, həsrət, ayrılıq, hicran burdan qaynaqlanır. Əslində? Azərbaycanın taleyi başdan-başa ağrıdı, göynəyən, qan sızan yaralardı. Dəmirqapı Dərbənd dərdi, Göyçə dərdi, Borçalı dərdi, Cənubi Azərbaycan dərdi, üzüyümüzün qaşı olan Qarabağ dərdi...
Dünyanın ən dəhşətli qətliamını – Xocalı faciəsini yaşayan, canlı şahidi olan insan necə olmalıdır? Bizim sevgimizin mayasında, nüvəsində dərd var. Vətəndaşlıq yanğısı o dərddən qaynaqlanır. Mənim "Dərd” şeirimdə əslində şəxsi məhəlli dərd deyil, daha böyük anlamda başa düşülən vətən dərdidi.

– "Şəhid zirvəsi” poemasında diqqəti çəkən məqamlardan biri də səngərə aid etdiyiniz, əslində isə əsgərin daxili aləmini özündə ehtiva edən bir çox xüsusiyyətlərlə onu sanki bir obraz – lirik qəhrəmana çevirirsiniz. Nə üçün bu xüsusiyyətlərin təsvirində digər məkanlar deyil, məhz səngər lirik qəhrəmana çevrilir?
– Vətən səngərdən və onun yaratdığı sərhəddən başlayır. Hər zaman deyirəm ki, insanın qəlbinin içində də mütləq səngər olmalıdır. Əgər sən bu hissi özündə yaşaya bilmirsənsə, qəhrəmanında da heç vaxt canlandıra bilməzsən. Bizim üçün uşaqlıq illərində ucsuz-bucaqsız Sovet İttifaqı var idi. Sovet vətəndaşlığımızla qürurlanırdıq. Bizim üçün 15 respublika sərhədsiz idi. Sərhəd dedikdə nəhəng Sovet dövlətinin sınırları nəzərdə tutulurdu. Biz bir ailə kimi yaşadığımız bir ölkədə nə zamansa müharibə görə biləcəyimizi heç ağlımıza da gətirməzdik. 90-cı illərdə baş verənlər bütün fikirlərimizi alt-üst etdi. Sən demə qarı düşmən, hiyləgər, minsifət, qanımıza susayan, qoynumuzda bəslədiyimiz ilan – erməni yatmayıbmış, biz yatmışıq...

– Yaradıcılığınızda olan hüzn təkcə vətənlə bağlı olan mövzularda deyil, digər şeirlərinizdə də hiss olunur. Bunun səbəbi nədir?
– Həyatımda baş verən vaxtsız-vədəsiz itkilər. Doğmalarımı erkən itirməyim, bəlkə də, mənə təsir edən ən başlıca amillərdən biridir. 6 yaşımda atamı itirməyimlə sanki uşaqlığımı itirdim. Şeirlərimdə oyuncaqlı uşaqlığımdan danışmaqla sanki o anlara yenidən qayıdıram. Atama və anama bağlılığım onları itirəndə məni daha çox yaraladı. Həyatda qazandıqlarımla yanaşı, itirdiklərim də çox oldu. Buna görə də içimdəki nisgili heç bir zaman qova bilmirəm. Qovsam da gedən deyil, o mənim ömürlük yol-yoldaşımdı. Bir də ki, dərd şairin güc aldığı dayaq nöqtəsidi.

– Bilirik ki, siz həm də "Yada düşdü” jurnalının baş redaktorusunuz. İşləriniz, çox güman ki, yetərincədir... Üstəlik gündəlik məişət qayğıları, ev-eşik və s. Bütün bu işlər yaradıcılığınıza vaxt ayırmağa imkan verirmi?
– Mən "Yada düşdü” jurnalında özümü tapmışam. Bura mənim isti ocağımdı. Kitablarımın çap olunmasından sonra keçirdiyim sevincdən daha çox jurnalın hər sayı işıq üzü görəndə sevinirəm. Hər yeni sayda sevincimin birə beş artmasının əsas səbəbi onu yarıda qoymamağım, onu sabahlara aparmağımdır. Bu jurnal sanki mənim körpəmdi. Ana da balasını atarmı? Sanki biz bir-birimizin əlindən tutub addımlayırıq. Artıq birlikdə 10-cu ilə qədəm qoyduq. Sevinirəm ki, jurnalımızın böyük auditoriyası var.

– "Tale qapısı” şeirində insan ömrünün fəsil-fəsil olduğunu qeyd edirsiniz. İndi yaradıcılığınızda hansı fəsli yaşayırsınız?
– Bütün fəsilləri sevməyimə baxmayaraq, mənə ən doğması elə payızdır. Düşünürəm ki, doğulandan payız fəslindəyəm. Məncə, ömrü bir fəsillə adlandırmaq lazım gəlsəydi bu elə çox güman ki, payız olardı. Çünki yaz çox qısa olur. Eynən insanın ömründəki sevinclər kimi. Sevinc bütün ömrü boyu olmur, sadəcə sevindiyimiz dəqiqələr var. Qış fəslində isə sanki bir ixtiyarlıq var. Düşünən bir ixtiyarlıq. İnsan ömrün bütün fəsillərini yaşayır. Şairsə bir gündə ömrün dörd fəslini də yaşaya bilər.

– Tənqidlə aranız necədir? Reaksiyalarınız maraqlıdır.
– Ümumiyyətlə, tənqid sözünü qəbul etmirəm. Poeziya, heç şübhəsiz istedadla araya-ərsəyə gələn poeziya ayrı-ayrı fərdlərin müxtəlif bucaq altında dünyaya baxışıdı. Mən dünyanı belə görürəm. Çayların öz məcrası, axın istiqaməti olur. Bir vaxt bir çayın yolunu, qolunu dəyişmək istədilər, olmadı.
Hər kəsin öz yolu var. Mən məsləhəti eşidə bilərəm. Ağıllı dost məsləhətini. Yoxsa, "sən belə yazma, belə yaz!”

– Şeirdə sizin üçün nə əsasdır: məzmun, yoxsa forma?
– Mən şeiri yaşayıram. Düşünürəm ki, şeirdə fikir əsasdır. Şeiri formaya salmağı sevmirəm. Şeir nə cür doğulursa, elə də yaşamalı, qanadlanmalıdı. Poeziya axı uçuşdu. Qafiyələrə, ölçülərə fikir vermirəm. Mənim üçün əsas daxilimin səsi, sözü, enerjisidir.

– Yaradıcılığınızın ana xəttini təşkil edən vətənə sevgi, igidlik, dönməzliyin təsvirini verdiyiniz bir çox şeirləriniz mövcuddur. Onlarda təsvir olunan belə lirik qəhrəmanlardan hansılarını həyatda olan real insanların prototipi kimi əks etdirmisiniz?
– Şeir əlbəttə ki, elə-belə yaranmır. Bəzən elə olur ki, hansısa bir hadisə sənə təsir edir, ağrıdır, onu mütləq kağızla bölüşmək lazımdır. Yaradılan qəhrəmanların bir sıra xüsusiyyətləri xəyal gücünün köməyi ilə yaradılırsa, digər tərəfdən həyatda olan konkret insan da yazının prototipi, ünvanı ola bilər. Amma əsas qəhrəmanlarımı – müşahidə etdiyim insanları ümumiləşdirərək ərsəyə gətirirəm.

– Mütaliə ilə bağlı danışardınız... Çağdaş ədəbiyyatda kimləri oxuyursunuz?
– İstər Azərbaycan, istərsə də dünya ədəbiyyatında poeziyaya daha çox üstünlük verirəm. Nizamidən başlayaraq müasirlərəcən ən yaxşı nümunələri oxuyuram. Bəzən oxuduğum şeirləri düşünərək özüm-özümə deyirəm ki, bəlkə bu cür sənət əsəri varsa, mən heç nə yazmayım? Stolüstü şeir kitabım isə Musa Yaqubun şeirləridir. Bu şeirlər içərisində Musa Yaqubun öz xanımına həsr etdiyi şeir mənim üçün ən dəyərlilərindəndir. O bu şeirdə xanımını itirmək qorxusundan danışır. Şeirin yazılmasından 2 il sonra xanımı vəfat edib. Görünür, şairlərdə öncəgörmə hissi, duyğusu çox güclüdür, çox...

Bu sual mənimdir çətin, ya asan;
Demirəm nə küsü, nə barış üçün.
Allah eləməsin sən olmayasan
Gətirim birisin dolanış üçün.
Necə dolanaram, evdə, eşikdə,
Bu təzə oyunum, bu təzə mərəm –
Bəlkə tələsərəm, heç tələsmərəm –
İlk dəfə pilləni necə qalxaram
İlk dəfə qapını açaram necə,
İlk dəfə o gözə necə baxaram –
İllah ki ruhun da baxa dalımca
Kimin halı olar mənim halımca?

Bu şeiri oxuyan kimi gözümdə yaş sel oldu. Bir insan kimisə itirmədən onun xofu ilə yaşayırsa bu necə şair olmasın? Başqa sevdiyim şairlərdən Zəlimxan Yaqubun adını çəkə bilərəm. Dilinin saflığı, şirinliyi, axar-baxarlığı, səmimiliyi insana zövq verir. Vaqif Səmədoğlunun, Məmməd Arazın, Ramiz Rövşənin, Nüsrət Kəsəmənlinin şeirlərini də qeyd etməliyəm. Çağdaşımız olan şairlərdən Elçin Mirzəbəyli, Şəhriyar del Gerani, Fərid Hüseyni bəyənirəm.

– Vətənin ağrı-acılarını təsvir etməklə yanaşı, qələbəyə, zəfərə doğru səsləyən şeirlərinizdən sizə ən doğma hansı gəlir?
– Ən doğma şeirim "Darıxıram, ay ana” şeiridir. Canım onun üçün and yeri idi. 10 ildən sonra dünyaya gəldiyim üçün çox sevərdi məni. Deyə bilərəm ki, öz istəyimə görə yox, onun istəklərinə görə yaşamışam. Hətta ondan ötrü öz arzularımı ürəyimdə dəfn etmişəm. Ona bağlı olmağım, bəlkə də atamı tez itirməyimlə bağlıdır.

Səndən aldığım dərslər
Hər gün gəlir dadıma.
Sənsiz qar yağıb
Gül açan baharıma
Darıxıram, ay ana.

– Sifarişlə və ya hansısa müsabiqəyə təqdim etmək üçün şeir yazmısınız?
– Həyatımda bircə dəfə sifarişlə şeir yazmışam. Əslində onu heç sifariş də adlandırmaq olmaz. Nahid müəllimin xahişi ilə "50 yaşım” şeirini qələmə aldım. Nahid müəllimlə jurnalın növbəti sayını hazırlayarkən dedi ki, yaşına aid bir şeir yaz. Firuz Mustafa deyir ki, qadında gərək elə bir cəsarət ola, yaşını etiraf eləyə bilə. 50 yaş mənim üçün uşaq vaxtı çox uzaq kimi gəlirdi. Yaşın üstünə yaş gəldikcə insan bunu hiss etmir. Amma qaçılmaz reallıqdı.

– Milli qürurun, mərdliyin aşılanmasında, sizcə, vətənlə bağlı olan poeziyanın rolu nə dərəcədədir?
– Vətənpərvərlik hisslərinin aşılanmasında poeziyanın rolu əvəzsizdir. Böyük Vətən müharibəsi vaxtında yazılan şeirlərin ön və arxa cəbhədə vuruşan əsgərlərdə necə bir ruh yüksəkliyi yaratdığı danılmaz faktdır. Günümüzdə bu mövzuda yazılan nümunələr yetəri qədərdi. Gənclərimiz milli ruhda böyüməli, hər zaman səfərbərliyə hazır olmalıdır. Amma döyüşkən poeziyaya da hər zaman ehtiyac var.

– Sizin baş redaktoru olduğunuz "Yada düşdü” jurnalı ilə Tehranda ana dilində çap olunan "Xudafərin” jurnalı arasında qardaşlıq körpüsü var. Bu əlaqələr haqda nə deyə bilərsiniz?
– Söz elə körpüdü. Bir dəfə Xalq şairi Nəriman Həsənzadə dedi ki, "Xudafərin” jurnalı o taylı qardaşlarımızın səsi-sədasıdı. Ana dilimizin çarçısıdı. Yaxşı olar ki, o taylı bu taylı iki jurnal-qardaş dərgilər Araz üstə körpü olmaqla yanaşı elə könüllərin də körpüsü olsun. Ağıllı məsləhətə, ustad sözünə nə deyəsən. O vaxtdan bəri iki qardaş jurnal tez-tez bir-birinin qonağı olur.

"Qoy birləşib bir can olsun
O sahil də, bu sahil də”.

İyul ayında "Xudafərin” jurnalının mənə həsr olunmuş xüsusi sayı işıq üzü gördü.

Söhbətləşdi: Xanım Aydın, Fərqanə Qədimova